Ömür qızıl deyil dəyərə minə - Məmməd İSMAYIL - şeirlər

Mən kiməm

Məni fikirləşənin

Ağlına yüz söz gəlir.

Yəni kim olduğumu

Bilmirsənmi, ay dəli?!

Taleyi-yüz cür sözə,

Söhbətə nədən olan,

Qürbətdə uyusa da

Yuxusu vətən olan.

Demə, görmə vətənin

qürbətdəki heykəli!

 

Yoruldunmu, yoruldun...

Tale səni dərddən dərdə salınca,

Gecələri baş qoymadın balınca...

Çatmadığın arzuların dalınca

Saat kimi quruldunmu, yoruldun.

 

Yasaqlarda tükəndimi təpərin,

Qoruq yoxsa nə işi var çəpərin?!

Ağız-ağız dolaşdımı xəbərin

Ondan-bundan soruldunmu, yoruldun.

 

Sönmüş ocaq isinən yox istinə,

Nə gələn var, nə gedən var üstünə

Kim su səpdi kor olası tüstünə,

Kül altında qor oldunmu, yoruldun.

 

Qəm deyilən bir nəğməydi, oxudun

Gecə-gündüz dərddən göynək toxudun.

Çoxlarının gözlərində yox idin,

Sonra yoxdan var oldunmu, yoruldun.

 

Su tapmasan günahınla yu ömrü

Lillənməzmi ləngiyirsə su ömrü?!

Qürbətlərdə çürütdünmü bu ömrü

Həsrətlərdə qovruldunmu, yoruldun.

 

Sirr içində açılmayan sirr olsam,

Yersizlərə, yurdsuzlara yer olsam.

Arzun vardı, - dünya ilə bir olsam

Dünya ilə bir oldunmu, yoruldun.

 

Olsa-olsa bir uzunca şeirdin...

Dərmanı yox dərddən paltar geyirdin.

Tale mənə yar olsaydı deyirdin

Tale sənə yar oldumu, yoruldun...

 

Günahının keşiyində durdular,

Hər fürsətdə işinə pəl vurdular.

Quluncunu qeybət kimi qırdılar,

Dünya sənə dar oldumu? Yoruldun...

 

Axar sular, axar-axar yorulmaz,

Payız-payız, bahar-bahar yorulmaz

Yağan yağış, ələnən qar yorulmaz

Günəş batar, günəş doğar yorulmaz...

Sən ey dizinəcən qar çıxan ağac

Sən ey dizinəcən qar çıxan ağac,

Yandırsan, canından qor çıxan ağac.

Boyunu boy edən yazın hardadı,

Çiçəkli, yarpaqlı nazın hardadı?

 

Axtarma, tapmazsan əvvəli sonda

Əsmədə budağın-yuxumu gördün?

Cavanlıq çağımı görmüşdün onda

İndi də qocalan çağımı gördün.

 

Yarpağın-cavanlıq xatirələrim

Payız yellərinə qarışdı getdi.

Nə bəxt kömək edər, nə Allah kərim,

Ömür bir amansız yarışdı, getdi.

 

Sən necə zamanı geriyə çəkdin,

Sabahın bu günə gələn səsiydin.

Bahardan payıza qalan çiçəkdin,

Allahın gecikmiş möcüzəsiydin.

 

...Sən ey anılmayan, anılan adam,

Qocalıb zənnində yanılan adam...

Saqqalı ağartmış, saçı ağartmış,

İçində nəyi var açıb ağartmış.

 

Əyninə keçmişi geyib gəlmisən,

Canından keçmişi deyib gəlmisən..

Danışa bilirsən, özündən danış,

Qırışan üzündən, sözündən danış.

Üstünə bir zaman düşən gün hanı?

Qocalığın busa, gəncliyin hanı?

Nədir gözlədiyin:

yazım gələcək,

Bəlkə ümidin var qoca ömrünə

Bu qış da, bu qar da lazım gələcək!

 

Ananı yalqız buraxmışdın...

Yapayalnız qalacaqsan,

Tək qalacaqsan, tək

Yaxındı uzaq gələcək.

Qocalığına

Nə şəhər yaxın duracaq,

Nə kənd.

Telefonların susacaq.

Ciyəri yanmış həsrət

Axırda qan qusacaq...

Uzaq-uzaq zamanlarda

Sonunu çox uzaq bilib

Bütün körpüləri yaxmışdın.

Hər şey təkrar olunacaq, hər şey

Yalqız öləcəksən,

İllər öncə son anında

Ananı yalqız buraxmışdın...

 

Ömür qızıl deyil dəyərə minə

Zirvəni bürüyən o duman, o çən

Gələn qocalığın göz dağlarıdı

Bir az aşağıdan boğazdı keçən

Bir az yuxarıda Qaz dağlarıdı.

 

Sən ey işıldaquş - atəş böcəyi,

Yollarda ayağı büdrəyən arzu.

