Nigaran - Qəşəm İsabəyli - şeirlər

İnşallah

Gəlməyə vaxtmı tapdın, səksən yaşım?!

M.İsmayıl

Niyə gözünü qorxudursunuz 80-nin, ustad?!

Niyə sinəsindən basıb, "gəlmə!" deyirsiniz?!

Allah irağ eləsin,

Sizsizmi gəlsin, deyirsiniz?!

Niyə 80-ni pərt eləyirsiniz?!

Keçib gəldiyiniz yolunuza baxırsınızmı?!

Dönüb sağ-solunuza baxırsınızmı?!

Hanı özündən başqa heç kimə güvənməyən

Müzəffər Şükür Məchul -

Ağır günlərinizin dostu?!

Hanı sevinci şaqqıldamaq olan Şəmşad Rza?!

Hanı sakit təbiətli Davud Nəsib?!

Yerişindən yer inciməyən

Ələkbər Salahzadə hanı?!

Hanı susanda susqun,

Danışanda çılğın danışan İsa İsmayılzadə?!

Əminiz oğlu - məclis adamı Qoca hanı?!

Hələ tanımadıqlarım neçəsi!

Qocaman palıd kimi tək qalmısınız -

Mərhum İlyas Tapdıq demişkən -

"Dövrəniz açılıb... xarman kimi!"

80-ni koruxdurmayın, ustad,

Koruxdurmayın!

Gül-çiçəklə qarşılayın 80-ni,

Gül-çiçəklə!

Gülümsəyin üzünə, ustad,

Gülümsəyin!

Qoy gedib 85-i də gətirsin!

85 də gedib 90-nı gətirsin!

Və arzusunda olduğunuz 96-nı da

90 gətirsin!

Narazı qalmaqla

Göz qaytarırsınız bəlkə?!

İnanıram,

100-ü də narazı qarşılayıb,

Narazı da yola salacaqsınız,

Axı 105 var qabaqda,

Axı 110 var qabaqda!

"Görəsən, onların əhvalı necədi?!"  -

Fikirləşəcəksiniz!

Biləcəksiniz əhvalını, inşallah, ustad,

Biləcəksiniz!

 

Bəstəkar Oqtay Rəcəbovun

babası Əbil Məlikməmmədov

ballada

Dahi bəstəkarımız Tofiq Quliyev

(Necə ki, mərhum Rəşid Şəfəqin sözüdü -

İstəyirsən Tofiq Quliyevi çalmıyasan,

Çalmaya bilmirsən!)

"Qafqazın Kabalevskisi" deyərdi

Oqtay Rəcəbova.

Qubanın Digah kəndindən Qusara keçəndə,

Oqtay müəllim yadıma düşdü,

Götürüb zəng elədim.

- Ay Qəşəəəm, inanmazsan,

Qırx ildən çoxdu Digahı görmürəm! - Dedi.

Dedi, amma qəmli demədi. - Ana babam

Əbil Məlikməmmədov Digahlıydı,

Özü Azərbaycan türkü olsa da,

Beş arvad almışdı, beşi də ləzgi...

Əslində, arvadların birincisini özü almışdı,

Qalanları da özlərinə günü gətirmişdi.

 

Bütün Digah bilir ki, 140 il yaşayıb babam,

Onda "Ginnesin Rekordlar kitabı"

                                        dəbdə deyildi,

Yoxsa uzunömürlü kimi adı düşərdi o kitaba.

Mən Əbil kişinin nəvəsi Gülsəbanın oğluyam.

 

Bayaq dedim, babam beş arvad almışdı...

Birinci arvadı bir cüt qız doğur...

Baxır ki, kişi pərt olub.

- Qəm eləmə, Əbil, - deyir, - sən mülkədarsan,

Olmaz ki, oğlun olmasın, yoxsa nəslin itər.

Qoy gedim sənə bir ləzgi qızı alım...

- Özünə günü gətirmək istəyirsən, nədi?!

- Təki sənin kefin pozulmasın, Əbil!

Babam da məmnun olur:

- Allah ürəyinə görə versin, arvad,

Hər köpəkqızı bu yükün altına girə bilməz!

 

İkinci arvad da bir cüt qız doğur...

Baxır ki, kişi pərt olub.

- Qəm eləmə, Əbil, - deyir, - sən mülkədarsan,

Olmaz ki, oğlun olmasın, yoxsa nəslin itər.

Qoy gedim sənə bir ləzgi qızı da mən alım...

- Özünə günü gətirmək istəyirsən, nədi?!

- Təki sənin kefin pozulmasın, Əbil!

Babam da məmnun olur:

- Allah ürəyinə görə versin, arvad,

Hər köpəkqızı bu yükün altına girə bilməz!

 

Babamın üçüncü arvadı da

Kim olsa yaxşıdı, Rəbiyyə nənəm?!

O da iki qız doğur.

O da gedib Qusardan bir ləzgi xanımı alır:

- Ayağı düşərli olsun, - deyir, - Əbil!

 

Dördüncü arvaddan da bir cüt qız...

O da gedib beşincini gətirir.

 

Babam qəmli-qəmli baxır təzə arvada:

- Qızqarınlar nə doğdu mənə ki,

Sən arvadqarın nə doğasan?!

