Lələtəpə dastanı... - Arzu Əsəd

 

300 ildi qüvvədəydi imperator vəsiyyəti,

Qüvvədəydi millətimin müsibəti, əziyyəti.

300 ildi gözləri kor, dili laldı həqiqətin,

Buxovunda çırpınırdıq kor düyümlü bir lənətin.

Şaxələnib xəyanətin, cinayətin budaqları,

Parçalanıb, qəsb edilib Azərbaycan torpaqları.

Sarayları, məscidləri, qəbirləri darmadağın

Ana yurdum İrəvanın, Zəngəzurun, Qarabağın.

300 ildir ölüm, zindan, sürgün, talan, qırğın, qada;

Başımıza açılmayan nə qaldı ki, bu dünyada?!

Namərd qonşu qabığında sığmır göyə, sığmır yerə,

Xəyalları lövbər salır dənizlərdən dənizlərə.

Məqam gəzir, fürsət tapır tarixin hər dönəmində,

Azğınlaşır məlun şeytan məsum mələk görkəmində.

Qırır, kəsir körpələri, qadınları, ahılları,

Əməli bu, dilindəsə soyqırımı nağılları.

Bu qurbanlıq ədasıyla şöhrət tapır, dövlət qurur,

Evlər yıxır, canlar alır, yurdlar-yuvalar uçurur...

300 ildir davam edir bu xəyanət, bu cinayət!

Və nəhayət

Qəzəbinə, nifrətinə yığılan xalq,

Bir sevdaya düyümlənən,

Bir yumruğa sıxılan xalq,

- Dayan! - dedi.

Varlığında tarixlərdən daşıb gələn bir həyəcan,

Əməlində haqdan, xalqdan qaynaqlanan təmkin, iman,

Qətiyyəti, cəsarəti nəsillərdən miras alan

Bir sərkərdə, Baş Komandan:

- Dayan! - dedi.

Addımından yer titrəyən, nərəsindən göy sallanan,

İnsan oğlu idrakının son gücüylə silahlanan,

Vətən, torpaq sevdalısı bir müəzzəm, modern ordu

"Bilsin dünya, varlığımla qoruyacam mən bu yurdu,

- Dayan!" - dedi.

Bağrındakı yaraları bir-bir sökdü, bir-bir açdı,

Tarix köpdü, tarix daşdı:

- Dayan! - dedi.

Təbiət də bu savaşda, təbiət də bir təlaşda,

Yer də, göy də, dağ da, daş da:

 - Dayan! - dedi.

Məzarında çevrilənlər yetər dedi, yetər, yetər.

Qisas qalmaz qiyamətə,

- Dayan! - dedi.

Şəhadətə qoşan ruhlar bədənlərdən fışqıraraq,

Qan-qırmızı qışqıraraq,

- Dayan! - dedi. 

- Dayan! - dedi Azərbaycan

- Dayan! - Dayan!

300 illik bu axına!

300 illik bu tauna!..

Düşmən şaşqın, düşmən dəli,

Üzərinə məhşər gəlir.

Od püskürür dörd bir yanı,

Torpaq yanır, səma yanır.

Göy üzündə təyyarələr,

Yer üstündə nələr, nələr...

Toplar, tanklar, BTR-lər,

Zireh dələn, beton dələn,

Məsafədən məsafəyə

Hədəfi tam birdəfəyə

Vuran raket mərmiləri

Silkələyir göyü-yeri.

Modern ölüm dühaları -

Dronları - İHA-ları,

Göy üzünün qorxuları -

Yeni zenit qurğuları,

Uçaqsavar, raketsavar -

Ən modern, ən son silahlar

Atəş açır, ölüm saçır;

Düşmən dönür, düşmən qaçır

Bölük-bölük, axın-axın,

Sıraları darmadağın,

Yaratdığı mif dağılır

Bitir "miatsum" nağılı.

 

Düşmən şaşqın, düşmən dəli,

Hər tərəfdən üzgün əli.

Nə kömək var, nə həyan var,

Yoxa çıxıb havadarlar -

Böyük beşlər, böyük üçlər

İmperiyalar, supergüclər.

Göyə çıxıb, yerə batıb,

Harda ölüb, harda yatıb

Ştatlardan üzübəri

Səpələnmiş lobbiləri?!

