Son şeir kimi... - Aləmzər SADIQQIZI - şeirlər

Göylərin altında, yerin üstündə,

Hər gecə hönkürən bir qadın ölür...

Səhəri dipdiri açır gözünü,

Ömrünü min dərdə, qayğıya bölür...

 

Yıxılıb dünyası başdan-binadan,

Hər isti kəlmədən üşüyən qadın...

Aləmin dərdini içinə yığıb,

İçində aləmi düşünən qadın...

 

Mələk ürəyindən dar ağacına

Hər gecə yüz dəfə yolunu azar...

Barmağı ucunda yeriyər ömrə,

Ürəyi üstündə nağıllar yazar...

 

Dərdini, odunu bilən tapılmaz,

Hər axşam içindən qaralan qadın...

Günəşi unudan, Ayı itirən,

Payızın yerinə saralan qadın...

 

Qarışıb içində fəsillər, illər,

Yayda da qar yağar arzularına...

Hərdən durnalara qoşulub gedər,

Gedər on yaşının nağıllarına...

 

Nə nağıl tükənər, nə ömür bitər,

Bir tikə ümidə şükr edən qadın...

Min ildir yolları tənha yüyürən,

Min ildir bir qarış yol gedən qadın.

Son şeir kimi

Daha nə ümid var, nə də bir güman...

Nə də gücüm qalıb yaşayam ömrü...

Yoruldum... əlimdən salıram daha...

Ruhum da qalmayıb daşıyam ömrü...

 

Ayağım altına qoydum dünyanı...

Allaha göndərdim ipin ucunu...

Gedib soruşacam Yaradanımdan...

Görüm bağışlamır hansı suçumu?

 

Bu kövrək, bu yazıq, incə ürəyi

Nə qədər aldadım, nə qədər axı?..

Bir aləm vermişdi guya ki, mənə...

Ömrümü çürütdüm hey hədər axı...

 

Daha gözlərimi yoran deyiləm...

Qoy göylər ağlasın mənim yerimə...

Alıb ürəyimi çıxıb gedirəm...

Alın bir ürəksiz qoyun yerimə...

 

Kimsə qınamasın, kimsə söyməsin...

Mən özüm bilirəm cənnət hardadır...

Cənnət balaların ayağı altda...

Ölən anaların harayındadır!

 

Qoy belə dünyanı yeyən adamlar

Bir az baş qaldırıb görsün dünyanı.

Bu acgöz adamlar, dəmir adamlar

Bir az dizin döysün, söysün dünyanı...

 

Aləməm əlimdə bir ağ bayrağım....

Yenildim ömrümün ağrılarına....

Tanrım, əllərində bərk-bərk saxla ki,

Qırılıb düşməyim ayaqlarına...

Bu qərib şəhərdə qərib ürəklə...

Yalnız öz könlünü yeyə bilərsən.

Könlünün min illik ağrılarını,

Kimə danışarsan, kimə deyərsən?

 

Gözünün yaşını silən tapılmaz,

Dərdini-sərini bilən tapılmaz,

Üzünə ürəkdən gülən tapılmaz,

Kimdən giley üçün kimə gedərsən?

 

Könlünü könlünə qiblə bildiyin,

Uğruna canını qurban dediyin,

Bilsən yalan imiş yalan sevdiyin,

Kimə inanarsan, kimi sevərsən?

 

Aləmi Aləmtək duyanı yoxsa,

Bu qərib şəhərdə hayanı yoxsa,

Ölsə, gözlərini yumanı yoxsa,

Necə yaşayarsan, necə ölərsən?

Ağlayırdı Qara dəniz...

Baxıb gözümün yaşına.

Tale yenə nə oyundu,

belə çıxarıb qarşıma?

 

Nəğmə-nəğmə göynəyirəm,

Yağış-yağış yağıram.

Elə sıxmışam dişimi...

Qorxuram ki, bağıram.

 

Nə gözlərim yorulur,

Nə də susur ürəyim.

Nökəriyəm indən sonra,

Bircə tikə çörəyin...

 

Al bu ömrü bitir Tanrım,

Mən bacara bilmədim.

Bir yad ölümə gedirəm...

Öz evimdə ölmədim.

 

Dizin-dizin geri gəlləm,

Geri dön deyən olsa.

Tanrım, ürəyinə dəymə,

Arxamdan gülən olsa...

 

Mənəm hər şeyə dözürəm,

Sənintək dayağım var,

Sən də bir az öyün, Tanrım,

Mənimtək qonağın var!

***

Bir gün o dənizə müsafir olsan...

Məndən dalğalara salam deyərsən...

