Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq... - Nargis

Bu gün bütün gün darıxdım...

Sabah da darıxacağam...

Yenə, yenə, yenə, yenidən...

Hiss qarmaqarışıqlığından doğulur bomboz kölgən...

Valehedicidir,

Qucaqlaya bilmirəm...

Tökülürsən ürəyimdən

Vulkan külləri kimi boğucu və yandırıcısan.

Dəyərlim,

Əvəzedilməzim

Çalışıram,

əvəz olunmursan, bacarmıram.

Bacaracağam, bacarmalıyam...

Yoxluğunu əridib...

Davam edəcəyəm bomboz həyatıma

Bir qədəh şərab, bir siqaret... və kitablar...

Göz kölgələrim kimi yayılacaqsan yastığıma, kabusa çevrilib boşalacaqsan gözlərimdən...

Silib ata bilməyəcəyəm bəlkə də qoxunu 13 kvadratmetrlik otağımdan...

Xəyalqırıqlığım!

Kölgələrə çevrilib addımbaaddım izləyəcəksən xoşbəxtliyimi...

Ən möhtəşəm qarabasmam olacaqsan,

asılacaqsan otağımın divarlarından...

Küləyə çevrilib əsəcəksən hər gün ağlıma...

Bilirəm, yenə, yenə, yenidən yellədib qapqara pərdələrimi şığıyacaqsan ürəyimə...

Bir siqaret laqeydliyi ilə əziləcəyəm barmaqlarında...

Közərə-közərə qalacağam bilirəm...

Sonra qalib ədasıyla çırpılacaq qapıların üzümə...

Mən söykənəcəyəm xəyalının astanasına, biləcəyəm ki, ordasan...

Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq...

Əlim qapını yox, dizimi döyəcək yenə, yenə yenidən...

Sonra hansısa sünbülü yandıracaq közərtim...

Şedevr atəşlər qalayacağam ikimizin şərəfinə...

Lap elə "wiccan"ların rituallarındaki kimi...

Mən də çırpacağam kiminsə qapılarını elə lap bir qalib ədasıyla...

İkrahla xatırlayacağam səndən əvvəlləri, səndən sonraları...

Sonra sakitləşdirəcək ruhumu hansısa adını bilmədiyim mahnının sözləri...

Susacağam, yenə, yenə, yenidən...

Kitablarda unudacağam səni,

işarələməyəcəyəm qaldığım fəsillərini...

Hönkürəcəyəm hisslərimi, bayquşlarla dərdləşəcəyəm.

Adiləşəcəyəm...Kimsəsizləşəcəyəm... Aysberqləşəcəyəm...

Payızadır üzü bu fəslin, yoxluğunun üzü ölümədir...

Bilirəm, varlığın da, yoxluğun da elə ölümdür...

Ölümə çağırışsan...

Qorxuram...

Bildiyim yerdə, bildiyim yoxluqla bacara bilməyən mən,

bilmədiyim bir dünyaya yeriyə bilmirəm...

Boyutlararası sevə bilmirəm,

boyutlararası qovuşmaq uzaqdır, kosmosdan uzaq...

Hər gün bir fincan qəhvədən öncə varlığıma əzbərlədir ürəyim adını...

Zəhləm gedir, lənət şeytana,

lənət bozumtul göy qurşaqlarına...

Xəyalın günəşin şüaları kimi avaralanır beynimdə

Yenə, yenə, yenə, yenidən...

Hər gün ürəyimdən bir muncuq vecsizliyi ilə saçılırsan ruhuma... Tapa bilmirəm... Toplaya bilmirəm...

Dağılırsan ruhumun boşluqlarından dünyalara... həyatlara, ürəklərə, qadınlara...

Sən elə ustaca unudursan ki, məni, söz tapmıram,

boğuluram...

Bu gün bütün gün darıxdım...

Sabah da darıxacağam...

Yenə, yenə, yenə, yenidən...

Bilirəm bir gün keçəcək...

Amma iş-işdən...

Yenə, yenə, yenə, yenidən...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!