Getdikcə daş olur, heykələ dönür, bu dilsiz şeirlər, bu lal şeirlər... - Faiq HÜSEYNBƏYLİ - şeirlər

Mən sənin içində aza bilərdim,

Söz-söz öz qəbrimi qaza bilərdim.

Mən səni sərbəst də yaza bilərdim,

Məni heca-heca öldürən şeir.

 

Şirin xəyallarda yata bilərdim,

Uduza bilərdim, uda bilərdim.

Mən səni... mən səni ata bilərdim,

Məni el-aləmə güldürən şeir.

 

Sənsiz də bu yolu gedə bilərdim,

Qələmlə qəlbimi didə bilərdim.

Mən sənə xəyanət edə bilərdim,

Ömrümü-günümü solduran şeir.

 

Hanı xoş saatın?

Hanı xoş anın?

Nə qədər varağa axacaq qanın?

Kimin əllərində çıxacaq canın,

Ruhumu göylərə qaldıran şeir?

 

Söz də xəstəlikdi... yoluxdun belə,

Özünü itirdin, karıxdın belə...

Darıxdın, darıxdın, darıxdın belə,

Könlümü-köksümü dolduran şeir.

 

Çox gəlib keçiblər, çox qələmiylə,

Kimi ac, kimisi tox qələmiylə.

Kəfən varağıyla, ox qələmiylə,

Can alan, qan tökən, "Çaldıran" şeir.

 

Sahilsiz dəniztək coşanda təblər,

Dərdə dərman olar söz kimi... həblər...

Göydən daş yağdırar Əbuləhəblər,

Daşlar başa düşər... başlar daş olar.

 

Şeir şeir kimi ölər-dirilər,

Şeir şeir kimi ah çəkib gedər.

Söz qalmaz dünyada... sonuncu adam

Şeiri öldürər, öldürər gedər.

 

Allahın yadından çıxar adamlar,

Allahın yadından çıxar şeirlər.

Baxar qəmli-qəmli söz adamına,

Çarəsiz-çarəsiz baxar şeirlər.

 

Yatmış vicdanını oyadar bir gün,

Dənizdən dağlara qayıdar bir gün,

Dağlardan göylərə axar şeirlər.

 

Adamlar əriyib cəmiyyət olar,

Söz sözdən doğulub kəmiyyət olar.

Çiçəyə çevrilər, gülə çevrilər,

Palıda çevrilər, söyüdə dönər.

Qayıdıb yenidən təbiət olar,

Bu duman şeirlər, buxar şeirlər.

 

Söz ağırdı, kimsə çıxmaz altından,

Söz keçir insanın yeddi qatından.

Kiminin evini tikər altundan,

Kiminin evini yıxar şeirlər.

 

Göz yaşı içində qəhqəhə çəkər,

Gözünü ovuca sıxar şeirlər.

 

Getdikcə daş olur, heykələ dönür,

Bu dilsiz şeirlər, bu lal şeirlər.

Min ildi süzülür dağ çiçəyindən,

Min ildi mayası ana südünnən,

Süzülür ruhlara halal şeirlər.

 

Sümüyü atadan, qanı anadan,

Bədəni atadan, canı anadan...

Biçilib əyninə donu anadan

Bu ağıl şeirlər, ahıl şeirlər,

Bu şirin şeirlər, bu bal şeirlər

Doğulur dünyaya bir övlad kimi.

 

Kimə doğma gəlir, kimə yad kimi,

Yaşayır ömrünü istedad kimi.

 

Çörəyə çevrilmir, duza çevrilmir,

Oğula çevrilmir, qıza çevrilmir.

Elə hisslər var ki, min il də yazsan,

Şeirə çevrilmir, sözə çevrilmir.

 

Beləcə tükənir şairin ömrü,

Başdaşı boylanır söz məzarından.

***

Hər gəlişin bir dönüşü olursa,

Burax məni, getməliyəm bu axşam.

Bu sevginin əvvəli yox, sonu yox,

Sevməyi tərgitməliyəm bu axşam.

 

Saçlarımı bəyaz dənə tapşırıb,

Çəmənləri yasəmənə tapşırıb,

Cismi Ona, Ruhu Sənə tapşırıb,

Yox olmalı, itməliyəm bu axşam.

 

Bu eşq ilən Yaradana yar olub,

Yox oluram, yoxluğumla var olub...

Son nəfəsdə bülbül kimi zar olub,

Son nəğməmi ötməliyəm bu axşam.

 

Sən də öyrən uçmağa tək qanadla,

Yalnızlıqla, intizarla, inadla.

Xatirətək bu soyadla, bu adla,

Ürəyində bitməliyəm bu axşam.

 

Gül ömrü də fəsillərlə solursa,

Buludlar da boşalırsa, dolursa,

Hər gəlişin bir dönüşü olursa,

Mən səni tərk etməliyəm bu axşam.

 

Bu sevginin əvvəli yox, sonu yox,

Burax məni, getməliyəm bu axşam.

Nə qədər istəsən qar ol, yağış ol,

Nə qədər istəsən yağ varaqlara.

Onsuz da ömürdən yıxılır günlər,

Onsuz da olmuşam bağ varaqlara.

 

Özü öz ömrünü qocaldan mənəm,

İlləri qısaldıb, azaldan mənəm.

İntizar heykəli ucaldan mənəm,

Dərd şəkli çəkirəm ağ varaqlara.

