Məmməd Arazdan yadigar şeir

 

İsa Həbibbəyli dadaş, salam!

Göndərdiyim şeir 1987-ci ilin avqust ayında yazılıb. Qarajda konfet qutusuna yerləşdirilib. Bu günlərdə təsadüfən qarajdan şompul axtaranda içi dəmirlə dolu yeşik rast gəldi. Çevirdim, içinə baxam, çürümüş konfet qutusu gözümə dəydi. Elə bu an 1987-ci il avqust ayı yadıma düşdü. Məmməd Araz  bu dəftəri mənə təqdim edəndə dedi ki, yuxarıya şikayət ərizəsi yazmışam. Sonra baxmalıyam. Bəlkə poemaya çevrildi. Dəftəri qarajda gizlətdim ki, ələ keçməsin. İndi 30 ildən sonra dəftəri tapanda oxudum ki, Məmməd Araz Sizə şeir həsr edib. O bu barədə mənə demişdi. Hər şey yadıma düşdü. Onun Sizə yazılmış başqa bir şeiri də var idi. Mənə oxumuşdu. Axtarıram.

Mən bu hadisəni olduğu kimi iki qoşa vərəqə yazmışdım. ...Saat 2.30 - iynə vurulan damarım zədələnmişdi, ona konfra etmək istəyəndə spirt tökülüb yazını korladı.

Şəklini çəkib Sizə göndərirəm.

Məmməd Arazın şeirini də məktuba əlavə edirəm.

Hörmətlə, Cəfər həkim

Məmməd Araz

Əzizim İsa Həbibbəyliyə

Böyük alim və qardaşım,

Qəlbşünasım, bir alimsən.

Yer üzündə Cəlil-Cavid,

Dahilərlə bir aləmsən.

 

Tarixlərin özəyindən

Sən onları araşdırdın.

Əcəminin köz əlini

Naxçıvana yaraşdırdın.

 

Neçə-neçə şərqşünası,

Neçə-neçə qərbşünası

Əsir etdin qələminə -

Vurğun olduq aləminə.        

***

Marsa uçaq gəl mənimlə

Onları da salamlayaq.

Mənim Araz qələmimlə

Mağar quraq, orda qalaq.

 

Yox, sən qayıt ana yurda,

Mənsə burda qalasıyam.

Məmməd Araz qələmilə

İnfil bağı salasıyam.

 

Bir yaxşı bax: hər yerdəyəm,

Həm yerdəyəm, həm göydəyəm.

 

Yerdə dolan məzarımı,

                        İsa qardaş!

Göydə seyr et gülzarımı,

                        İsa qardaş!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!