İstəyirsən... mənə bir şey demə heç, ara-sıra bulud-bulud xatırla - Elçin İSGƏNDƏRZADƏ - şeirlər

Şəhidlik

Bilgilər, bilməklər varıymış,

heç demə, bilməmək üçünmüş.

Hərdən də gözünlə gördüyün,

heç demə, görməmək üçünmüş.

 

Bir ömür yaşayıb, ötməyin,

karvanda yox olub, itməyin,

gəlib, sonra da getməyin,

heç demə, gəlməmək üçünmüş.

 

Ulduzlar sönmür, bilirəm,

gedənlər dönmür, bilirəm,

şəhidlər ölmür, bilirəm,

şəhidlik ölməmək üçünmüş.

                  

Sol

Küləklər də sol tərəfindən əsir adamın,

yağışlar da soldan yağır.

 

Atılan daşa sağ çiynini döndərirsən,

daş da sağdan adlayıb sola dəyir.

 

Və kürəyindəki yükləri

                        sanma kürəyin daşıyır,

sol tərəfin daşıyır o yükləri də,

o sancıları, o ağırlıqları da.

 

Hara dönsən sol tərəfindi...

sağından vursalar da,

adam solundan ölür.

 

Sevdanın ayrılıq tərəfi

Sevda tərəfində oldum həyatın,

özümü ayrılıq tərəfində tapdım.

 

Bir addımmış sevdaya,

sevdadan ayrılığa uzaqlar oldu.

 

İndi neçə uzaq var

sevdayla ayrılığın arasında.

 

Və bizi ən çox bir ayrılıq birləşdirir.

Biz bir ayrılığın sevdalısıydıq,

bir sevdanın ayrılığı girdi araya.

 

Və sevda tərəfində gün söndürür buludlar...

Mən buludu geyinib getdim,

hələ də susuzluq vurur içimi.

 

Hələ də sevda tərəfinə

                        keçə bilmirəm həyatın...

Ya həyat elə ayrılıq tərəfiymiş sevdanın.

 

Bilmirsən sonrası

Qəfil hava çönür, yağış başlayır,

ömrünə kədərdən naxış başlayır,

dünənə bugündən baxış başlayır,

elə bilirsən ki... göynəməlisən.

 

Çırpılır üzünə dərdin küləyi,

hər şeyin yerində qalır heç nəyin,

sən belə hər şeyi, belə hər şeyi,

sonunda heçnətək bilməməlisən.

 

Gün gəlir, günlərin axarı dönür,

bacanın tüstüsü, buxarı dönür,

sonra yandırdığın ocaqlar sönür,

bilmirsən sonrası... neynəməlisən.

Kim dünyanı sevdisə...

Başqa bir yol da yoxdu,

durub çıxıb gedəsən.

Gözünü yaşamaqdan,

çəkib, yığıb gedəsən.

 

Nə başqa bir yer də var,

başqa saatlarıyla.

Hanı başqa adamlar,

başqa həyatlarıyla.

 

Başqa bir yer axtardım,

bu yer məni açmadı.

Bu yol mənə yatmadı,

bu yol məndən qaçmadı.

 

Keçmişdə qalır hamı,

keçmiş necə evdisə.

Ölüm gəlib apardı,

kim dünyanı sevdisə.

 

Sevgi

Göyüm göyündən keçmirsə,

külüm külündən keçmirsə,

bütün yollar

sənin yolundan keçmirsə...

keçmirsə, sevgi deyil.

 

Sevgi söz yarasıdı,

göz  yarasıdı.

Sevgi ürəkdə köz yarasıdı,

buludu yandırır,

göyü yandırır.

 

Ən isti yağışlar sevgili buludlardan yağır,

sevgili göylərdən gəlir.

 

Hələ getmədiyin  yollar var,

getmədiyin yerlər var sevgi adında.

Heç bilmirsən gedib hara çıxır.

 

Başına sevgi gəlməyən yerdə,

başına dərd gələr,

dərdlərə danışarsan bütün yuxularını.

 

Göyüm göyündən keçmirsə...

bütün sevgilər ayrılıqdı.

 

Bölünüb

Nə vaxtsa dünya biriydi,

indi ikiyə bölünüb.

İndi bu böyük şəhər də,

tinə, küçəyə bölünüb.

