"Qırx qəzəl - Qırx şərh" kitabından... - Arif BUZOVNALI - Xəzinədən incilər - Saib Təbrizinin qəzəlinin şərhi

 

Çıxardi xətt, mənəm zülf mübtəlası hənuz,

Dügün saqaldıvu başımdadır qarası hənuz.

 

Xətin ğübari quyaşi əgərçi yaşurdi,

Gözümi xirə qılur yüziyin səfası hənuz.

 

Bahar yetdi də qanlar ki, tökdi gözlərdən,

Xəzan olanda nələr eyləsün cəfası hənuz.

 

Suvardılar qılıncıla məgər gülüstanı,

Ki, bir-birinə qovuşmaz gülün yarası hənuz.

 

Həyat suyuna bir dağ qoydu rəşki-ləbin,

Ki, keçdi ömri-əbəd, tüşmədi qarası hənuz.

 

Mühiti-eşq ara mən ol hübabi-bibakəm,

Ki, getdi başımu başımdadır həvası hənuz.

 

Vüsal ümidinə ömrün keçirdi küyində,

Yetişməz işlərinə Saibin duası hənuz.

Qəzəlin şərhi

1) Çıxardi xətt, mənəm zülf mübtəlası hənuz,

Dügün saqaldıvu başımdadır qarası hənuz.

Üzünə xırda tüklər çıxıb, hələ də saclarına vurğun qalan mənəm. Vurduğu yaraların tikişləri sağalıb, qarası (közü) isə hələ də başımdadır.

Şərh: İnsan saçla dünyaya gəlir, üzünə tük isə yeniyetmə yaşlarında çıxır. "Xətt" klassik ədəbiyyatda üzdə çətin görünən sarı narın tüklərə və ya təzə çıxan bığa, saqqala deyilir, heyva və ya şaftalının üstündə olan tüklərlə müqayisə edilir. Şair, yarının bir çöx gözəllikləri varkən və gözəlləşməyə hələ də davam edirkən ilk heyran olduğu nöqtədə qaldığıni, o heyranlığın hələ də keçmədiyini deyir. Aşiqlər yarın çöhrəsində yeni gözəlliklər kəşf edir, şair isə hələ də vurğun olmağına səbəb olan ilk gördüyü gözəllikdədir.

Yaralar çoxdan bitişsə də, tikişlərin yeri sağalsa da, közlər hələ də qopmayıb və o yaraların yeri hələ də görünməkdədir. "Başımdadır qarası" ifadəsi həm də saçın qaralığına işarədir. Yəni hələ saçım ilkin halındadır, dəyişməyib, həyatın saç ağardan məşəqqətləri, çətinlikləri məni haqq yoldan çıxartmayıb. Bu yolda gənclər kimi qüvvəli, həyəcanlı və inadkaram.

İrfan: "Xətt" kəsrəti, çoxlugu ifadə edir. "Zülf" isə irfani termin kimi həqiqətə gedən yol, həqiqətin mahiyyəti, məğzi, zatı anlamını daşıyır. Yaradanın zatı "vəhdət"in və "tövhid"in özüdür. Bütün dünyəvi fəlsəfələr azdan çoxa, kiçikdən böyüyə inkişaf edərkən "vəhdət" böyükdən kiçiyə, çoxdan təkə dogru hərəkəti özündə ehtiva edir. "Allahdan gəlmişik və Allaha qayıdacağıq" ifadəsi "tək-çox-tək" düsturu ilə hərəkəti bildirir. Bu mənada şair hələ də ilkin "tək" halında qaldığını "kəsrət"ə uğramadığını, "öz"ünü tapmaq üçün bir nöqtənin, bir yolun, bir mənanın ona yetdiyini vurğulayır.

Hikmət: İnsanın dünyada çox şeyə həvəs etməsi onu yarımçıq edər. Bildiyi uzun yoldan getmək insanı hədəfə bilmədiyi qısa yoldan daha tez çatdırar.

2) Xətin ğübari quyaşi əgərçi yaşurdi,

Gözümi xirə qılur yüziyin səfası hənuz.

Üzündəki nöqtə kimi tüklərin günəşi gizlətdiyinə baxmayaraq, üzünün səfası hələ də gözlərimi qamaşdırır.

Şərh: Günəşə yalın gözlə baxdıqda göz qıyılır və qamaşır.

Toz kimi nöqtə-nöqtə tüklər sənin günəş kimi parlaq üzünü örtsə də, hələ də üzünün gur işığı gözlərimi qamaşdırır.

