Beşbirlər... - Vidadi Həsənov - Yeni şeirlər

 

...Zalım gecələrdə

Ay şəkli çəkərəm

göy üzünə,

körpə təbəssümü ilə

doğular səhər günəşi -

xoşbəxtlik də belədi...

***

...Sərçə balası boyda

bir ürək çırpınır

kolların arasında,

yarpaq-yarpaq tökülür

payız yağışı -

qürub qorxudur məni...

***

...Qarğalar,

qara buludlar kimi

qara qarğalar,

ağ lələklər tökülür

tökülür göy üzündən -

xəzan vaxtıdı...

***

...Kəpənək donunu

soyundu

bir qız,

qəfil şahə qalxdı

vəhşi bir ayğır -

mart ayıdı...

***

...Yanımdan

mart səhərinə oxşar

bir qadın keçdi,

havalandı

günahların ağ yelkəni -

bu an, bir an çəkdi...

***

...Sən mənə

nifrət edəcək qədər

ağılsız,

mən səni

unudacaq qədər sərsəm -

göydən dəyənək yağacaq...

...Kirpiklərində

dünənki gecənin

şəhvəti,

dünənki sevgi

artıq keçmişdi -

vidalaşmadan getmə...

***

...Həqiqət

nə acıdı

nə də şirin,

yalanlarsa

sadəcə, gözəldi -

sevgi yoxdursa...

***

...Bu kədər

ərini itirmiş

qadın kimidi,

bu qadın necə də

öz kədərinə oxşayır -

bir körpə ağlayır...

***

...Sırğagülü rəngində

bir qız yanağından

öpüb qaçasan,

qaçıb baş vurasan

suqovuşana -

heyif, üzə bilmirəm...

***

...Şanapipik

uç get burdan

ağılsız quş,

yemişan qoxuyur

qara sevda rüzgarı -

yol saçını salxım söyüd...

***

...Qocalıq

ayaqdan başlayır

sən demə,

yaxşı ki,

balıq deyiləm -

corablarımı yuyum gərək...

***

...Burda

sükutdan başqa

heç kim yoxdu,

qaranlıqdı

bir də mən -

mən də ki, heç...

***

...Qorxunc dalğalarla

çarpışıb-vuruşan

tənha qayıq,

bu sıldırım qayalar

səni gözləyir -

sən qurbanlıqsan...

***

...Uçuş xəttində

çapalayan

yaralı bir quşa baxır,

təyyarəyə gecikən

bəxtsiz bir sərnişin -

taleyin kələfi dolaşıb...

...Bu boş kətil

bu sallanan kəndir

bu da kül olmuş əlyazmalar,

bu isə saman tayasına

od vurmuş qoca -

gedir dəstəmaz almağa...

***

...Qeyd oldu

bir cəlladın gözündəki

ani mərhəmət,

bir qadının qəlbində

nifrət doğuldu -

qan qusur qəddarlıq...

***

...Qadın ətri saçan

bir misraya

bürünüb Aylı gecə,

ürəyim ağzımdan gələnə gədər

şeir yazacam -

Ramiz Rövşən, nə var, nə yox?..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!