Yanar ürək...(Ustadın xatirəsi) - Nəriman Həsənzadə

Şirməmməd Hüseynov haqqında

Əziz Ülkər Xanıma

Bir gün yerə qoymadı:

nə gözündən - eynəyi,

nə əlindən - qələmi.

Görənlər, belə gördü

Şirməmməd müəllimi.

Qalxdı -

                        şax baxa-baxa,

tay-tuşunun üzünə, -

Müəllim kürsüsündən.

Şirməmməd kürsüsünə.

 

Qızlarının atası,

xanımının əriydi.

"Cümhuriyyət" -

                        sonuncu

şahanə əsəriydi.

 

Sinədəftər deyirdi

Varaq-varaq tarixi.

Ya Qədim tarix olsun,

ya Qarabağ  tarixi.

 

İstiqlal deyirdisə,

o söz -

                        şüar deyildi.

Millətin özüydü o.

Ona oxşar deyildi.

 

Türkün qardaşlığından,

Nuru Paşadan dedi.

"Azərbaycan, sən oldun,

məni yaşadan" - dedi.

Azərbaycan deyəndə,

Bir az ucadan dedi.

 

Bir çağırış səsiydi,

himnin bir nəqəratı.

Bir hünər dünyasıdı,

bir müəllim həyatı.

 

Oyaq qaldın, indi yat

sevdiyin torpaq altda.

Vətən döyüşlərdədi,

Üçrəngli bayraq altda.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!