İrfan: Bəzi həqiqətə oxşayan yalanlar əsl həqiqəti gizlətsələr də, aşiq məşuqundan özgə heç nəyi görmədiyi üçün bu yalanlara uymaz və "tək" bildiyini "çox"lara dəyişməz.

Hikmət: Həyatı şirin edən və insanı rahatladan yalanlar həqiqəti unutdurmağa hesablanmış tələlərdir. Bu tora düşənlər ömrünü yalan və riya ilə heç edər.

3) Bahar yetdi də qanlar ki, tökdi gözlərdən,

Xəzan olanda nələr eyləsün cəfası hənuz.

Baharın gözlərdən tökdüyü qanlar bəs etdi, payız nə edə bilər ki, cəfası təsirli olsun?

Şərh: Bahar fəsli çəmənləri qırmızı güllərə qərq etdi. Eşq əhli həsrətlə ağlayarkən güllərin al rəngi onların göz yaşlarında əks etdi. Sevgilini anıb bu gözəlliklərə qan ağladılar. Baharın onlara verdiyi kədər elə çox və şiddətli oldu ki, payızın qəmi daha onları qorxuda bilməz. Təbiətə ölüm gətirən payız, dirilik bəxş edən bahar qədər təsirli olmadı.

İrfan: Aşiqi ölüm qorxuda bilməz, çünki məşuqdan ayrı yaşanan həyat onun üçün ölümdən daha betərdir. Bu mənada naz-nemətin içində yaşanan həyat, məhdudiyyətlər içində yaşanan həyatdan heç nə ilə fərqlənməz. Daha pisi, bu qədər gözəllik varkən və sənə xidmət edirkən qəmlər içində qalmaq özü də bir qəmdir.

Hikmət: İnsan mənəvi əzablarını maddi gözəlliklərlə aradan qaldırmağa cəhd etdikcə daha çox əzaba düçar olur.

4) Suvardılar qılınc ilə məgər gülüstanı,

Ki, bir-birinə qovuşmaz gülün yarası hənuz.

Məgər gülüstanı qılıncla suvardılar ki, gülün yarası hələ də bitişməyib?

Şərh: Qəzəl janrında hər beyt müstəqil ola bilir və ümumi mətndən və ya mövzudan kənara çıxa bilir. Dəqiq ipucu olmadığına görə bu beytin bir neçə mənaya yozulması mümkündür. Burada müharibə səbəbindən iki ayrı dövlətdə yaşamağa məhkum xalqdan da söhbət gedə bilər, Peyğəmbər övladlarının Kərbəla çölündə qətlə yetirilməsinə də işarə oluna bilər.

Gülün qönçə halı onun dünyadan xəbərsizliyini bildirir. Qönçə hələ maddi aləmin amansızlığını dadmayıb. Açılıb gülə çevrilincə bütün bəlalardan xəbərdar olur. Dəyərini bilməyənlərin, gözəlliyinə biganə olanların əlinə düşür, layiqi olmayana hədiyyə edilir. Bir-birindən aralanmış ləçəkləri həyatdan aldığı yaralardır.

İrfan: Eşq yolunun yolçusu dünyəvi bəlaları daddıqca ürəyi parçalanar və heç vaxt dünya ilə barışmaz, ona tabe olmaz.

Hikmət: Gülüstan - dünyanın içindəki ruhaniyyətin rəmzidir. Haqqı söyləyən bir ruhlu, eyni əqidəli insanların birləşmələrinə imkan verilməz və onlar həmişə təqib olunarlar.

5) Həyat suyuna bir dağ qoydu rəşki-ləbin,

Ki, keçdi ömri-əbəd, tüşmədi qarası hənuz.

Sənin dodaqlarına olan qısqanclığı dirilik suyunun ürəyinə elə dağ basdı ki, əbədi ömründə o dağın közü düşmədi.

Şərh: Dirilik suyu onu dadanın ömrünü əbədi edir. Ölüm həmin şəxsdən uzaqdır.

Ləb, klassik ədəbiyyatda irfani istilah kimi Yaradanın sözünə və onun mənasına işarədir. "Ol" kəlməsini iradə etməklə Allah yoxdan var etmişdir və bütün məxluqlara həyat vermışdir.

