Çəkiləcək çarmıxa, ürəyin "İsa" kimi... - Ceyhunə Mehman - şeirlər

Nə biləsən, ayrılığın səhəri,

Gizli-gizli pıçıldaşır yağışlar.

Nə biləsən, əgər geri qayıtsan,

Tanrı səni göz yaşıma bağışlar.

 

Nə biləsən, soyuyubdur göz yaşım

Yanağıma  kədər yağır, qar düşür.

Gözlərimdə iki dünya qovuşur,

Dodağımda ölüm necə öpüşür.

 

Nə biləsən, səndən sonra hamının

Mənim ilə davası var, dərdi var.

Çoxdandır ki, taleyimin yükünü,

Daşıyammır ömür adlı nərdivan.

 

Nə biləsən, bu bitməyən əzablar

Ürəyimi ac qurd kimi yeyirlər.

Bənizimdə həsrətindi saralan,

Həkimlərim "qanazlığı" deyirlər.

 

Nə biləsən,  mənəm səni unudan,

Sənsən məni hər gün bir az itirən.

Nə biləsən, gözlərimdən tökülüb,

Yavaş-yavaş külə dönür xatirən.

Yurd yuvası talanmış yaxın Şərq ölkəsiyəm,

Sərhədlərə sığmayan bir dərdin kölgəsiyəm.

Bilməm, kimin "kaşki"si,

                           kimlərin "bəlkə"siyəm

Kimlərin dünəniyəm, kimin sabahıyam mən...

 

Gözlərimdən sürüşüb, ovcuma tökülürəm,

Açılmayan boğçatək içimdə bükülürəm

Gecələr edam olub, çarmıxa çəkilirəm,

Kiminsə duasıyam, kiminsə "ahı"yam mən.

 

Bilməm, harda itirdim o vicdanı qalnımı?!

Bilməm, harda unutdum o ürəyi yalnımı?!

Yoxluğunu büt edib, söykəmişəm alnımı,

Bütün günahsızların ortaq günahıyam mən.

 

Sənsiz bu boş şəhərdə,

                        bu çatısız evdəyəm.

Tərk edilmiş kilsəyəm,

                        güllələnmiş kəbəyəm,

"İncil"dəki yasağam,

                        "Tövrat"dakı tövbəyəm

Nə deyim, bu həsrətin,

                        dərdin Allahıyam, mən.

Gəlmə

Gəlmə, başına dönüm,

gəlmə, soyuq bir daşam.

Tərk edilmiş şəhərəm,

itirilmiş yaddaşam.

 

Töküldüm yarpaq-yarpaq,

söküldüm ilmə-ilmə.

Gəlmə, dərdim, dərmanım,

ölüm fərmanım, gəlmə.

 

Bilmə, başına dönüm,

bilmə, kiməm, nəçiyəm.

Öz dərdini yamayan,

ən naşı pinəçiyəm.

 

Gəlmə, sirrim, söhbətim,

Qəlbimdə qalanımsan.

Ən yalan həqiqətim,

ən gerçək yalanımsan.

 

Bilmə, necə yaşayıb,

sənsiz necə ölürəm.

Xəbərin yox, a zalım,

hər gün sənə gəlirəm.

 

Bir gün dinəcək inan,

qəlbindəki ağrılar.

Səni incitməyəcək,

Bu naxələf doğrular.

 

Biləndə ki, ən doğma,

ən yaxın, kəsin yoxdur.

Yəni intihar etsən,

ipini kəsən yoxdur.

 

Biləndə ki, bu dünya,

Hələ çox dəyişəcək.

Atmadığın tilova,

"Qızıl balıq" düşəcək.

 

Biləndə ki, səninki,

Yalquzaq tənhalığı.

dəryaya atacaqsan

O gün "qızıl balığı".

 

Səni incitməyəcək,

işgəncələr zülümlər.

Adiləşəcək inan,

Ayrılıqlar, ölümlər..

 

Gözlərin dolsa belə

hönkürüb susacaqsan.

Bütün peşmanlıqları

gözündən qusacaqsan.

 

Tutacaq əllərindən

keçmişin əsa kimi

Çəkiləcək çarmıxa,

Ürəyin "İsa" kimi.

 

Dəyişə bilmədinsə,

Sən bu "ağ-qara" fonu

Bağlanacaq pərdələr,

Bu da filmin sonu...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!