Rus şairin duaları... - İbrahim İlyaslının tərcüməsində

 

Sergey Dmitriyev

10 iyun 1959-cu ildə Novqorodda doğulub. Şair və naşir, fotoqraf-rəssam və səyyah, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisidir. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. 1981-ci ildən 1994-cü ilədək "Gənc Qvardiya" nəşriyyatında işləyib. Kiçik redaktordan nəşriyyatın baş redaktoru vəzifəsinədək yüksəlib. Hazırda "Veçe" nəşriyyatının baş redaktoru vəzifəsində çalışır. 1989-cu ildən tarix üzrə fəlsəfə doktorudur.

Möminin duası

Mənə həm güc, həm səbir ver,

Həm lütfdən varını.

İnsanlardan əsirgəmə

Layiq olduqlarını.

 

Qalanlara uzun ömür,

Gedənlərə min rəhmət.

Aclara doyunca çörək,

Varlılara mərhəmət.

 

Xəstələrə, ümid, inam,

Dərdlilərə dözüm ver.

Gənclər həddini bilsinlər,

Uşaqlarla özün bil.

 

Mənə ixtiyar ver, Tanrım,

Sənə dualar edim:

Qoy kainat əbədiyyən

Sevgi ilə süslənsin.

***

Nə əvvəl var, nə axır var,

Var olan bu - hərəkət.

Hamı Allahın altında

Gəzir ömrə bərəkət.

 

Nə ölüm var, nə də sərhəd,

Adidən əbədiyə.

Sonsuz dünya qarşısında

Dayanıram səcdəyə.

 

Qınağımız, qeybətimiz -

Əbədiyyət qazanmaq.

Sevgi, övlad, roman, sonet -

Zövqümüzcə yaşamaq.

 

Nə anlarıq, nə duyarıq

Göylərin diktəsindən:

Boş-boş şeylər, yoxsa da ki,

Ünyetməz ulu sirlər?!

 

Biz nələrdən zövq alırıq

Sirli günlər selində...

Əfsus, ya sel, ya da tüstü

Od tutan planetdən.

 

Nə başlanğıc, nə də son var,

Bircə şey var - həyəcan: -

O da Allah qarşısında

Qaçılmaz bir imtahan...

Milad

Meşəyə olmayan bir sükut çöküb,

Duyulur ələnən qarın səsi də.

Elə yorğun düşüb ürəyim bu gün,

Aramla döyünər qış gecəsində.

 

Şamlar bürünüblər qar örtüklərə,

Arada dolaşan səksəkələr var.

Yenə uşaqlıqda duyduğumuztək

Sözsüz nəğməsini ötür çovğunlar.

 

Gecə ağuşuna alıb dünyanı,

Hər tərəfə zülmət qaranlıq çöküb.

Ancaq ki, yenə də ülkər çıxacaq

Bir azdan gecənin bağrını söküb.

 

Bu həmin ulduzdur əsrlər boyu,

İlahi varlığı anladır, bilək...

İnsanla bir gündə doğulub, sanki

Yerdə insanlığın xilaskarıtək.

***

Göylərdən gələn paya

Şükür deyib, kama yet.

Nə ağır günə söylən,

Nə qışından giley et.

 

Taleyin tufanı da,

Dənizin dalğası da,

Ürəyin yarası da,

Kədəri də, yazı da.

 

Tərəddüdlü anlar da,

İnamlı addımlar da,

Əhvalın hər cürü də,

Dan da, qaranlıqlar da.

 

Tənhalığın zülmü də,

Sevgi uçuşları da,

İllərlə ayrılıq da,

Sərt döngələr varı da.

 

Nəhayətsiz yollar da,

Könül rahatlığı da,

Allahdan ərməğandı,

Səninlədir axırda.

 

Sadəcə

Sadəcə ol, gözünlə gör

Başın üstə səmanı.

Heç kimə nifrət eləmə,

Özün özünü tanı.

 

Sadəcə düşün və eşit,

Xatırla və nəfəs al.

Göydən gələn ərməğanı

Dəyərləndir, fikrə dal.

 

Say günləri, say illəri,

Taleyinə şükr elə.

Darda, çətində olsan da

Çalış gətirmə dilə.

 

Sadəcə yaşa və inan,

Həyat bir möcüzədir.

Biz yalnız addım atırıq,

Gələn göylərdən gəlir.

Rus dilindən tərcümə edən:

İbrahim İlyaslı

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!