Ayıl, mən sənin yuxunam ... - EMİNQUEY - şeirlər

O gün anamın avazına oyandım,

nə ev təmizləyirdi,

nə pəncərə,

heç evimizin çölə pəncərəsi də yox ki,

açıb udasan otların qoxusunu,

Günəş sığal çəkə dibçəklərə,

gözlərini ovxalayıb

tökəsən küçələrə gözlərinin yuxusunu.

 

Atamçun oxuyurdu "Quran"ı

onun bağlanmış ömür kitabında

səhvləri düzəldirdi,

silirdi,

"günahlarını bağışla, ilahi"

deyirdi...

nə də olsa müəllim işləyib on il,

vərdişidi.

 

İnanmırdım...

 

Elə bilirdi,

adına bişirdiyi yeməkdən atam da yeyəcək,

onunçun çox bişirirdi aşı,

qaranı,

gecə yuxusuna gələcək,

qucaqlayacaq,

göz yaşlarını siləcək.

 

İnanmırdım...

 

Atamdan danışırdı dəqiqəbaşı

divardakı şəklini göstərirdi,

nəfəsini dərirdi,

için-için ağlamaqçun.

 

O gün bilmişəm,

bizim evin pəncərəsi

atamın divardakı şəklidi,

anam ağlayırsa hava yağışlıdı,

gülürsə günəşlidi.

 

O gün bilmişəm,

bu ev nə vaxtsa yansa,

anam birinci o şəkli götürəcək özüylə,

yuxularında sağ qalan

                              atamın bircə sözüylə

xoşbəxt oyanacaq yenə yuxudan.

 

O gecə məni ən çox qorxudan

anamın bir anlıq kəsilən nəfəsiydi,

deyəsən,

atam möhkəm qucaqlamışdı

                                       onu bu dəfə...

 

Yuxulara inanıb yatdım

o gecə səhərə kimi yuxumda

                                     atamı gözlədim...

yağışlar

- Musanın yardığı dənizin sularıdı.

çətirlər

- Musanın tərsinə tutulmuş çomağıdı.

 

O çomaq məndə olsaydı,

düz müharibənin göbəyində,

bir əlimdə çomaq,

bir əlimdə vərəq,

sülh marşı çaldırardım düşmən əsgərlərinə.

 

Həqiqət,

ağacın arxasında gizlənmiş

küskün bir uşağın gözləri kimi

parıldayır uzaqdan.

Alınmaz,

dirijor çıxmaz məndən,

uzaqbaşı güllələrdən leysan yağdıraram

düşmən səngərlərinə.

 

Əgər indi

Musanın çomağı məndə olsaydı,

əminəm,

ac qalmamaqçün

şou göstərirdim,

dovşan çıxarırdım papaqdan.

 

Dünyamızın toy kimi adəti var

Günəş sarı gəlindi,

illərdir toy-düyündü,

yallı gedir planetlər aram-aram,

keflidilər,

sərxoşdular,

bir də gördün bu toy-düyün bitdi,

"Vağzalı" çaldı İsrafil aram-aram,

bir də gördün ki,

dağılışdılar...

 

Çupaçups

Götürün bu yeri,

keçirin çubuğa,

verin uşaqlara,

dünya uşaqları yox,

uşaqlar dünyanı şirin-şirin sovursun...

Sevə-sevə öldürmək

Akvarium,

təzəcə doymuş balıqlara

yem atır uşaq...

***

Saçlarının hörüyündə

yollarımız kəsişsə də

ucunda ayrılıq var.

Əllərini arxanda

gizlətmisən,

bilirəm,

içində ayrılıq var.

 

Qapını döyür bir adam,

başdan-ayağa sirr adam,

qışqırır, qışqırır, adam,

açın da, ayrılıq var.

 

Belədi də, dəyişmir ki,

fikir vermə, qovuşmur ki,

hər sevən dörd-beş adamdan,

üçündə ayrılıq var.

***

Çətini gedincədi,

hə,

sonra kim ölə, kim qala.

