Azərbaycan... - Fikrət Qoca - şeir

 

Vətən - candı - bütöv birdi.

Müqəddəsdi, pirdi, sirdi...

Hər bir şeyin bir həddi var,

Dağın-düzün sərhədi var,

Bacı-qardaş arasında

"Sizin" - "bizim" sərhədi var.

Alnımızın qoruğunda

Qaşla-gözün sərhədi var.

İki üzün arasında

Gözlə-gözün sərhədi var.

Hər sifətdə iki üz var,

Üzlə-üzün sərhədi var.

Dilin-dişin arasında

Sözlə-sözün sərhədi var.

Azərbaycan deyəndə biz

Heç bilmədən "can" - deyirik!

Təki ürək bütöv olsun,

Ürəkdə qan bütöv olsun,

Ruhumda can bütöv olsun!

Hər bir vətən övladında

Azərbaycan bütöv olsun!!!

Bizi heç kəs bölə bilməz!

Birlik - Ruhdur ölə bilməz!

Odlar oğlu bir-birinə

Harda olsa can deyəcək

Ürəkdən, candan deyəcək.

Od oğlunun adıdır can.

Onun böyük ürəyinin

Bayrağıdır Azərbaycan