Payız durnam, uçub getdin...bir də dönüb gələrsənmi? - Musa Yaqubdan yeni şeirlər

Bu da mənim gileyim...

Keçirəm dağdibi cığırlarımı,

Çəkirəm dərdimin ağırlarını.

Aman, təklikdir yandırır-yaxır

Cəhənnəm odundan ziyadə məni.

Deyərdim, dərdimin ayaqları var -

Qoymusan yollarda piyada məni.

 

Quşlarla tutarmı çiyindaşlığım?

Bəlkə ağacların, bəlkə çayların,

Mən kimin dalınca gedim görəsən?

Kim qoydu bəs məni, yetim görəsən?

Sözü eşidilmir qoca dərvişin,

Nə olar ələnmiş ələk olanda.

Qızılgül solursa, olmaya keşkə

Mən kiməm? Nəçiyəm?

Seyran demişkən:

Bankomat oluram gərək olanda.

Özgə nəfəsiylə isinmir ovcum,

Bir kəsim yoxdu ki, oyada məni.

 

Düz yola çıxıram, yolum əyilir

Budaqdan tuturam, qolum əyilir.

Daha söykənməyə dayaq tapmıram.

Sənsiz ruhumu da oyaq tapmıram.

Yarpağa dönürəm - yellər aparır,

Bütün sahillərim sürüşüb gedir.

Yuyur torpağımı, sellər aparır.

Bütün rahatlığım gedib əlimdən,

Bir ilin içində qocaldı kişi:

- Deyən, qız-gəlinin pıç-pıçı artır.

Hərə öz qabına bir qalay vurur,

Mis kasa azalıb, qalayçı artıb.

 

Qəribə dünyadır bizim dünyamız,

Hesabı azalıb, sayğacı artıb.

Bəd dili kəsməyə qayçı azalıb.

Doğmalar azalıb, yad bacı artıb.

Evdə eşidən yox qoca dərvişi,

O adam deyilmiş, adam elə bil.

Mən, o mən deyiləm, yadam elə bil

Ah, yenə göynədi bağrımın başı,

Bir stəkan çay ver,

- Görüm keçirmi,

Mən çaylağa düşən ildırım daşı,

Çöl məni yandırır, çölüm içimi.

 

Sandıq şeirlərim çıxıb yadımdan,

Doğmalar beləcə yadlanıb gedir.

Yığılıb bir mücrü yaddaşım gedib.

Sən yıxdın evimi, evi dağılmış.

Sənsiz yıxılmışı qaldırmaq olmur.

Yaxşını, yamanı aldırmaq olmur.

Bu necə dövrandır, bu necə yaşam?

Yolum haracandı, mənzilim hara?

Qoymusan yollarda piyada məni.

Bu necə dövrandır, bu necə yaşam?

Daha nə yoldaşam, nə çiyindaşam.

Rütbəsi alınmış əsgərəm, paşam.

Bir az sərsəriyəm, bir az sərxoşam.

Bir kəsim yoxdu ki, oyada məni.

Qoymusan yollarda piyada məni...

2019

Buynuz

 

Günəş haqqında ballada

Nə deyim, bu günün sehridir bəlkə,

Qızıl qüllələrdə durur bu ölkə.

Bu sehrin yanından Xəzərə baxdım,

Xəzərdə açılan səhərə baxdım.

Möcüzədir günəşin bu tilusu.

Elə bil gündoğanda,

Yanır torpaq, yanır su.

Doğ günəşim, doğ görüm!

Zülmətləri boğ görüm!

Çiling-çiling doğranıb,

Tökülür göy Xəzərə.

Bərq vurur ilk şəfəqlər.

Göy sularda çarpışır.

Hardan alıb bu rəngi?

Aləm qarışır, sanki.

Dəniz daşır, göy qopur

Yerlər-göylər baş əyir,

İşıq pəhləvanına.

Fırlanır bu dünyanın,

Nəhəng çarxı fırlanır,

İşıq çarxı fırlanır.

