Dərkində deyildi nağılçının uydurub danışdığı... - Fəxri MÜSLÜM - şeirlər

Qarabağ

Bu divarı, bu buxarı nəm tutdu,

Kövrəkliyi, bu ovxarı qəm tutdu,

Beynimizi zəhər tutdu, dəm tutdu,

Özgələrə yol-iz oldu Qarabağ.

 

Qəribliyin beli bükük üzündə,

Doluxsunub ala bulud gözündə,

Dadı-tamı heç qalmadı sözün də,

Canımızda söz-söz qaldı Qarabağ.

 

Günəş yarı, Ayı yarı göyündə,

Dərdi dağtək qalaqlandı öyündə,

Heç açılmır hər yasında, düyündə,

Göz görəcə göz-göz oldu Qarabağ.

 

Körükləndi oda döndü kürəklər,

Öz yağında yağa döndü ürəklər,

Çatdırmadı, boşa çıxdı kürəklər,

Yanar dağtək köz-köz oldu Qarabağ.

 

Sular durdu, ölü düşdü balığı,

Yurd yerindən didərgindi xalıqı,

Kara gəlmir nə bayatı, nə ağı,

Sinələrdə,

Biz-biz xaltək, biz-biz qaldı Qarabağ.

 

Ot yerinə dərdi göydü yaylağın,

Gülü göydü hər səyanın, hər ağın,

Gülü göydü hər danlağın, qınağın,

Yad əllərdə,

Beş oyuldu, yüz oyuldu Qarabağ.

 

Qara basıb sınmaq bilmir tilsimi,

Yaşmaqlanıb Nəbatısı, Gülsümü

Dəmə tutdu hər tarında hər simi,

Seygah üstdə

Heykəlləşib buz-buz qaldı, Qarabağ.

 

Qara gözün qarasında eşq ölü,

Neçə mərdin damarında məşq ölü,

Dərd içirir Ağdərənin dağ gölü,

Yüz arzudu, yüz xəyaldı Qarabağ.

 

Üzü bəri gəldiyimiz yol incik,

Küskünlükdən dağlar incik, yal incik,

Dan üzünün bənövşəsi, gül incik,

Hər yoluğa yüz qıyıldı Qarabağ.

 

Yaz qarışıb, bahar itkin, yay itkin,

İşə bax sən, ox atmağa, yay itkin,

Mərdsayağı hoylanmağa, hoy itkin,

Gec oyandı, gec ayıldı Qarabağ.

 

Adam bilmir hardan gəlir gülləsi

Arzu-ümid perik düşər yol-izdə,

Köpək içli, çaqqal içli,

Qoyun üzlü adamların əlindən.

Sapa yatmaz bu yaddaş da, bu söz də,

Elə bil ki,

Kilidlənər, düyünlənər dilindən.

 

Gecə-gündüz, başdaşıtək, dikələr,

dik durar,

Kal, dəlisov hisslərimin içindən.

Ağrıların hər üzündə yük durar,

Ağrıların hər üzündə göz yaşı

göy əsgitək,

Canım üstdə,

Burumlanar tüstülərin içindən.

 

Sırğalanar ağır-ağır,

Qurğuşuntək qaranlıqlar

Çəpərsayaq kirpiyimin ucunda.

Haqqın səsi baş aldadar,

Daş aldadar kirkirənin

Tora tutmuş örpəyinin

Sağa-sola sərpəyinin ucunda.

 

Başa bax sən,

Yaz kimicə selə-suya qarışar.

Arabir də,

Ona-buna gül olub da, gün itər.

Arabir də,

Ona-buna yön olub da, havayı,

Ayım-günə, günüm-aya qarışar,

Həndəvərdə yöndəm itər, yön itər.

 

Obaş laltək, axşam laltək, ömür dəm,

Vaxt kağıztək,

Vərəqlənib qara çıxar, ağ çıxar.

Ayaq alıb qopmaq bilmir cəhənnəm,

Sanki canı, üç qulaclıq,

Beş qulaclıq kəfən sıxar, ağ sıxar.

