Mən xoşbəxtəm deyəsən... - Vaqif ƏLİYEV - şeirlər

Qəriblərin yuxusu

Aşiqlər yuxusunda

hər axşam yarın görər,

Qürbətdə yaşayanlar

doğma diyarın görər.

Yuxularda qovuşar

Yurduna-yuvasına.

Həsrətində olduğu

elinə, obasına.

 

Gecələr şirin olur

qəriblərin yuxusu,

Ayılmaq istəmirlər

yuxulardan çoxusu.

Çətindi yola salmaq

gələn hər günü, ayı.

İçində boğulubdu

qəriblərin harayı.

 

Vətənə məhəbbəti

tükənməzdi hər kəsin,

Cənnətdən də çox üstün

qərib bilər ölkəsin.

Hər vaxt sorağındayıq

uzaqda olsaq da biz,

Vurğunluqla çırpınır

Vətənçün hey qəlbimiz.

Qismət olmur

Bölünüb saatlara,

o bölünüb aylara.

Damla-damla verilir

xoşbəxtlik insanlara.

Verilir ki, arabir

şirinliyin dadaq biz.

Dərdi-qəmi bir müddət

unudaq biz, ataq biz.

Verilmir tamam, bütöv,

Bəs deyincə yeyəsən.

Xumarlanıb sevincək;

- Mən xoşbəxtəm deyəsən...

Taleyindən sən küsüb,

üz döndərib incimə.

Qismət olmur xoşbəxtlik

sona qədər heç kimə!

 

Görən

İncə dodağında səhər şehi var,

Şeh qönçə gül üstə qonubmu görən?

O xoş nəfəsində axşam mehi var,

Meh yaz küləyindən qopubmu görən?

 

Bənzərsən ətirli çiçəyə, gülə,

Dilim də söz tutmur mən gəlim dilə.

Odlu baxışımdan hey gilə-gilə,

Həsrətim qəlbinə hopubmu görən?

 

Sənə vurğun olan Məcnunu tanı,

Nə qədər gözləyim məqamı, anı?

Günahkar hünərim, cürətim hanı,

Yoxsa o qəlbimdə donubmu görən?

 

Baxışın qul etdi özünə məni,

Qaldırdı göylərin üzünə məni.

Yandırdı eşqimin közünə məni,

Baxıb Kərəm bildi sonumu görən.

Ürək

Bu günə qədər onu

qınamadım heç nədə,

Vəfalı olmasaydı 

bəslənməzdi sinədə.

Qayğısına möhtacam,

cəfakeşdi necə də!

Yaşadır məni hər gün:

o, gündüz də, gecə də.

Qəfəsdədir elə bil,

hey çırpınır quş təki,

Çox ağırdı bədəndə

onun çəkdiyi çəki.

Mənə odur sevdirən

bu dünyanı, həyatı.

Tıq-tıq döyünməyilə

xatırladır saatı.

Verilən bu ömürdə

o bir parlaq mayakdır.

Nə yaxşı ki, dayanmır,

yatmır, hər vaxt oyaqdır.

 

Lazımdır insana

Yoxdursa insanda

                        cəsarət, hünər,

Çətindir zirvəyə onun qalxmağı.

Bu istək könüldə arzuya dönər,

Görməzsən oraya çıxan qorxağı.

 

Tələsik məqsədə tez yetmək olmur,

Aramla çıxılır zilinə dağın.

Mübariz insanlar heç vaxt yorulmur,

Geriyə atmazlar qorxub ayağın.

 

Bir çoxu dayanıb-durur ortada,

Nə yuxarı qalxır, nə enə bilir.

Qorxur ki, başına gələ bir xata,

Nə gedir, nə geri

                        o dönə bilir.

 

O kəs ki, zirvəyə inamla çıxır

Gördüyü əməldən çox razı qalır.

Oradan ətrafa fərəhlə baxır

Dünya gözlərində başqa rəng alır.

Məni səsləyir vətən

Qürbətdə yazılan şeir

Artıq qocalmışam mən,

indi bilmirəm nədən.

Yuxularda hər gecə

məni səsləyir Vətən.

Günlərimi sayıram,

elə bil məhbəsdəyəm.

Ayrı bir təmənnada,

ayrı bir həvəsdəyəm.

Narahat hiss edirəm 

getdikcə mən özümü,

İstərəm torpağına

gedib sürtəm üzümü.

İstəmirəm gizlədəm

qəlbimdəki duyğumu,

Çox qarışıq görürəm

hər gecə mən yuxumu.

Torpağından yoğrulub

bütünlüklə bədənim.

Bəlkə məni bağrına

basmaq istər Vətənim?

Qorxuram gecikəm mən

onunla son görüşə.

Vətənin bir parçası

özgə torpağa düşə!

İsrail, 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!