Birdən yapışır durur,

Göylərin tavanına.

Çıxır şah eyvanına.

Gəlin deyil, qız deyil

Bu nə göyçək oğuldu.

Doğ günəş, doğ günəş!

Zülmətləri boğ, günəş!

Buludları ərit gəl,

Öz qüvvəni yerit, gəl!

Çıxdı hədəqəsindən,

Tabağlandı böyüdü.

Aləm qaldı sehrdə.

Ocağımız yanacaq,

Kişi çiyinlərində.

Allahın əlindədir,

Dünyamızın ən böyük,

Yarımdünya çələngi.

Göyümüzün nəhəngi,

Yerimizin gül rəngi.

Eh, günəşin yanında

Bənzəyən, bənzədilənlər yalan

Nə oxşatmaq, nə filan.

Şüası xalça-xalça,

Üfüqləri bəzəyən

Sən ey göyün, yerin

Həm ərşin, həm də sübhün günəşi

Allahdan almısanmı

Bu ahəngi, bu rəngi?

Yarımdünya çələngi.

Səninlədir nəzərim,

Par-par parıldar yanar.

Naxış-naxış dalğalar

Bu naxışa həmişə,

Güzgü tutar Xəzərim.

Başqasıyla nə işim?

Eh, canımda atəşim.

Baxıram ki, yolların

Uğurlu yol olacaq,

İşığın bol olacaq.

Qəzəbliyə, qəzəbin,

Əsəbliyə, əsəbin,

Yaxşılara, yaxşılığın,

Qoy olsun!

Aləmlə, kainatla

Ömrün boya-boy olsun.

Ey günəşim, günəşim,

Ey müqəddəs ocağım.

Xaqani demişkən:

"Düşmə ayağına hər cür alçağın".

 

Babadağda gecə yarı

Salavatgahdan çıxıb

Ey ulu günəşim, ulu günəşim!

Tanrının yoludur, yolu günəşim.

Əkin-biçin vaxtını da bilirsən,

Suleymanın taxtını da bilirsən.

Ey, ulu günəşim,

Dan yeri ağarır...

Səhərim, Xəzərim.

Sizə salamlar.

Yəqin ki, şairin

Salamını alarlar.

Mən də Babadağında,

Bu ilkin sübh çağında,

Ziyarət yolunda,

Uğurlu yolum.

Salam, ey Xəzərim!

Salam, ey ulum!

Salavatgahdan keçib,

Salavat çevirdim, bir də günəşə.

Gözəldir bu dağın axar-baxarı.

Çağırır babamız,

Gəl-gəl yuxarı!

Günəşə, Xəzərə ilkin ziyarət.

Xoşdur bir səfərdə iki ziyarət.

Yəqin bilmişəm qədrini onda,

Göylər qızılıdır,

Üfüqlər alışmış qırmızı donda.

Üfüqlər şüanı ötürür ərşə,

Salavat çevirdim, bir də günəşə.

Xəzər qırçım-qırçım,

İlmə-ilmədir.

Naxışlar məni də,salır ilməyə,

Nə vaxtsa gələrəm bura ölməyə.

Qalxıram-enirəm, eniş-yoxuşu.

Anam da, mənimlə gedir yanaşı...

Günəş haqqında

Nağıl söyləyir anam,

Mən də  günəşimə,

Ana deyirəm.

Yetməz bu sevdalar,

Sona deyirəm.

Ey böyük nəhəngim,

Qırxqanad çələngim..

Doğ görüm, doğul görüm!.

Həmişə Xəzərimdən,

Doğulan oğul görüm...

Mərkəzi klinika

Bakı

Ömür neyçin belə olsun...

Ocaq-ocaq yanır ahım,

Görən varmı bir günahım?

Aman, Allahım, Allahım,

Ömür neyçin belə olsun?

Bir tərəfdə ölüm-itim,

Hardan gəldim, hara gedim?

Sızlayıram yetim-yetim.

Ömür neyçin belə olsun?

