"Axşam erkən enər həbsxanalara" - Əhməd Arifin şeirləri

DİLSUZ

 

İşi bəllidi Əhməd Arifin:
gecələr yatmaz -
yığar dağların küləklərini,
sübh tezdən
     verər çocuqlara
dəstə-dəstə...

Cemal SÜREYA


ANADOLU

Mən - Anadoluyam!
Eh,
   Həvva nənəniz
                       dünənki uşaqdı -
nağıl danışmasam,
                  gecələr uyumazdı...
Mən - Anadoluyam!
Beşiklər,
       yelləncəklər,
                 oyuncaqlar
                       vermişəm Nuha...
Mən - Anadoluyam!
Tanıyırsınızmı?
Mən - Anadoluyam!
Yer üzündə
    atom bombalarının
           çiçəklədiyi vaxtlarda
lalələr,
     nərgizlər,
           qərənfillər
                       becərmişəm...
Bilirsinizmi?
Amma
        baxmayın
               çatma qaşıma,
                       qürurlu duruşuma,
ağır,
çox ağır günlərim də olub -
min illərlə
     yadellilər qaçırmışlar
                       nazlı səhər yuxumu,
qul olmağımı istəmişlər...
Qala bürcü kimi ərənlərim
                       qalxmışlar ayağa -
gələnlər getmişlər,
gələnlər getmişlər,
gələnlər getmişlər, -
nə özləri qalmışlar,
                 nə izləri...
Duyursunuzmu?
Mən - Anadoluyam!
Bir bilsəniz,
           necə sevirəm
Koroğlunu,
Pir Sultan Abdalı,
Bədrəddini,
naməlum əsgəri,
sonra
    mürəkkəb çatmaz yazmağa -
neçə-neçə sevdanı.
Bir bilsəniz,
           onlar da məni
                       necə sevərdilər,
Qaracaoğlanı olsun,
Yunus İmrəsi olsun,
Xoca Nəsrəddini olsun...
Mən - Anadoluyam!
İstəyirəm
       tanıyasınız,
                mütləq tanıyasınız
Urfada
    minarədən,
         barrikadadan,
                 söyüdlərin arasından
insanlara
           güllə atan xainləri...
Ölümə necə sevinirdilər,
təsəvvür edirsinizmi?
Nə oldu?
Elə məhzun-məhzun,
     elə qərib-qərib dayanmayın,
harada olursunuz-olun,
yüyürün üstünə xainin,
yalın ümidlə,
           yalın ürəklə...
Sözmü?
Mən - Anadoluyam!
Hər gün
           yenidən quruluram,
güclü əllərinizlə...
Hələ nə qədər oğlum,
           qızım var gələcəkdə -
hər biri
       min illik
               həsrətimin qönçəsi,
gözlərinizdən öpərəm,
                       gözlərinizdən.
Tək ümidim sizsiniz!
Mən - Anadoluyam!
Tanıyırsınızmı?

AXŞAM ERKƏN ENƏR HƏBSXANALARA

Axşam
      erkən enər həbsxanalara,
bükülməz biləyin,
çatal ürəyin,
yeddi başın olsa,
                       əjdaha misalı,
kar etməz -
həsrət
           ustuf-ustuf
                       dolar içinə...

Axşam
      erkən enər həbsxanalara,
enər,
   yeddi lay dəmir
           enər yeddi qapıya -
hüznə bürünər hər yan;
hasarın üstündə
           üç çəlimsiz budaq,
hasarın dibində
           üç hərcayi bənövşə -
budur axşam səfası,
.... seyr elə....
.... seyr elə....
.... seyr elə....
Eyni qorxunc şeyi düşünür
göydə bulud,
budaqda ərik...
Allah qəhr etsin, həbslik -
bolluca qaranlıq,
           bolluca can sıxıntısı...
Məni həyətə -
     axşam gəzintisinə çıxarıblar,
kimsə
  qonşu otaqda
      "Kürdün gözəli" türküsünü
                                  oxuyur -
elə hey, uşaqcasına,
ağla gəlməyəcək,
           gülməli şeylər düşünürəm:
"Məsələn,
       vurulsam,
  ölsəm deyirəm,
      aşkar bir davada,
istərəm,
hər şey - dostluq da, düşmənlik də
kişiliyə yaraşan şəkildə olsun..."
Halbuki bilirəm:
                       xəyaldı bu!