- Allahın işinə əl aparma, Əbil,

Sən mülkədar oğlu mülkədarsan,

Olmaz ki, oğlun olmasın, səbr elə!

 

Doqquz ay, doqquz gün,

Doqquz saatın tamamında

Bir cüt oğlan doğur beşinci arvad.

Onda babamın 90 yaşı varmış,

Ləzgi arvadın 60...

 

Sevincindən Əbil babam daha 50 il də yaşayır.

Dünyanı tutub getmək istəyirmiş,

Amma cənab Əzrayıl bir gün çökür sinəsinə.

Babamı aparıb Digah qəbiristanlığında

Torpağa tapşırırlar!

Bir adamın da gözündən bir damcı çırtlamır!

Başımı itirmişəm...

Maşallah, oğul nəvəm 13 yaşına da girdi!

Səhərdən fikir məni götürüb,

Fikir... fikir... fikirləşirəm,

Bir yerə çıxara bilmirəm ki bilmirəm... -

Başımı itirmişəm!

 

Bunun geyimi-kecimi var,

Yeməyi-içməyi var bunun,

Özü deyənlə desəm -

Sinemaya getməyi var...

Bilmədiyim ingiliscə onu bilirəm ki... -

No problem!

 

Bunun vaxtlı-vaxtında yatıb-durmağı...

Oyunu, gəzintisi...

Dərsi, oxumağı... -

No problem!

 

Bunun seksi də var axı!

Bu elə dolaşıq düyündü,

Nə məktəb aça bilir,

Nə psixoloq,

Nə cəmiyyət,

Nə də biz - valideynlər! -

Başımı itirmişəm!

 

Bayaqdan qızları düşmən bilərdi,

Gözünü yumardı gözəl görəndə:

- Nifrət edirəm onlara!

 

İndi - suyuşirin birini görsə,

Qaşları çatılır, xəyala dalır,

Birdən işıq düşür sifətinə.

Köpəyoğlu salıb məni çətinə... -

Başımı itirmişəm!

 

Zibil

Hər səhər əlimə zibil vedrəsini alıb,

Aparıb konteynerə boşaldanda,

Fikir məni götürür -

Bir mən deyiləm axı!

Hər saat, hər dəqiqə, hər an belə

Minlər, milyonlar,

Milyardlardı zibil atan...

Bərk narahatam! -

Haçansa altında

Qalıb eləmərik, görəsən?!

 

Nigaran

Həkəri çayının qırağındaydı evimiz,

Səhərlər şırıltısına oyanardıq biz.

Sonra Qarabağ davası düşdü araya,

Sonra düşmənə verdik Qubadlını,

Sonra da yığışıb gəldik Bakıya.

 

Hər səhər hövlnak oyanıb atam,

Görərdim, oturub narahat baxır:

- Ay qızım, Qərənfil, ay bala,

Dayanıb, deyəsən, çay axı?!

Bayaqdan dinşəyirəm -

Səsini eşitmirəm!

- Ay ata, Həkəri hardadı?!

Qubadlı əsirdi - dardadı!

- Həəə... bala...

Vaxt vardı ayıqdım quşdan mən,

Görünür, getmişəm huşdan mən?!

 

Ölüncə Həkəridən

Nigaran oldu atam,

Nigaran öldü atam!

Tərəddüd

 

Geydim çəkmələrimi,

Ayaqlarım da hazırdı yeriməyə.

Hələ də fikirləşir başım:

- Gedim-getməyim?!

Su... çay... sahil...

Su nə dilində danışır?

Çay nə dilində anlaşır?

Sahillər düşürmü başa?!

 

Birlik

Bu odda birlik hardandı?

Bu suda birlik hardandı?

Biz niyə pərakəndəyik?!

 

Bəlkə

Bəlkə türklüyümüzdü

Bizi birliyə gətirməyən?!

Bəlkə İslamdı

Bizi pərakəndə salan?!

Bəlkə qanımız dəyişib,

Xəbərimiz yoxdu?!

Niyə bəs balıq

Kimi soyuqdu?!

Bəlkə... bəlkə... bəlkələr...

Təkrar-təkrar "bəlkə" de,

Bəlkə anladın birliyin gücünü!

 

Günah

Rəhmətlik Quba nənəm vardı -

Anamın anası.

Biz üç qardaş dava salıb,

Hər kəs də özünü haqlı biləndə,

Quba nənəm kimin günahı nədirsə,

Öz ayağına da yazmağa çalışardı.

Odur ki, deyərdi:

- İydə varsa, cəhrədə də var.

Ailə söz-söhbətlərində

Biz valideynlərin

Bəs deyincədi günahı.

Uşaqlarımızdan

Daha ağıllı,

Daha uzaqgörən,

Daha tədbirli

Bilirik özümüzü.

Uşaqlarımız da,

Bir söz deyən kimi,

Tüklərini qabardır -

Geridəqalmış sanırlar bizi.

Hədd - sərhəd

Bizdə hər şeyin həddi var,

Özü də rəngbərəng -

Qırmızı, sarı, yaşıl

Səddi var.

Pul qazanmağın da

Sərhədi var.

Təkbaşına

Hacı Zeynalabdin

Ola bilməzsən bizdə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!