 

Tutdum Tanrı ətəyindən,

Mən zamanın yedəyində,

Bezdim namərd kötəyindən,

Ömür neyçin belə olsun?

 

Hanı bəy, xan? Hanı sultan?

Rütbəsini aldı dövran.

Ha üyüdür bu dəyirman,

Ömür neyçin belə olsun?

 

Eşqdə məni oyandıran,

Bir tərəfdə mən yanıram,

Bir tərəfdə o yandıran -

Ömür neyçin belə olsun?

 

Çox sualın cavabı yox,

Göydə mələk əzabı yox,

Yerdə məzar hesabı yox -

Ömür neyçin belə olsun?

21.10.2019  

Buynuz

 

Payız durnam

Payız durnam, uçub getdin,

Bir də dönüb gələrsənmi?

Sən dönəndə mən olmasam

Ruhum ilə gülərsənmi?

Ey bizlərdən təmiz vücud,

Könlümü ardınca uçurt.

Yerin xəzəl, göyün bulud -

Mənzil-mənzil bölərsənmi?

Ey hər göldən şəkər dadan,

Buluda baş qoyub yatan.

Mən qanadsız piyadadan

Durub dilək dilərsənmi?

Nə bir mənzil vurduq başa,

Nə gün gördük gəlsin xoşa

Heç qoşalar uçmur qoşa,

Tənha uçan tək sənsənmi?

O, istəyir dönə məndən,

Gedib ki, gizlənə məndən.

O, adı gizlinə məndən.

Bir çınqı söz söylərsənmi?

Azalıb mehri dünyanın

Çəmi yox qeyri dünyanın.

Yolları əyri dünyanın

Keçidlərin bilərsənmi?

Aclığın rəngi

Sərbəst şeir

Bir dayı vardı,

Adı Mənsur.

Deyirlər adamın

Üzünü gör, halını sor

O, sütül bir oğlan,

Mən uşaq.

Amma sözümüz bir,

Sirrimiz bir,

Hər işdə əlbir.

Çox sevirdi uşaqları,

Məni daha cox.

Amma başqa idi

Zamanın axarı

Dərd böyük, çarə yox

Füzuli demiş,

Dərd çox, dərman yox.

Dövran qəvi, tale zəbun,

Aclıga varmı tabun?

Bir yandan da

Ölüm, ayrılıq

Bu səhər Ayna öldü dedilər,

Ölkə yaraşığı, ellər gözəli,

Tut ağacının koğuşunda,

Lap erkən yaşında,

Gözümüzün qabağında.

Bircə tikə çörək üçün

Öldü elin Aynası,

Sındı könlümüzün aynası.

Acından ölənə bax,

Gözələ bax,

Bizdən iraq olsun,

Bu dərdi təzələ bax,

Gör nə rəngdədir

Aclığın rəngi.

Heyif, o ala gözlərdən,

Dünyadan doymayıb,

Gözü acıq.

Mənsurdan işarə gördüm

Gözlərinin ağında.

Ölkə Aynasız deyil,

Ata-anasız deyil,

Ata-ananın da

uzanan əli yoxdur,

Desin: - Bala,

Ala, bu tikəni ye,

Bizə çox sağ ol de.

Meşəmizdə qurdlar daraşıb yarpağa,

Kişilər güllə əkir torpaga,

Analar, bacılar dərd çəkir,

Dərd çox, dərman yox,

Dövran qəvi, tale zəbun,

Aclığa varmı tabun?

Belə gündə nə məhəbbət?

Bəlkə də, qınaq idi, yasaq idi.

Bu dövrün aşiqləri

Yəqin ki, kama yetmədi.

Mənsur da o gecə, gizlicə,

Tut ağacına dəyəcəkdi,

Əli boşdur getmədi,

Yeniyetmə məhəbbəti dəhşət imiş

Bəlkə zordur, zor

Kərəm kimi od tutubdur

Dayım Mənsur.

