Dəniz serenadası... - Süleyman ABDULLA - şeirlər

Dəniz serenadası

Orda, - dənizlə üfüqlərin birləşdiyi yerdə,

Qağayıların səsini eşidirsənmi, su pərisi?

 

Uzaqların rəsmini fırtınalara həkk edən gəmi

üfüqlərə çırpılıb parçalanmasa mayaklar diksinməz, -

Göz qırpır külək çırpıntıları aramla, sopsoyuq.

 

Qaya sükutuna sığınır fəlakətlər,

Arada ləpə-ləpə oynaşır şüaların qürubunda

Xilasedici kəmərlər boğulmağa hazır...

göyərtədə ağır sükunət, etinasız ümidsizlik.

Səssizcə ağlamaqda kölgələr,

qağayılar için-için gülməkdə...

 

Kapitan çevirir şturvalı

macəra kitablarının vərəqləritək,

İsladır adsız barmağını

dodağındakı qan damcılı dəniz suyunda,

Suiti dadır təhlükələrin ağuşu, bəlkə də kit...

 

Oxuyur,

oxuyur suların dərinliyini,

riflərin amansızlığını, burulğanların dibsizliyini.

Qabarır sinəsi sahilə doğru,

çəkilir gözləri ənginliklərə, - arada mürgüləyir,

Saya oturur arzuları nəhayətsizliyin qumlarında.

 

Dor ağacının iniltisi əllərində çırpınır, matrosun

Ağlayır yelkənlər küləklərin huşsuzluğuna

Lövbər səsinə diksinir balıqlar,

qəlsəmələri hava dolu və göz yaşları islaq...

Qağayılar yeganə şahididir dənizin üfüqə,

üfüqün dənizə çevrildiyi anın...

 

Gəmi yox olmuş buludların bəyazlığında.

Havadan ayrılıq qoxusu gəlir...

Qağayıların səsini eşidirsənmi, su pərisi?

Eşidirsənmi?

Hərbi gödəkcə nağılı

O vaxt adamların çoxu mərd idi,

Sevməyə dost-doğma bir vətən vardı.

Kim idi ölümdən çəkinən,

qorxan,

Çoxunun içində ulu Mən vardı.

Yaş olan payızda quruydu barıt,

Düşmənə atılan güllə şən idi.

O vaxt qiymətliydi söz də, əməl də,

Hər kəs dəyərinə yetişən idi.

Həkəri sahili şad idi onda,

Sopsoyuq suları qızartmırdı üz.

Güllə yağışına düşsə də tez-tez,

Axardı arxayın...

Gecə və gündüz...

Geri qayıdırdı yollar bir axşam,

Boynuma sarılan xəbər gözəlmiş...

O vaxt çox gərəkdi Vətənə əsgər,

Sevindim...

igidim dünyaya gəlmiş!

O gün havalar da xeyli soyuqdu,

Göydən narın-narın tökülürdü nəm.

Yolu yüyrək idi doğum evinin,

Barıt qoxuyurdu hərbi gödəkcəm.

Yorğun gözlərimdən sevinc yağırdı,

İlahi, boz çiskə çevrildi qara.

Qollarım yollandı dümağ qundağa,

Ciblərim yol oldu muştuluqlara.

Bakıya dönürdü səadət köçüm,

Qardan qorğanırdı özünü hamı.

Nə pulum qalmışdı, nə maşın vardı,

Hərbi gödəkcəmə bükdüm balamı.

Piyada yürüdük vağzala qədər,

Hərbi iş dediyin belə işdi dəə...

Təlaşla qundağı açıb yoxladıq,

Körpə puçur-puçur tərləmişdi də...

...Sonra illər keçdi o qarlı gündən,

O körpə böyüdü bir ərən oldu.

Böyüdü, boy atdı elə o ruhda,

Hərbi gödəkcəmlə boyu tən oldu.

Bağçası, məktəbi formada keçdi,

Ali məktəbi də bir parad kimi...

Ona çox yaraşdı əsgər paltarı,

Boyuna biçildi hərbi geyimi...

Hər səhər oyanıb işə gedəndə,

Canımda duyuram o qarı, sisi.

Hərbi geyiminə baxıb görürəm,

Gödəkcəm doludur Vətən sevgisi.

Sığmaz çantasına son xəritələr,

Bilir ki, bu sərhəd Vətənə dardır.

Gözaltı baxıram,

gənc zabitimdə,

Köhnə kişilərin qüruru vardır.