Bir azca ürəyin varsa gözündən...

Yetim sevdamıza ənam verərsən...

 

Bir az dili olsa xatirələrin...

Könlündə ocaqtək yanar, alışar.

Bir könül yıxmağın ağrılarını...

Sənə o ləpələr, quşlar danışar...

 

O yollar, o anlar hələ içimdə

Dünyası dağılmış umud kimidi.

Aləmi könlündən atdığın gündən,

Gözləri ağlayan bulud kimidi...

Gedəsən özünü

tapdığın yerə...

 

Çəkilib içinə sağ yaşayasan...

Dərdindən dirilən, ölən olmaya...

Ele ağlayasan ağlayanda da,

Gözünün yaşını görən olmaya...

 

Atıb bu dünyanın qayğılarını...

Unudub könlünün nağıllarını...

Gedəsən özünü tapdığın yerə...

Yerini bir görən, bilən olmaya!

 

Tanrının böldüyü yarı tapasan...

Bir tikə çörəyi yarı tapasan...

Dərdini böləsən, sirrin tapasan...

Onu səndən özgə sevən olmaya!

 

Başını qatalar, yalan deyələr..

Bir az yaxşı, bir az yaman deyələr

Qayıtma geriyə, dayan deyələr...

Ömrünü acıyla yeyən olmaya...

 

Hərdən darıxasan, hərdən anasan...

Ötən günlərini xatırlayasan...

Körpətək qoynunda hey ağlayasan...

Gözünün yaşını silən olmaya!

 

Bir Aləm var imiş unuda hamı...

Gözünün yaşını quruda hamı...

Xoşbəxt buraxasan doğmalarını...

Arxanca darıxdım deyən olmaya!

Necədir...

İbrahim İlyaslının "Necəsən"

şeirinə nəzirə

 

Bəlkə sənsiz ölmüşəm,

Soruş bir halın necədir?

Sənin ilə dil-dil ötən

Sənsiz bu lalın necədir?

 

Gözləri gözünün nuru,

İpək kimi huyu-suyu...

Hələ ürəyi dumduru,

Bu dili balın necədir?

 

Əllərim sənsiz yetimdi,

Dünya ölümdü, itimdi,

Demirsən qışın günüdü,

Əlləri yalın necədir?

 

Hər gün, hər an mənimləsən,

Gözlərimin içindəsən,

Hər dəqiqə dilimdəsən,

Görən o zalım necədir?

Yaşamağa üzüm yox,

Ölməyə də həvəsim ...

Görən niyə daşdan çıxır

Bircə tikə çörəyim?

 

Neyləmişəm, Tanrım, görən,

Gəlməyibdi xoşuna?..

Öləndə də bükərsən

gözlərimin yaşına...

 

Sənə güvənib, Tanrım...

Çıxmışam orbitimdən.

Qaytar məni özümə,

As məni Göy üzündən...

 

Yusun yağışın məni,

Küləklərin ağlasın.

Quşların layla desin,

Ay da matəm saxlasın...

 

Götür məni yanına,

Ən çox sevdiyin kimi...

Bir qəmli sazın eylə,

Çal istədiyin kimi...

Bir vaxt...

Bir vaxt bu səssiz gedişin

Ürəyinə gəlişi olacaq...

Gözlərinə baxa bilməyəcəksən...

Qırdığın ümidlərin...

Üşütdüyün çiçəklərin...

Bitirdiyin arzuların...

Güzgüyə baxanda kiçildiyini görəcəksən...

Səni mən böyütmüşdüm axı...

cəhdlərinin uğursuzluğunda anlayacaqsan...

Ən böyük uğurun məndim...

Boşuna xəyallar quranda biləcəksən...

Yıxdığın xəyallarımın çığlığını...

Ürəyinin ağrılarında döyünəcək...

Mənim də ağrılarım...

Heç vaxt dinləməyəcəksən...

Biri vardı... deyə başladığım nağılları...

Cənnətdə köməyinə gəlməyəcək...

Məni xoşbəxt etməyinin savabları...

Sən mələklərin gətirdiyiydin...

Şeytanların alıb apardığı...

***

Balaca bir küncün ola,

Ağlayasan, kiriyəsən.

Dərdin də duz yükü ola,

Ağladıqca əriyəsən.

 

Qəfildən qapın döyülə,

Görəsən, bir mələk gəlib.

Gözlərində min bir yalan,

Əllərində kələk gəlib...

 

Nə arxanca ağlayanın,

Nə də ki, gülənin ola.

Tutub əlindən gedəsən,

Sən adda ölənin ola...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!