Qoy onu heç görməsinlər, bilməsinlər,

Axı indi vətən üçün,

Torpaq üçün yanmaq olar;

Kərəm kimi yanmaq

İndi qınaq olar.

Göz yaşları tökülürdü birər-birər

Amma elə işıqlıydı, gümüşüydü,

Üzündə yaş görünmürdü,

Ağlamırdı, əriyirdi gilə-gilə.

Elə cürə yanğılıydı

Gilələri düşsə yerə

Çiçək üstə dönər külə.

Elə bil ki, partlayacaq

Alışırdı ocaq-ocaq

Qəlbi cızdağ, ruhu cızdağ

Mənsur üçün yaşamaq

Gün nə üçün, ay nə üçün,

Yox, bu gecə getsə idi görüşünə

Ölməz idi tut ağacı

Sən də ağla Ayna üçün

Bəs içimi yandırmayım, ah, nə üçün?

Görməsinlər, bilməsinlər

Gözlərini dikdi mənə,

Öpdü məni dönə-dönə

Bacıoğlu, salamat qal.

Deyib getdi.

Gözüm qaldı arxasınca

Özüm getdi, gözüm getdi,

Ay ürəyim, sən hardasan?

Bəlkə elə Allahımız

Özünün cənnət ölkəsində

Birləşdirib nakamları.

Ruhları şad, üzü gülərdilər.

Bəxtəvərlər, bəxtəvəri,

Bülbüllərdi, güllərdilər.

Eh, nə deyim,

Gözüm qaldı bu yollarda,

Bütün aeroaportlarda,

Qatarlarda gəzir gözüm,

Əsgərlərin sırasında,

Turistlərin arasında,

Çox ölkənin yarısında

Qalıb gözüm.

Avtobusa minənləri,

Düşənləri izləmişəm.

Səhv etmişəm, oxşatmışam.

Amma, yenə gözləmişəm.

Bu itkinlik iraq səndən,

Heç almadım soraq səndən.

Sənin adın olan yerdə

İllər susur, ömür susur,

Zaman susur.

Bizi belə günə salan

Canilərdə susur hələ.

Sən hardasan dayım, Mənsur?

Axtarıram, izləyirəm,

Eh, bəlkə də...

Oktyabr, 2019

 

Diri məzar

Səfasından səfalanan,

Səfasından şəfalanan

Bulağımız vardı bizim,

                        indi yoxdur...

Qədirbilməzlik etmişik,

Yəqin, bizdən küsüb gedib.

Yer altına sızıb gedib,

Öz qəbrini qazıb gedib.

Bizim günəş ölkəsində,

Villaların kölgəsindən bezib gedib.

Adı nədir? - İstisu,

Bizi bizdən qoparma

Ay İstisu bulağım,

İstimizi aparma,

Səfamızı aparma.

Müqəddəs ocağımız,

Kim söndürdü bu ocağı?

Sən ana qucağısan,

Soyutma bu qucağı.

Adın qalsın deyiblər,

Bu qarğışdı bulağım!

Şair səsləyir səni,

Bu çağırışdır bulağım.

İnsanlağın aləminə qayıt gəl,

Balaların qələminə qayıt gəl.

Göydə mələklər, ruhlar yaşar,

Sən də yerin təkində, ölməmisən dirisən,

Sən də həmin mələklərin birisən.

Sən ey daşlı bulağım,

Daşında çiçək bitir.

Ruhumuzu ayılt gəl.

Balışa öyrətmə bizi,

Sən ey ana qucağı.

Südün halaldan halal,

Qayıt, balalar gəlir,

Malışa öyrətmə bizi.

İstisu kənd məktəbi -

Kənd yaşadır adını,

Məktəb saxlar adını.

Öz adına qayıt gəl,

İnsanlığın həyatına qayıt gəl.

O qaynayan quyun hanı?

Deməzlərmi,

Adın qalıb, suyun hanı?

Könlüm mehri,

Göyün sehri,

Yerin piri.

Dönüb geri,

Qayıt gəl...

15.10.2019

Buynuz

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!