Sopsoyuq pəncərə şüşəsinə söykədim dodaqlarımı, Tanrının qulağına pıçıldadım... - Cavi Dan - şeirlər

"Verlibr"

Pəncərəm dənizə baxır,

Səhər açılan kimi
Qara-qara qanadlar döyəcləyir şüşəni,
Qaranquşlar çağırır:
- Oyan!
- Oyan!

Pəncərəm dənizə baxır,
Dənizdən Günəş qalxır,
Yatağımdan mən.
Gülümsəyirik bir-birimizə:
- Salam!
- Salam!

Sonra ...
Sonra hər günün eyni işləri başlayır
Hər saatın fərqli hallarıyla.
Məsələn,
Mən yatağımı toplayıram,
                       yastıqları düzürəm...
Günəş dənizi yığır.

Sonra isə
Tavan ayırır bizi.
Mən
Sadəcə, saçlarını görürəm hərdən -
Evin hər yanında uçuşan,
Çayıma, çörəyimə düşən,
Qara-qara saçlarıma qarışan.
Gülümsəyirəm.

Yan otaqda televizor açıqdır,
Aparıcı bombalardan danışır.
Qara-qara uçaqlardan tökülən,
Körpələr öldürən...
Qorxuram...

Saçlarım demişkən,
Qara-qara qaranquş qanadı kimidirlər,
Alnımın üstündən
Gözlərimi döyəcləyirlər hər an.
Hirslənirəm,
Sapsarı boyayıram onları,
Yox, bəlkə də qızılı.
Sonra aynaya baxıram sevinclə -
Dünyadan bir qaranı azaltdım deyə...
Elə sevinirəm ki,
Sanki...
Sanki bir də
Bombalar tökülməyəcək,
Körpələr ölməyəcək
Heç yerdə...
Sonra axşam düşür.
Darıxıram...
Pəncərəmi qırıb-qırıb dənizə sarı baxıram.
Bombozdur hər yan...
Bozluqda qaranquşlar uçuşur dəli kimi,
                       o yana, bu yana,
Çırpınırlar,
Şüşələrə, divarlara çırpılırlar,
Küçədəki, evlərdəki adamları
                       çarəsizcə çağırırlar:
- Yandırın işıqları!
- Yandırın işıqları!
Əllərimi kəsə-kəsə,
Qırıq şüşə tikəsiylə saçlarımı doğrayıram,
Qaranquşlara uzadıram ovuclarımın içində,
Dənləyib uçuşurlar bozluqda -
Günəş rəngli saç uclarımla.
Kimsə qonşu pəncərədə arvadına bağırır:
- Göydən od yağır, tez ol, gizlət uşaqları!
Sonra bütün pəncərələr açılır,
Ardınca güllələr.
Qaranquşları vururlar adamlar,
Qara-qara uçaqlara bənzədərək...
Ağlayıram...

*   *   *  

Bir gecə
Yağışın dəli vaxtında
Şimşəklərin işığına qapadım gözlərimi,
İldırımların səsindən
Uşaq kimi qorxdum,
Gizlənməyə yer axtardım,
Vurnuxub, bətnimə yığıldım.

Necə nəhəng idi dünya!
Necə kiçik idim mən...
Necə tək...
Birdən elə sıxıldım,
Birdən elə darıxdım ki,
Gözlərimin dolacağı,
Ürəyimin boşalacağı,
Ruhumun havalarda uçacağı
                                   anlar üçün...
Və...
Sopsoyuq pəncərə şüşəsinə
                       söykədim dodaqlarımı,
Tanrının qulağına pıçıldadım:
- Nolar, sevindir məni.
Bilsən, necə darıxmışam
           qəfil bir xoşbəxtlik üçün,
Bilsən necə təkəm, bilsən...
Və pıçıltım
Hayqırtıya çevrildi ildırımın səsində,
əks-səda verdi göylərin qaranlığında:
- Nolar, sevindir məni.
Bilsən, necə darıxmışam
           qəfil bir xoşbəxtlik üçün,
Bilsən...

Sunamidən sonrakı

Sahil kimiydi hər yan,

Dağılmışdı hər şey -

İçində mən...

 

Divardakı saatda

Əqrəblər sürünürdü əksinə,

Sevgidən sonra idi zaman.

 

Dağılmışdı hər şey -

Köynəyin döşəməyə,

Gülüşlərim tavana,

Saçlarım köksünə.

 

Ucları fırça idi barmaqlarımın,

Sinəndə ürək şəkli çəkirdi -

İçində mən...

Nə olsun ki,

Evindəki bütün saatlar tərsinə işləyirdi?

Evindən kənarda ki,

Zaman axarındaydı özünün?!

Məsələn,

Hər dəfə kirayə pulu

Düz ayın beşində ödənirdi,

İşıq kartı, su kartı, qaz pulu bildirişi

Evindən kənardakı zamana köklənirdi,

Öz vaxtında bitirdi, öz vaxtında gəlirdi.

Hətta zibil pulu yığan kişi də

Üç aydan bir, düz vaxtında gəlirdi.


Yaxşı baxsa,

Görərdi ki,

İndi bayırda iyuldur,

Adamlar yüngül geyinirlər,

İstidən gileylənirlər.


Hardan tapmışdı bu evi?

Ya bəlkə də elə bu ev tapmışdı onu?!

Bir-birindən xəbərsiz

Bir-birini axtarmışdılar alqı-satqı ofisində.

Zamanın yolub tökdüyü makler də

Saata baxıb tələsmişdi:

- Tez gedək, evi sizə göstərim, -

     demişdi,  - vaxtım çox azdı, xanım!

 

Beləcə qovuşmuşdular zamandan

                                   qovulmuşlar -

Adamlarsız ev,

Evsiz adam.

Bomboş idi otaqlar,

Bomboz idi divarlar,

Bambaşqa idi zamansızlıq -

Sanki bir az ilk qar dadı verirdi,

Bir də...

Bir də gilas qoxuyurdu.

Hər səhər

Günəşin aynaya çevirdiyi

                        pəncərə şüşəsindən

Hər gün bir başqa adam baxırdı.

Hər gün bir başqa yaşda...

Gödək saçlı dolu qadın,

Uzun saçlı zərif qız,

Məktəbli,

Uşaq,

Körpə...

Beləcə

Zamansızca keçirdi zaman.

Amansızca.

Saatlar tərsinə işləyirdi...

 *   *   *

Şəkillərindən tanıyıram
Ölmüş adamları

Tənha qadınları.
Küləyin donub qaldığı bir an olur
                       onlarda mütləq.
Ölmüş adamların baxışlarında

Tənha qadınların saçlarında.
Havada donmuş baxışların

Havada donmuş saçların
Soyuğu üşüdür adamı.
Hər ikisi
Bir cüt ələ möhtac kimi
                       yalvarır kirimişcə -
- Qapayın bizi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!