Gənclik ömrün yaz çağıdır, qocalıqsa qış yuxusu... - Xalidə Hicran SEYİDOVA

 

Ürək köz-köz yanar dərdiylə, heç büryanə mən sığmam,

İki hicran sığarsa məndə, bir Hicranə mən sığmam.

 

Qələm israrlı yazmaqda, fəqət həsrət olur hasil,

Vüsala hicran hakimdir, gələn fərmanə mən sığmam.

 

Üzüm tutdum, o loğmanə, məni fərz etdi divanə,

Əl atdı çarə-dərmana, dedim, dərmanə mən sığmam.

 

Darardım qarə tel-tel, ağlayıb küsdanə bənd etdim,

Halım pisdir, qəmim gizli, açıb pünhanə mən sığmam.

 

Bəniz solğun, könül darğın, yolum çovğun, dizim yorğun,

Nə fənd qurmuş bu dünya bilməm heç ünvanə mən sığmam.

 

Başım uca, qolum qoynumda, şer yazdım özüm boyda,

Bu dünya boyda qəlb ilə, kiçik bir canə mən sığmam.

 

Nəsiminin gəzər dillərdə şeri, fəth edər qəlbi,

İki dünyaya sığmazkən o, bu meydanə mən sığmam.

 

Yaşıdam tarixə, şanım, adım aləmləri tutmaz,

Tərifə boş verin, əsla, cəlala, şanə mən sığmam.

 

Dedim öz dərdimə ağı, yaram dərin, fərağ acı,

Asandır hicranın dağı, yalan, böhtanə mən sığmam.

 

Yarıdan yer yarılsa, gen cahanı dar olar, ağlar,

Deyər Xalidə Hicran ki, belə zindanə mən sığmam.

Dərya olsa

Dərya olsa həyat eşqin, quruyacaq bir gün o da,

Gəncliyin də əldən gedər, həzin-həzin düşər yada.

 

Bir damcı suyu qalarmı o dəryanın, o behiştin,

Köçüb gedər qəm karvanın, kəcavədə nakam eşqin.

 

Gələr ömrün ahıl çağı, yada düşər xatirələr,

Həsrət çəkər ürəyinə uzaq sevgi dolu günlər.

 

Bir qızılgül butasıdır, açar, yayılar qoxusu,

Gənclik ömrün yaz çağıdır, qocalıqsa qış yuxusu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!