Jandarmalar
            tüfəngin lüləsinə
                        taxırlar süngünü
və dövrə vururlar ətrafımda,
hirslə yandırıram alışqanımı
və bir uduma,
            özümü öldürürcəsinə,
sümürürəm siqaretimi
                           yarıya qədər...
Bilirəm,
     "Səndəmi?" deyəcəksən.
amma,
            nə edim,
axşam
     erkən enir həbsxanalara
və bayırda
                çılğın bir bahar...

ADİLOŞ BƏBƏNİN NİNNİSİ

Doğuldun,
üç gün ac saxladıq səni,
Adiloş bəbəm,
xəstə olmayasan deyə,
adətimiz belədir deyə.
İndi təpil,
            təpil məməyə,
təpil və böyü...
Bunlar dostlarımızdı -
Dar günümüzdə
                   arxa, kömək.
Bunlar düşmənlərimizdir -
fitnə-fəsad, kələk...
Tanı,
Tanı bunları və böyü...
Bu, namusdur,
bünövrəmizə
              nəqş olunmuş,
bu, səbirdir,
acılardan süzülmüş,
sarıl namusa,
sarıl acılara,
sarıl və böyü...

İÇƏRİDƏ

Xəbərin varmı, daş divar,
xəbərin varmı
      dəmir qapı, kor pəncərə,
saman yorğan-döşək,
                                     yastıq,
qol saatım - zəncirim,
jandarmadan gizlətdiyim
                        məhzun rəsm,
uğruna
     ölümlərə gedib-gəldiyim
ziyarətçim
            göy soğan gətirmiş...
Qərənfil ətri verir siqaretim,
bahar bürümüş dağlarını
                        məmləkətimin...

HƏSRƏTİNDƏN QANDALLAR DÜZƏLTDİM

Səndən
      danışa bilsəm, səndən,
günəbaxan üzlü uşaqlara,
səndən
     danışa bilsəm, səndən,
          cəsur, igid qəhrəmanlara...

Qurd uyudu,
quş uyudu,
bir mən uyumadım, mən,
zillədim gözlərimi
      yanımdan gurul-gurul
                 axıb gedən bahara...
Həsrətindən
            qandallar düzəltdim,
saçlarına güllər taxdım,
                           qan rəngində!
Bir o yana,
bir bu yana...
Səndən
        danışa bilsəm, səndən,
dibsiz quyulara,
göy üzündən axan ulduzlara,
səndən
        danışa bilsəm, səndən,
əli
  okeanın ən sərt
                        dalğasındakı
saman çöpünə yetişənə...
Səndən
        danışa bilsəm, səndən,
ilk sevginin
                əfsununu itirmiş,
ilk öpüşün dadını qaçırmış
fikir-xəyal içində
                itib-batmış birinə...
Həsrətindən
            qandallar düzəltdim,
saçlarına güllər taxdım,
                        qan rəngində!
Bir o yana,
bir bu yana...
Nə olar,
       yumma gözlərini,
                           üşüyürəm...

MƏRHABA

Gün doğar,
qarın bağlar nəm torpaq.
İncəsu dərəsi, mərhaba.
Yuvalarda çılğın sərçələr...
Buludlarda qartal -
            indi çalacaq ovunu...
Əfv fərmanını
           gözləyən bir qadın
bir günü - bir noxudu
                çıxaracaq kasadan.
İncəsu dərəsi, mərhaba.
Qüllədə bayraq -
                        sülhü düşünür,
kömür mədənindəki fəhlə -
                               göy üzünü.
Mən bunların hamısını
və səni düşünürəm,
            gündə 24 saat!
Elani-eşq məqamından
bir misra
        cücərib qımıldanar içimdə...
Amma muradıma
                        çatammaram,
bilirəm
      ağdan-qaradan
            bu qədərdi qismətim,
unutmuş gülməyi
                        göz bəbəklərim,
unutmuş öpməyi
                            dodaqlarım,
İncəsu dərəsi, mərhaba.
 

