Gözəldir sevginin bəhrəsin görmək... Biz o sevgilərdən niyə olmadıq? - Gülay Bəbirli - şeirlər

Qar adam

Tərtəmiz qar yağır sevgimin üstə,

Bir uşaq o qardan adam düzəldir.

Yuxuya nağıla, bənzəsə belə,

Gözəldi, gözəldi, yenə gözəldi.

 

Qar adam, donuram, gəl sarıl mənə,

Qorxma əriməzsən, sevgimə sığın.

Gəl bir az yaxınlaş, sarıl çiynimə,

Bələnim ətrinə uşaqlığımın.

 

Qar adam donuram, gəl sarıl mənə.

Sevgi alovuyla isinək bir az,

Yeni ömür versin, ruh versin mənə

Soyuq nəfəsinin gətirdiyi yaz.

 

Gör necə ürəkdən aşiqəm sənə,

Necə də xoşbəxtəm sənin yanında

Qar adam, yox səndən hərarətlisi

Bu kövrək, kimsəsiz, tənha halımda.

 

Ola bilmədik

Gözəldir yarının uğrunda ölmək,

Bir candan, bir ruhdan, bir qəlbdən gəlmək,

Gözəldir sevginin bəhrəsin görmək...

Biz o sevgilərdən niyə olmadıq?

 

Ruh kimi axasan kövrək qəlbinə,

Biləsən nə deyir yarın qəlbi, nə?

Yuxuda əllərin dəyə əlinə...

Biz o sevgilərdən niyə olmadıq?

 

Gəl ümid yeri ver mənə bir əlçim,

Dirilik suyutək götürüb içim,

Simalar içindən simanı seçim...

Biz o sevgilərdən niyə olmadıq?

 

Günah səndə deyil, bəlkə məndədi?

Bu sevən ürəyim yenə qəmdədi

Gəl, səbrim-qərarım son həddindədi,

Biz o sevgilərdən niyə olmadıq?

Səma

Elə bil bu göylər məndən inciyib,

Masmavi gözünü qaçırdır elə...

Pəmbə buludları çəkib üzünə,

Nə qədər kədərli olsa da belə.

 

Əzəllər necə də yağmuruyla,

Bütün günahı yuyardı yağış.

O şıltaq mehriban damcılarıyla

Bizi oxşayardı, duyardı səma.

 

Mən o yağmurlarda batmaq istərəm,

İstərdim qərq olum sərinliklərə.

Mənə bir xoş nəzər yetir, ey səma,

Götür sevgi adlı dərinliklərə.

 

Gəl yenə, yorğanım, yastığım ol sən,

Başımı rahatca qoyum sinənə.

Sevgi istəmirəm, sevgidən keçib,

Varınsa bir ovuc güvən ver mənə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!