"Dirilik suyu"nun "ləb"ə olan həsədi, qısqanclığı həm Onun kimi yoxdan var edə bilməməsi, həm də özünün bir məxluq olduğunu qəbul etməməsidir. Burada "dirilik suyu" insanı anladan obrazdır. Çünki insan dünyəvi vəzifə və imkanlara sahib olduqca kibr və şəhvətin əsirinə çevrilər. Hər kəsə yuxarıdan baxar, ona möhtac olanları incidər və nəticə etibarilə Allaha asi olar. Hər belə təkəbbür sahibinin sonda uğradığı əzab və utancdan nəticə çıxarmayan insan əbədiyyətə qədər haqqın nahaqqa vurduğu yaranın daşıyıcısıdır.

İrfan: Sevgilinin dodaqlarından qopan həqiqətlər dünyəvi sevdaların puçluğunu üzə çıxartdı, dünyanın eşq əhlini ram edə bilməyəcəyini üzünə vurdu və dünyanın qəlbinə dağ çəkdi.

Hikmət: Allah həyatı xəlq edən dəmdən həyat bu qüdrətə həsəd apardı. İnsanlar öz Yaradanlarına şəkk etdilər, ona şərik qoşdular. Bəzən də öz mənfur niyyətlərinə Yaradanı alət etməyə çalışdılar. Ömrü əbədiyyət qədər uzun olan bu müddətdə dünya əsl həqiqəti görə bilmədi, içindəki təkəbbürdən azad ola bilmədi.

6) Mühiti-eşq ara mən ol hübabi-bibakəm,

Ki, getdi başımu başımdadır həvası hənuz.

Eşq okeanında mən o qorxusuz qabarcığam ki, başım getsə də, eşq havası hələ də başımdadır.

Şərh: Havalı insan və ya başıhavalı insan dedikdə isə müəyyən psixoloji qüsuru olan insan nəzərdə tutulur. Əqidəsinə, sevgisinə, işinə normal olandan daha böyük şiddətlə bağlı olan insanlara cəmiyyət içində "havalı", "dəli" kimi adlar qoyulur və onlara daim bu prizmadan baxılır.

Qabarcıq suyun köpüklənməsindən, təlatümdən, suyun hərəkətindən yaranır.

Eşq okeanında mən qorxusuz qabarcığam. Bu okean elə təlatümlü, elə dalğalıdır ki, mən məhv olsam da, minlərlə dəfə yenə yaranacağam. Bu okeanda olmaq, eşq dalğaları arasında üzmək havası qabarcığın içindəki hava kimi deyil. Qabarcığın başı getsə də, eşq mənim başımdan getməz.

İrfan: Əcəl aşiqdən heç nə əskiltməz. Əksinə, ona vüsala yetişməkdə yardımçı olar. Eşq aşiqin ruhundadır, cismində deyil. Ancaq cismə gücü çatan ölüm eşq əhli üçün qorxulu deyil.

Hikmət: İnsanların cismani ömrü zamana tabedir, ruhani ömrü isə zamansızdır. Həqiqət uğrunda mübarizədə varsansa, sən öləndən sonra yolunu davam edənlər də elə "sən"dir, necə ki, sən bu mübarizəyə qoşularkən səndən öncəkilərin yolunu davam etdirən "onlar" idin.

7) Vüsal ümidinə ömrün keçirdi küyində,

Yetişməz işlərinə Saibin duası hənuz.

Saib vüsalına yetmək ümidi ilə ömrünü sənin qapında keçirdi, hələ də dualari işinə əncam etməyib.

Şərh: Saib sənin qapında ömrünü dualarla keçirdi. Sənə qovuşmaq ümidi ilə yaşadı. Amma hələ də istəyinə çatmayıb.

İrfan: Aşiq harda olursa-olsun, qəribdir. Hər harda can verərsə, ora yarın astanası, qapısıdır. Vüsala yetmək istəyi ən ali nöqtəyə çatanda bu qapı onun üzünə açılar.

Hikmət: İnsan, adətən, zəhmətinin çox, qazancının azlığından şikayət edər. Lakin mənəvi məsələlərdə hər zaman qazanc zəhmətdən qat-qat çox olar. Bu qazancın insana təslimi həmin anda və ya az sonra olmaya bilər. Ola bilsin ki, illər sonra mükafatını alsın, amma məsələ qazanmaq deyil, bu ruhani halı və zövqü yaşayan insan qazancdan çox, zəhmət çəkməkdən zövq alır. Çünki maddi zəhmət çəkənləri nəticə, yəni qazanc, mənəvi zəhmət çəkənləri prosesin özü sevindirər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!