 

Yol qırağı gül-çiçəyə yan alar,

Dərələrin dərinliyi dərd üstdə.

Könül elə, buludunda yanılar,

Hönkürtüsü, ah-naləsi

Əsir düşmüş, tapdaq olmuş yurd üstdə.

 

Adama bax, qoltuqlanıb,

Qoltuqaltda yurd salıbdı mizində.

Etiqadı, imanı yox, dini yox.

Kif qoxuyur, kül qoxuyur izində,

Yekəxana gəzməyi var,

Gecəsinin, gündüzünün önü yox.

 

Adam da var, yoxdan gəlir gülləsi,

Bir də gördün, canın üstdə, can çəkir.

Tutur onu yaz ağzının çilləsi,

Elə bilir səhər çəkir, dan çəkir.

Adam bilmir hardan gəlir gülləsi...

Gəldim

Zınqrovlu, səsli,

Gəcavəm, karvanım özümdən keçdi,

Özüm öz səsimə tutulub gəldim.

Oyunlar oynanır, hava dəyişkən,

Yüz yerdən yüz simə tutulub gəldim.

 

Cütün şum izini,

Torpaq əvəzinə daşa çəkdilər,

Yazı alındadı,

Yarımçıq başlara, qaşa çəkdilər,

Ölümü-itimi,

Quş ölümü bilib, quşa çəkdilər,

Qəzəbə, hirsimə tutulub gəldim.

 

Yol-iz damarımda qaraldı bir az,

Payız gözlərimdə saraldı bir az,

Əhvalım söz üstdə yer aldı bir az,

Özüm öz pəsimə tutulub gəldim.

 

Canım dərd içindən göyərib bitdi,

Zaman dəyirmandı,

Fırladıb oxunda dəntək üyütdü,

Ocaq, korun-korun, köz olub ötdü,

Narın tüstüsünə tutulub gəldim.

 

Ömür çuval deyil,

Qavqara hər duzsuz sözü, deyimi,

Antikvar sayağı,

Hələ ki, itməyib

Yüzlərlə çiyinin,

Gümüşü səhəngi, mis-mis güyümü,

Alıb kürəyimə,

Bu könül öyümü, bu can öyümü,

Özüm öz kürsümə tutulub gəldim.

 

Oynayırdı

Sanki

külək, meh ağzında çiçək əsirdi, gül əsirdi,

qabaqlayıb rəqsin ritmlərini

havanı göydə

kölgəni yerdə kəsirdi.

Özündə deyildi,

sanki

özü oynamırdı,

havanın ritmləri

necə yerimişdisə sümüklərinə,

sümükləri oynayırdı, ruhu oynayırdı,

elə bil nişangaha tuş gəlmiş ox oynayırdı,

yay oynayırdı.

Bu qadın oynayırdı,

"Ruhani" havasına,

girmişdi özü, özü ilə öz savaşına.

Oynayırdı,

torpağı, yurdu getmiş

və üstəlikdə,

qarşısında yırğalanıb qol açan,

gərilən, şıdırğı gedən

kişilərin acığına.

Vətəni, yurdu yox,

Təkcə özünü düşünüb,

Özü ilə işi olanların acığına.

Oynayırdı,

ancaq kirpiklərindən kədər asıla qalmışdı,

qəm asıla qalmışdı

dərd asıla qalmışdı.

Oynayırdı,

ancaq,

həmin rəqs üstündə

gah çömbələn,

gah da, ordunu,

qarınını köpürdüb dik duran zurnaçının,

zurnadan üfürdüyü

və rəqsə çevrilmiş bu havanın da,

salonqarışıq başına aldığı tavanın da,

heç fərqində deyildi.

Oynayırdı,

Ümidinə bel bağlamadığı,

yuxusunun da, çin olmadığı

neçə illərin həsrətini,

ağrısını canında yaşaya-yaşaya,

daşıya-daşıya.