Nələr olur, nələr bitir? -

Çalxalayır interneti.

Bu nə sürət, bu nə təlaş,

Ekranlarda fləş, fləş,

Yeni-yeni, diri-diri

Son dəqiqə xəbərləri

Titrlərdə gəlir-gedir:

Azərbaycan hücum edir!

 

Düşmən şaşqın, düşmən dəli,

Heybətindən tutqun dili.

Bu kükrəyən, asan-kəsən,

Fırtınalar kimi əsən,

"Can Qarabağ" nidasıyla,

Vətən, millət sevdasıyla

Sədlər aşan, cəbhə yaran,

Ölümə meydan oxuyan

O ruhdumu, o candımı,

Tarix yenə oyandımı?

Hələ neçə illər qabaq

Fitnələrə dayanaraq

Xocalıda qətl etdiyi,

Soyqırımı törətdiyi

O millət, o xalqdımı bu,

Tanrıdımı, haqdımı bu?

Dözdü, durdu, dirçəldimi,

Yenə özünə gəldimi?

Heç olacaq bir işdimi,

Hər şey belə dəyişdimi?

Hardan çıxdı bu silahlar,

Bilmədiyi bir sirmi var?

Hardan gəldi bu güc, səbat,

Bu intizam, bu təşkilat?

Gözləyirdi neçə ildi,

Yenə də əmin deyildi.

Bu məsələ ağır, çətin,

Təkbaşına bir millətin

Çəkəcəyi bir yükdümü?

Dünya beşdən böyükdümü?

 

...Lazım idi bu qələbə,

Lazım idi bu Vətənə.

Həyat verən qan kimiydi

Qan itirmiş bir bədənə.

Lazım idi bu qələbə -

Lazım idi Lələtəpə!

Lələtəpə bir qayıdış, bir qurtuluş dastanıdır,

300 illik bir savaşın bəlkə də baş dastanıdır.

Lələtəpə - tariximin sınan, dönən nöqtəsidir,

Azərbaycan varlığının Yer üzünə diktəsidir.

Lələtəpə - sevdamızı süsləyəcək zəfər tacı.

Lələtəpə - qalibiyyət eramızın başlanğıcı!

Lələtəpə, Lələtəpə,

Hələ ilkdir, hələ təpə...

Vulkanları püskürəcək,

Ucalacaq, dağ olacaq!

Düşmənlərin sinəsində

Özü boyda dağ olacaq!

300 ildir zülmün yaşı!

300 ildir haqq savaşı!

300 illik zülmün, qəsbin

Son saatı, dəqiqəsi,

                        saniyəsi

Lələtəpə zirvəsində

                        bitdi getdi.

300 illik xəyanətin,

cinayətin təntənəsi

Lələtəpə kölgəsində

                        itdi getdi!

Bundan sonra düz 300 il

Zaman bizə işləyəcək,

Tarix bizə çalışacaq!

Dünya buna alışacaq.

Bu əbədi həqiqəti

Biryolluq qonşu millətin

Anlamalı hər fərdi ki...

Lələtəpə göstərdi ki,

Torpaqdan pay olmayacaq,

Azərbaycan durmayacaq!

O torpaqlar alınacaq,

Sinəsində yeni, gözəl

Yurd-yuvalar salınacaq.

Boylarımız boylanacaq,

Soylarımız soylanacaq,

Haqqı əzən millətlərin

Nəsilləri əziləcək!

Haqqı kəsən millətlərin

Nəsilləri kəsiləcək!

Zaman-zaman, dönəm-dönəm

Türkün böyük vətənindən

Torpaq alıb verdikləri,

Forpostları gördükləri

"Yazıq", "kiçik" qardaşları,

"Buruq", "incik" qardaşları

Yer eləyib qudurduqca,

Durub üzünə durduqca,

Xəyanətin bıçağını

Hiss etdikcə kürəyində,

Ədalətin göz dağını

Yaşadıqca ürəyində,

Qovulduqca, atıldıqca,

Ən həyati mövqeləri

Okeanın o tayına satıldıqca,

300 ildir dost bildiyi

Kəsildikcə ona qənim,

Pyotrun nəvələri

Biləcək ki,

Dostu kimdir, düşməni kim!

 

Bundan sonra düz 300 il

Zaman bizə işləyəcək,

Tarix bizə çalışacaq!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!