 

Bahar da qış kimi düşür,

günlər də daş kimi düşür,

yağış da yaş kimi düşür,

gecə də gecəyə bölünüb.

 

Hər şey  yox kimi dəyişib

ağrılar çox kimi dəyişib,

tüstülər ah kimi dəyişib,

ömürlər təkliyə bölünüb.

 

Ayrılıq

Soyuq kimi daşıyıram

adını dodaqlarımda.

Vida kimi daşıyıram

üzümü ovuclarımda...

 

Səsimin titrək yerindən

gözlərimi duza batırıram hər gün...

Duzlu yağışlar yağır.

Payız kimi daşıyıram

çöhrəni xatirəmdə.

Qış kimi daşıyıram

səni bu ömürdə.

 

İyuldu...

Üşüyürəm.

Yağır

Yenə sevgililər yağışdan qaçır,

yağış çiçəklərin üstünə yağır.

Hər yan ürək-ürək sevgilər açır,

yağış ürəklərin üstünə yağır.

 

Duman örtük kimi çəkilir yerə,

ağaclar qələmdi, əkilir yerə,

durna lələkləri tökülür yerə,

yağış lələklərin üstünə yağır.

 

Gedən sevgilərin yolları gəlmir,

itən xoşbəxtliyin illəri gəlmir,

kimsə çiçək yolur, sevir, ya sevmir,

yağış ləçəklərin üstünə yağır.

 

Şair ömrü

Öz yüküm öz kürəyimdə,

çəkə bildikcə çəkirəm.

Qaranlığın ilməsini,

sökə bildikcə sökürəm.

 

Axa bildikcə axıram,

baxa bildikcə baxıram,

qalxa bildikcə qalxıram,

çökə bildikcə çökürəm.

 

Cığırlarda izlərimi,

baxışlarda gözlərimi,

vərəqlərdə sözlərimi,

əkə bildikcə əkirəm.

Yorğunluq

 

Mənim daha nəyim qalıb,

ömür sovrulub, sovrulub.

Günlər qara, aylar qara,

illər qovrulub, qovrulub.

 

Elə bil ki, nəmdi aləm,

günəşindən kəmdi aləm,

başdan-başa qəmdi aləm,

dərdlə yoğrulub, yoğrulub.

 

Karvanı ağrıyla gedir,

sarvanı ağrıyla gedir,

zamanı ağrıyla gedir,

zaman yorulub, yorulub.

 

Yaşamadıqlarımın yaşantısı

Sənin məndəki yerin

gedə bilmədiyim yer kimi

içimdən qopmayan yoxuşdu.

Havada yaz,

sənin yerində qışdı,

qardı,

yağışdı.

 

Sənin məndəki yerin

həsrətlə dolu,

acıyla dolu.

Qalan yerlərim boşdu.

 

Mən boyda boşluqda

bir gerçək yerdi günəşsiz,

bir doğru xəbərdi sənsiz,

o qədər gerçək ki...

Qarın altında bir quş kimi üşüyür

sənin məndəki yerin.

 

Sənin məndəki yerin ayrıdı...

yaşamadıqlarımın yaşantısıdır.

Xatırla

Xatirələr yaralıdı, dəymə heç,

dərd qapısı aralıdı, döymə heç,

istəyirsən... mənə bir şey demə heç,

ara-sıra bulud-bulud xatırla.

 

Hərdən də bir xəyalları al, gedək,

o yolları gözlərindən sal, gedək,

istəyirsən... xəyallarda qal, gedək,

ayrılığı umud-umud xatırla.

 

Kimsə itsin dumanında illərin,

qayıtmasın gümanında illərin,

istəyirsən... səndə qalsın əllərim,

sonra məni unut, unut, xatırla.

 

Məndən savayı

Dincəl, o gəlməyən günlərdə dincəl,

incəl, üzüldüyün tellərdə incəl,

indi düşünürsən, boşuymuş səncə,

bir ömrə bu gəliş-gediş havayı?..

 

Çəkil, çəkilməyən rəsmdən çəkil,

sevə bilmədiyin isimdən çəkil,

sevda tilsimiymiş, tilsimdən çəkil,

bitsin ayrılığın bu bəm harayı.

 

Atlan, ürəyimin başından atlan,

gördün qış sərt keçir, qışından atlan,

çırman, gözlərimin yaşından atlan,

gör hara düşürsən məndən savayı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!