 

Küləyin saçını yolub gəlmişəm,

Bağışla, gül kimi solub gəlmişəm.

Bahar buluduyam, dolub gəlmişəm,

Bir az da şimşək ol, çax varaqlara.

 

Eşqinə tapındı müctəhid qanım,

And oldu adına bu tövhid qanım...

Ey müqəddəs qanım, ey şəhid qanım,

Hər gecə axırsan... ax varaqlara.

 

Hələ harasıdı? Hara büründün?

İsmətə, abıra, ara büründün...

Yağışa büründün, qara büründün,

Dumantək çəkildin dağ varaqlara.

 

Sonuncu arzuydum, dedin, bitirdin,

Şeirin içində salıb itirdin.

Məni misra-misra yedin, bitirdin,

Səni çıxmayasan sağ varaqlara.

***

Gedirik yazdan payıza,

Günəşdən küləyə kimi.

Külək də qədim küləkdi,

İşləyir iliyə kimi.

 

Qismətdi, gəl indi yoz da -

Axtardım Ayda, ulduzda.

Çevrildi sevdiyim qız da,

Şeytandan mələyə kimi.

 

Hərdən yayda yağır qarın,

Tərs gətirir ruzigarın.

Süzülürsən narın-narın,

Torpaqdan ələyə kimi.

 

Tanrım, verdin haçan ömrü? -

Güllə kimi uçan ömrü...

Qaytar hədər keçən ömrü,

Kəfəndən bələyə kimi.

***

Yağışdı, doludu, dumandı, qardı,

Tufandı, küləkdi - ömürdü belə.

Bir üzü payızdı, bir üzü bahar,

Hiylədi, kələkdi - ömürdü belə.

 

Həzindən həzindi xəyallarında,

Nə varsa özündü xəyallarında.

Bir azca uzundu xəyallarında,

Bir azca gödəkdi - ömürdü belə.

 

Hərdən əldən düşür... və süslənirsən,

Hərdən qırılırsan, düşüb sınırsan.

Hərdən yaşamağa həvəslənirsən,

Hərdən də fələkdi - ömürdü belə.

 

Özün də bilmədən düşürsən, lələ,

Bir səhvin üstündə yüz gün əngələ.

Qalibsən, məğlubsan, bilmirsən hələ,

Qırılan biləkdi - ömürdü belə.

 

Təki tək üstünə, nəhsi bir yana,

Sözü bir yanadı, səsi bir yana...

Yaxşını bir yana, pisi bir yana,

Ələyən ələkdi - ömürdü belə.

 

Hərdən qasırğadı, coşan dənizdi,

Hərdən lal qayadı, sakit, təmizdi...

Boyuna ölçülən beş arşın bezdi,

Kəfəndi, bələkdi - ömürdü belə.

Yağış yağır bu axşam,

Yaz yağışıdır adı.

Nə əvvəlki rəngi var,

Nə də əvvəlki dadı.

 

Yağış yağır bu axşam,

Xatirələr üstünə.

Yaz yağışıdır adı,

Göz qamaşır tüstümə.

 

Sönür yağış altında

Közüm külə çevrilir.

Ölür bu adam burda,

Ölür burda... dirilir.

 

Axşam niyə yağdı ki?

Səhər yağsaydı barı.

İş-güclə aldadardım,

Hissləri, duyğuları.

 

Yağır leysan yağışlar,

Pəncərəni bağlama.

And verirəm torpağa,

Bəsdi daha, İlahi,

Bəsdi daha, ağlama.

***

Bir Allah bilir ki, nələr yazardım,

Dilim bu sevgidə lal olmasaydı.

Yağışla, doluyla, qarla gələrdim,

Sənə yer üzündən yol olmasaydı.

 

Ətir qoxuyarmı güllü kainat,

Sevgisiz bu qaragünlü kainat.

Mənasız olardı külli-kainat,

Bu könül eşqinə qul olmasaydı.

 

Gəl, ey taleyimin nuru, səhəri,

Dilləndir içimdə dəli kəhəri...

Bu arı ömrümün nədir dəyəri,

Sənin dodaqların bal olmasaydı?

 

Qalmadı canımda halım hal kimi,

Gəldin həyatıma bir xəyal kimi.

Düşməzdin içimə qara xal kimi,

Lalətək sinəndə xal olmasaydı.

 

Bağlanıb adıyla adına Faiq,

Düşürmü arada yadına Faiq?

Min il də yanardı oduna Faiq,

Min il də yanardı, kül olmasaydı.

***

Saxlama həsrəti qiyamətlərə,

Saxlama... ən şirin çağları unut.

Daha zəng eləmə hər səhər mənə,

Hər axşam çəkdiyin ahları unut.

 

Deyirlər, gözəllik doqquzdu, ondu...

Bu necə başlanğıc, bu necə sondu?

Dondur o səsini, sözünü dondur,

Sinənə çəkdiyim dağları unut.

 

Dedin, bu məhəbbət ayrılıq dadır...

İlahi Eşq idi eşqimin adı.

Ürəyə hökm elə, "hə" deyən odur,

Dilinnən asılan "yox"ları unut.

 

Qan ilə yuyummu qan... savaşınla...

Öldürmə bu ruhu sən savaşınla.

Qalibsən ruh ilə can savaşında,

Köksünə sancılan oxları unut.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!