Biz edə bilmədik torpağı Vətən,

Nə vaxtsa fələyin dönər təkəri.

Mənəm...

gödəkcədi...

xatirələrdi,

Arada yuxuma girir Həkəri.

Üz tutub gedirəm işığa sarı,

O vaxt ki, inamım pəjmürdə haldı.

Məni xatırlamaz hərbi gödəkcəm,

Daha ümidlərim oğluma qaldı.

Burda sona çatdı mənim nağılım,

Göydən alma deyil, ulduz düşür, - bax...

Çoxdan çıxarsam o gödəkcəni,

Mənim gödəkcəmdən çıxmaz o uşaq.

Əsatir

Salam, canım Afrodita, necəsən,

De, sonuncu məktubumu aldınmı?

Oxumağa tənbəl idi, nədənsə,

Lirada

Eros üçün bir "Dilqəmi" çaldınmı?

Ağrıyırdı simlərində ürəyi,

Küt oxların uclarında qaldı son.

Zevs dədən qəzəbindən düşdümü,

Hera bəs?!.

...Yenə səni qorxudurmu Poseydon?

Canım-gözüm, fikir vermə Nereyə,

Alma dadır bu şəhərdə nə yesən.

Sonu gəlib günahlarda dayanır,

Gözəlim,

Coşacaqdır dəniz eşqi nə desən.

Bizim Xəzər bir az baha çalxayır,

Gəmiləri siqnal çalır manatdan.

Bizim eşqin əvvəli pul, sonu pul,

Hermes... ey...

Son nəfəsdə qiymət soruş Tanatdan.

Dünən gecə yaxşı yeyib-içmişik,

Hefest yenə olanlara yox deyir.

Məni gözəl əyləndirdi xəyalın...

Ürəyim:

- Kaş o gündən yaşayaydım çox, - deyir.

Gəlib keçdi yuxu kimi Helios,

Ah, deyəsən, Eos ilə əyişib.

Hara gedir cəng atında dördnala,

Bilirmi,

Bizim kəndin adı çoxdan dəyişib?!

Meşələri çoxdan qırdı key şəhər,

Ələ keçmir burda halal bərəkət.

Hipnoz ilə söhbətdədir hələ Ran,

Unutmuş,

Edəcəkmiş yuxularda hərəkət.

Köhnə dünya elçiliyi unutdu,

Artemida, nə deyirlər Zəhradan?

Heyvan qədər dəyəri yox adamın,

Deyimmi,

Daha bitməz xoş günlərin səhradan!

Aid daha yer üstündə görünməz,

Hələ onu çox Hermeslər pusacaq.

Kim udub ki, yediyini sonacan,

Kron bəy,

Özündən də ac Poseydon qusacaq.

Daha söndü qəzəb yeri dənizin,

Çoxdan çıxıb lovğa qazı suların.

Hiperion daha kibrit götürməz,

Nə sirsə,

Bədbəxtlikdir işvə-nazı suların.

Qaldıq yenə yarıyolda, piyada,

Dünya varmış o gün sizə gələli!

Məktubumdan tez gəlmişəm, deyəsən,

Bağışla,

Sağ ol, canım... Afrodita, hələlik!

 

Yay günü qış

Yağış da yağmışdı, bürkü də vardı,

Nə bilim, son görüş belə olacaq.

Üzündə qorxu da, hürkü də vardı,

Ayrılıq tərs dəyən sillə olacaq.

Tərli əllərini hovxurdu səsin,

''Qurtardıq'' deyəndə dilin əsirdi.

Nəfəsin istiydi, donurdu səsin,

Bədənin əsirdi, əlin əsirdi.

Bir ah küləklərə atdı özünü,

Küləklər ahına uçurdu qışı.

Aramız soyudu isti yay günü,

Elə soyudu ki... don vurdu qışı.

Şaxta gileylənib ağladı qara,

Yolların danlaqdan üzü bərkidi.

Yaman sərtlik düşdü yumşaqlıqlara,

Əyrisi bərkidi, düzü bərkidi.

Sürüşdü palçıqda don ayaqqabım,

Qartımış qürurum qara yıxıldı.

Titrək kirpiyinə dözmədi tabım,

Donuq göz yaşında tara yıxıldı.

Sifətin ağappaq... üzüqara mən,

Gecə gözlərinə yağırdı ağ qar.

Sən qaldın...

Gedirəm üzü qara mən,

Küçə qar...

Həsrət qar...

Sinəmdə dağ qar...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!