Mən bu şeiri sənə yazıram - Əfqan şairi İlyas Ələvinin şeirləri Ümid Nəccarinin tərcüməsində

 

İbrahim, sən qəmləri qıra bilməzsən

və baltanı ən böyük qəmin üstünə qoyub

sonra Allahınla birlikdə gülə bilməzsən.

Sən yalnız "Okanol"da kiçik bir restoranı

                                      süpürə bilərsən

Və hərdən bir qızcığaza göz vura bilərsən.

 

Yox, mən həmin İlyas deyiləm ki,

hələ də canı var

və böyük dənizlərə hakimlik edir.

Mən yalnız bunu edə bilərəm ki,

Depressiya dərmanlarımı unutmayam.

və muğayat olam ki,

sərxoşluğum şəhərin ətrafına yoluxmaya.

 

Qaranlığın davamı var

gəl dodaqlarımızı yandıraq.

Sərgərdan ruhumuzu göy üzünə göndərək

Bulud olsun

Yağsın

və bizi darıxan qarışqacıqlar təki

                                       içində boğsun.

Bəli...

Gərək hərdən xəyalpərəst olam.

 

İbrahim,

Biz kitabsız, çörəksiz,

                  məktubsuz peyğəmbərlərik ki,

səhərləri gecənin ac qoynunda

                                     yuxudan ayılırıq.

Alnımızın qırışlarını ütüləyirik

Və qonşunun xoşbəxt İsmayılına gülümsəyirik

Bəli...

Yaxşı olar, hərdən yalan danışaq!

 

Dənizə baxdığında

dəniz də səni izləyir.

Yaxınlaşma,

qorxuram,

ola bilər qollarını açıb

səni özü ilə aparmaq istəyər.

***

Qırmızı köynək sənə yaraşır,

yoxsa sən qırmızı köynəyə?

Külək tumurcuqları barlandırır,

yoxsa sənin gözəlliyini?

Psixoloqum deyir:

"Nostalgiya"ya mübtəla olmusan

Məni bağışlayın, hörmətli tənqidçilərim,

əgər incə qaydalarınıza riayət etmirəmsə.

Bu günlər bütün qafiyələri uduzmuşam.

Torpaqlar mina doğur.

Şərablar sidik dadıxır.

Qurdlar sürünü sürüyür.

Və o kəs ki, yuxarıda yuxlayıb

Oyunun qaydasını unudub.

Səni düşünmək istəyirəm

ki, damarlarıma yoluxmusan.

AİDS kimi Afrikada

Depressiya kimi Qərbdə

 

Səni düşünmək istəyirəm,

amma deyirlər:

İyirmi beş tikədən ibarət olan bir qayıq idi

İyirmi beş min yara

İyirmi beş min ümid

Deyirlər:

Onların içində bir ağız sənin ağzının

                     gözəlliyitək çığırıb: kömək!..

Bir əl sənin gözəlliyintək çığırıb: ...

Səni düşünmək istəyirəm,

O qayığa yox ki, okeanda qərq olub.

O uşaqlara ki, ticarət olurlar...

 

Alış-verış zəmanəsidir, əzizim.

Sən saçlarını on dinara satırsan

Mən bu şeiri sənə yazıram

və paytaxta email gödərirəm

bəlkə bir mükafat qazana biləm.

Psixoloqum deyir:

Yeni bir sevgili tap

Təmiz hava al

Nə fərqi var?..

Sən ki, yoxsan...

Bu otağın nəfəs çəkməyə dəyəri yoxdur.

Bəzi vaxtlar vardır

əşyanın sümüyü çürüyür

və çürüklük divardan yağır.

Bəzi vaxtlar var

Nə aprel ayının sərçə nəğməsi

Nə bir səmimi səs

Nə də, şəkildən ananın baxışı səni qane etmir.

Həyat qane etmir!

Və sənin bir azca ölümə ehtiyacın var...

*** 

"Bahara, yar, Tabsız ürək"

Hə...

Oxu!

Sevgilim eşitsin simlərin,

                        dirəklərin arxasından

Biz həmin darısqal küçədə tanış olduq

Yavaşca addımladıq

Yavaşca gülümsədik

Və yavaşca itdik

*** 

Hərdən bu küçələri

                        tanımıram kimi düşünürəm

Bu küçələri birinci dəfədir kimi görürəm,

Və ağaclar məni bir-birinə göstərirlər

Gecələr yatmazdan öncə

Bir quş özünü yatağıma vurur.

Səsinə qulaq asıram,

Kədərli nəğmə ilə deyir:

"Özgə... Özgə...".

 

Özümü tapmaq istəyirəm,

Səni kütləvi qəbiristandan tapmaq istəyirəm,

Sevgilimi sərgərdan divarların

                        arasından tapmaq istəyirəm.

Bir qadın eyvandan səslənə

Və mən bütün ayaqlarımla ona tərəf qaçam...

Tərcümə edəni: Ümid Nəccari

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!