Sən ey qönçələrin gül gələcəyi

Baharı başına alıb gedən su.

 

Durub gözlədiyin gün gözə dəymir,

Ha çıx bəxt dağına boşuna hayla

Bənövşə boynunu boşuna əymir,

Dərədə təntimir boşuna çaylar...

 

Zamanla can atar ay, il olmağa,

Ayrılıq sazını çalar həmişə.

Yamaclar yarışar sahil olmağa

Çaylar aralıqda qalar həmişə...

 

Gəzsən də qürbətin vətən yeri yox,

Özünə təsəlli versən də hərdən

Yox, daha bu suyun gedən yeri yox

Bir daha göl olmaz gölməçələrdən.

 

Ayrılıq gəlməz ki, imana, dinə

Gənclik qocalıqla çıxmaz görüşə

Ömür qızıl deyil dəyərə minə,

Yarpaqdı, payızda dəyərdən düşər.

 

Ürək boşalanda söz deyiləndə

Hərənin bəxtinə bir vədə düşər...

Zaman büdrəyəndə, yük əyiləndə

Soruş gör daş niyə qürbətə düşər...

 

Yox daha qəribçün açılmaz səhər

Günəş şəfəqini özüyçün saçır

Ağaç çiçəyini özüyçün açır,

Xəyalı tədirgin, ümidi qançır.

Sən mənə baxmadın, mən sənə baxdım,

Getmisən, geriyə dönsənə baxtım?

Eynini açmaz ki, açılan səhər

Eynini açmaz ki, açılan səhər

Bir dərdə sığınıb qalmaq da varmış.

Qürbətin əlindən çıxıb birtəhər

Vətən xəyalına dalmaq da varmış...

 

Dayanıb payızın künc-bucağında

Vətən yollarına baxmaqdı peşən.

Yaşın bu çağında, qəm qucağında

Bitib-tükənməz ki, vətən əndişən.

 

Ömür sınağında nəfsinə sınsan

Çəkdiyin çilələr hədər gedər ki?!

Yoxun varlığına inanan insan

Varın yoxluğuna nə dərd edər ki?

 

Kəm bəxtin kimlərin yadına düşdü,

Harda xatırladı kim, harda, səni.

Vətən qürbət ilə necə görüşdü

Və... harda uduzdu "qumarda" səni?

 

Yetmişdən o yanda qalan sevgilər

Ölüm diksindirər ruhunu hərdən

Beləmi olurmuş yaxına gəlmək?

Sevilən günlərdən, sevən günlərdən

Ömrün sevilməyən çağına gəlmək...

 

Bu suçun astarı üzündən baha,

Mələklər qatında bilinməz sayı.

Bu necə həsrətdi dodaq-dodağa,

Tələsən baharla gecikən payız...

 

İtdi cümlələrin nöqtə, vergülü,

Söz-sözə yovuşub dilə gələmmir.

O gözün oduyla bu gözün külü,

Nə illah etsən də qafiyələnmir...

 

Əvvələ yararı yox ki, sonların

Boşluqlar doldurar dəstəyi gür-gür

Başına daş düşsün telefonların

Bir dost səsini də mənə çox görür...

 

Buludlar yerini söyləyər sənin

Yol çəkən gözlərin dolub hardasa

Qoxusu burnunda qalan bədənin

Yuxusu dərbədər olub hardasa...

 

Qırınqırıntısı ilk məhəbbətin,

Ah yalan sevgilər, yalan sevgilər.

Altmışdan bu yana keçməsi çətin,

Yetmişdən o yanda qalan sevgilər.

 

Hərdən əl edərdi uzaq gələcək

Hərdən əl edərdi uzaq gələcək

Düşüb arxasına gedərdi ömrün.

Yəqin, sən öləndən sonra öləcək

Ömründən uzundu bu dərdin ömrü...

 

Bəlkə də dünyanın dərddi hakimi

Gələndən gedəndən bir-bir haqq alar..

Çəkər keşiyini sabaha kimi,

Sən gecə yatarsan, dərd oyaq qalar.

 

Yarımçıq qalacaq qürbət səfərin,

Bir qayıq qalacaq ləpədöyəndə.

Günlərin birində ölüm xəbəri

Gəlib qapınızı qəfil döyəndə.

 

Yaşı hesablamaq son təsəllidir

Xeyli yaşamışdı deməyin onda

Ney olsa neylərdi bir Allah bilir,

Qurumuş qamışdı deməyin onda.

 

Eşidən deyil ki, bahar, sözünü

Dönsə kəlmələrə dodağında qəm:

- Yetmiş doqquz dəfə gördüm üzünü

Dünya dağılmazdı yüz dəfə görsəm...

 

Əgər hopubdursa torpağa, daşa

Nə cavab verəsən bu inada sən?

Çevrəndə yel vurub yengə oynaşar,

Qürbət dənizində qərib ada sən.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!