QÜRUR DA AĞLAR

Gözlərinin aynasında
bir bulud -
yağdı - yağacaq,
                        hardasa.
Saxlama gözyaşlarını,
qürur da ağlar...
Burax, yıxansın göy üzü,
lacivərd, yaşıl
və qızıl işıqları
                     günbatanın.
Budur,
      şəfəq vaxtıdır yenə,
çırılçılpaq və mavi.
Budur, sanki dağ yeli.
budur, sanki məltəm.
Kimsə ləkə
yaxa bilməz,
            kəsib atdığımız
dırnağa belə.
            Sən ən gözəl qızısan
                             qalaktikanın,
            mən
               akkor zərrəsiyəm
            Prometeyi yaxan
                        qara sevdanın...
                        Nə alnımızda bir ayıb,
            nə qoltuğumuzun altında
                                   gizli xaçımız,
biz bu xalqı
            və bu ölkəni sevdik,
olsa-olsa,
            bu olar suçumuz...

UNUTMADIĞIM

Açardın,
yalnızlığımda  bitən
masmavi və yamyaşıl
                  bir çiçək misalı.
Dovşan qanı kimi
              xınalı və parlaq -
yenərdim bütün dərdlərimi...
Getmək,
gözlərində getmək sürgünə,
Yatmaq,
gözlərində yatmaq zindanı,
gözlərin hanı?
"To be or not to be" deyil,
"Cogito ergo sum" heç deyil.
Əsl iş labüd olanı -
qarşısı alınmaz uçqunu,
sonsuz axını anlamaqdır.
İçmək,
gözlərində içmək Ay işığını,
Varmaq,
gözlərində varmaq ruh sehrinə,
gözlərin hanı?
Qəlbimin
ən sirli yerində
                 bir qəlb idin,
qan deyil,
         sevdamız axardı gecəyə,
cəllad dartdıqca kəməndi...

Duymaq,
gözlərində duymaq
                        sevinci, kədəri,
susmaq,
gözlərində susmaq
                        ülgüc kimi....
Gözlərin hanı?

YALNIZ DEYİLİK

Bir üfüqə çatdıq ki,
artıq
    yalnız deyilik, sevgilim.
Gecə uzun,
                 gecə qaranlıq, -
amma
      bütün qorxulardan uzağıq.
Bir sevdadır belə yaşamaq,
zindanda yatanda da
yalnız olmamaq,
                        yalnız olmamaq...
Artıq məhbəsdə -
                  dörd divar
                          arasında deyiləm,
pambıq,
         düyü
             və çəltik tarlalarındayam -
Qaracadağda,
            Çukurovada
                           Cibalidə....
Boynunda
             bir sap muncuq,
çiynində nəzərlik,
yanaqları
            soyuqdan üşümüş
bir aşirət qızının becərdiyi
göz yaşıtək
            damla-damla düyünü
karvan-karvan daşıyırlar
                        bəylər süfrəsinə...
Çuxurovam -
beşiyim və kəfənim,
qanın - qara, üzün - ağ,
səbir daşların çat-çat,
Anadolumun həbsxanalarında
ən çox yatan
                  sənin oğullarındır!
Dostuna yarasını göstərir kimi,
bir salxım söyüdə su verir kimi,
ürəkdən
            türkü oxumaq
                   birdən necə yaraşır onlara?!
Bir üfüqə çatdıq ki,
artıq
    yalnız deyilik, sevgilim.
Gecə uzun,
                 gecə qaranlıq, -
amma
      bütün qorxulardan uzağıq.
Bir sevdadır belə yaşamaq,
zindanda yatanda da
yalnız olmamaq,
                        yalnız olmamaq...