 

Kimi uçulmuş ev kimi üşüyər,

                                     xəbərin olmaz,

kimi qaçılmış ev kimi qapısı,

                                        çəpəri olmaz,

bu sürünən tənhalığın

                               öldürən zəhəri olmaz,

qanını çəkincədi,

hə,

sonra kim ölə, kim qala.

 

Kimi səhraya bənzərdi,

                            külək sovurar, sovurar,

çölü özgəni yandırar, içi özünü qovurar,

hürər itin əvəzinə,

                          nə bir kəlmə cavab alar,

karvanlar keçincədi,

hə,

sonra kim ölə, kim qala.

 

O da, bu da, sən də, mən də,

                          biz demə, bir adammışıq,

biz yox imiş, o da, bu da,

                        sən də, mən də yalanmışıq,

qorxulu yuxu görmüşük,

                                 ayrı-ayrı oyanmışıq,

bir qurtum su içincədi,

hə,

sonra kim ölə, kim qala.

 

çətini gedincədi...

Allah dünyanı altı günə dağıtdı...

 

Birinci gün,

atam yaxasını açıb partlatdı ürəyini,

mən cəhənnəm,

yandı anam,

saçları kül oldu...

 

İkinci gün,

adamlar minarələri raketə çevirdilər,

Allaha uçmaq üçün,

de görüm,

neyləməliyəm,

bu dünyadan sağ-salamat qaçmaq üçün?

 

Üçüncü gün,

bu şəhərdə

acından ölən qocanın yası da gözəl keçdi ha,

biləsən,

sən neynirsən?

doğman kimdi,

dostun kim?

Necə keçir sağlığın,

məni soruşsan, deyim,

bir-iki qapı qonşu qalıb

                            uzaq qohumdan yaxın,

bilmirəm kimin ömründə partlayacağam...

 

Dördüncü gün...

adamlar bir-birinə it kimi hürdülər,

itlər susdular...

 

Beşinci gün...

dünyaya zəng gəldi Allahdan,

amma yenə susdu,

danışmadı.

 

Altıncı gün...

hamı ilə bir-bir danışdı Allah,

bircə mən danışmadım.

 

İşimizə qarışmayın,

söhbətimizi heç kim bilməsin,

bəlkə heç biz barışmadıq?!

Səninlə birgə böyüyər oyuncaqların,

taxtadan avtomatın öldürməyi öyrənər,

gün gələr,

daş atdığın quşlara dən səpərsən,

gün gələr,

görərsən ki,

təksən, bircə nəfərsən,

alma dedin, oyun bitdi,

                                dostların çıxmadılar,

hər şeyin gözəl olduğu

                           cənnətindən qovuldun...

 

asan deyil böyümək.

Yıxılarsan dizlərin yox, ürəyin yaralanar,

domino daşı kimi doğmalar sıralanar,

heç barmağın dəyməmiş

yıxılar yavaş-yavaş,

dünya karusel kimi fırlandımı başına

tutar səni ağlamaq,

tutar səni ögümək.

 

Daha utanmaq belə asan olmaz, ay uşaq,

gizlənməyə yer olmaz,

nə də, nə də bir qucaq.

Daha yoxdu yelləncək,

arxanda duran səni itələyər yıxmağa,

düşdüyün o quyudan ha qışqırsan çıxmağa,

olmaz əlin uzadan,

olmaz, olmaz, ay uşaq!

 

Bir də görərsən daha

gizlin-gizlin aşdığın bir barısan, çəpərsən,

küncünə sıxıb anan azmı döydü, ay uşaq?

artıq kiminsə yarısan,

möhkəm-möhkəm söykənir sənə.

 

Ayıl,

mən sənin yuxunam,

birisi qapını döyür,

qaç,

tez ol, aç qapını...

 

deyəcək adam sənə:

 

- Salam, sən nə tez böyüdün, ay uşaq?

 

deyəcəksən adama,

 

- yoğruldum,

kündə idim,

bilməzdim bişərəm, bişərəm

çörək olaram,

daha böyük olmaqdan yoruldum,

                              yoruldum, yoruldum...

 

İçimdə uşaq var hələ də,

ölsəm,

cənnətə düşərəm?

 

düşərəm? Hə?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!