Oynayırdı,

acığa oynayırdı,

geyindiyi qırçın donun

rəngqarışıq saplarından

neçə-neçə şəhid,

neçə-neçə əsir,

neçə-neçə dağılmış evlər,

viran qalmış yurd asılmışdı.

Oynayırdı,

sanki,

külək, meh ağzında

çiçək əsirdi, gül əsirdi.

oynayırdı

qarşısındakı əzilən-büzülən

kişilərin acığına.

Oynayırdı,

ancaq, bağırı ürəyinin başını kəsirdi.

Qəzəbi,

qeyrəti gözlərinin yaşını...

Sığınıb sarılmışdı

Başını,

anasının

yarıçılpaq çiyninə

söykənc etmişdi,

köksü,

vura-vura, ata-ata,

mışıl-mışıl yatırdı,

elə bil havanın tutumundan

yuxuya getmişdi,

dünyadan xəbərsiz-ətərsiz.

Təpmişdi,

yan-yörədə oturanların alnına

dünyanın ağrısını-acısını.

Hərdən də, oyanıb ayıq-sayıq

özünü ora-bura dartıb səs salırdı,

ya da, anasının mis rəngli

sarışın saçlarına sarılaraq

yuva quşlarıtək,

darıla-darıla nəfəs alırdı,

gah da,

bir-birinə bağ olmayan

toppuş əlləri dolaşırdı

anasının gah saçında,

gah çiynində, kürəyində.

Geyimi-kecimi də,

şəhid vermiş yurdun, vətənin

ürəyinin başına yaxın

                        əsgərsayaq geyimində.

Hələ, nağılı anlayan vaxtına varıydı,

Hələ, dünya onun üçün alatoran, qaranlıq,

istiyə, soyuğa, çənə, dumana sarıydı.

Dərkində deyildi

nağılçının uydurub danışdığı

və göydən düşən üç almanın

nə payına, nə də sayına.

Anlamadığı,

maraq dolu heyranlıqla

dumanlı-dumanlı baxırdı

oturanlara, duranlara,

gedənlərə, gələnlərə.

Baxırdı,

Tanrı inancını,

Allah inancını bilmədən hələ.

Baxırdı,

şamanlığa, budpərəstliyə

xristianlığa, müsəlmanlığa gəlmədən hələ.

Baxırdı,

dinin,

dinsizliyin anlamında deyildi.

Sanki hər şeyi ağlaya-ağlaya,

ya da əyləndiyi,

uşaq oyuncağına sevinə-sevinə,

gülə-gülə anladırdı

Üstəlik də,

Başının altına mütəkkə etdiyi,

yastıq etdiyi,

balınc etdiyi

və qolları arasına sığındığı anasının

çiyinlərinin daşıdığı yükün

fərqində deyildi.

Heç, bu dünyanın kiçikliyinin,

böyüklüyünün qavramında,

qədərində də, deyildi.

Nə olumun,

Nə ölümün hesabı soruşulmurdu ondan.

Təkcə,

Aydan,

çeşmədən dupduru alıb-verdiyi nəfəsi,

dan üzünün çiçək şehinə,

gül şehinə dönmüşdü anasının çiynində.

Hərdən,

Özü də bilmədən, mədəsi qıcıqlananda

ağlaya-ağlaya,

dartınıb rahatlanırdı

anasının dopdolu sinəsində,

ya da, aldanıb atılıb-düşür,

atdanırdı

polis fitinə oxşayan

yarı sarı, yarı bozumtul

içi boş əmziyinin çevrəsində.

Hakim olub səssizliyinə,

sığınıb sarılmışdı

dünyanın ən böyük ucalığının çiyinlərinə,

söykənmişdi uşaqlığının,

körpəliyinin çəlimsizliyinə.

Baxırdı,

Suriyada güllə yağışı altında

qalan uşaqlardan xəbərsiz.

Baxırdı,

Şuşasız, Qarabağsız

doğulan uşaqlardan xəbərsiz.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!