Mən necə deyim ki, səni sevmişəm?! - Yusif NƏĞMƏKAR - şeirlər

Arzuya qədər

İlləri hörə-hörə,

Cismə dözüm dilədik.

Kəsəni görə-görə

Yolu uzun elədik...

 

Bir quraqlıq köçündə

Min dilək - bar içində

Ulu bağban nə dərmiş?!

Ən uzun yolun ömrü

Bir arzuya qədərmiş...

 

...Atəşi-gündüzüm

Qəlbimdə ulduz yeri;

Sayrışan od sözümdür.

Yandırdım gecə şeiri -

Atəşi gündüzümdür.

 

Dərin səbrimiz

Dərə dərinlikdir, zirvə ucalıq,

Məğrur qayaların nərələri var.

Dərin dərələrin uca zirvəsi,

Uca zirvənin də dərələri var...

 

Kökümüz dərini, dibi haqlayıb,

Biz bu Bəsirəti üzə çıxaraq.

Mərdlik zirvəmizi uca saxlayıb,

Dərə səbrimizi düzə çıxaraq...

İtirmişiksə...

Tanrı qənim olmadı;

Guya ərşin şəri yox...

Səma mənim olmadı...

Yerimin də yeri yox...

 

Əkib-becərmişiksə,

Köhləndir çapdığımız.

Nəyi itirmişiksə -

Hamısı tapdığımız?..

 

Ömür də varaq-varaq;

Qələm çalıb ötürək.

Nə itirib-axtaraq,

Nə də tapıb-itirək...

 

Dünyamızın sonu

Hər şeyin sonu olduğu kimi deyil

dünyanın sonu.

Son bilmək olmaz onu.

Əzəlidi,

Əzəliliyin gözəlidi,

Əbədidi,

hələ üstəlik də

əbədinin mabədidi.

Dünən xeyri olanın

bu gün şəri,

Bu gün sevinci olanın

dün yası var.

Dünyamızın sonu yoxdur,

Sonumuzun dünyası var.

 

Sakitlik arayıram

Xəyalımın asfalt döşəməsində

Şütüyən xatirələr

gurlayır gecə-gündüz.

Onun keçdiyi yollar

Ya kələ-kötür olsun,

Ya da dümdüz -

Fərq etməz...

Onda ki

ağlagələnlərə də

əl yetməz...

Gümanımın

Pəncərələrini bağlayıram,

bəlkə xatirələrimin

səsi gəlməyə qulaqlarıma,

Bu dəm səbrim, əsəblərim

çəkilir tarıma.

Qulaqlarımı deşən səs-küyə

Tuşlanan ümid oxlarını

həsrət kimi

öz içinə çəkilmiş yay qırır.

Mən sakitlik arayıram,

Onda da

sükut hayqırır...

Mən necə deyim ki...

Var olan sevgilər yox olmasa da,

Mən necə deyim ki, səni sevmişəm?!

Sevməyənlər yanıb-yaxılmasa da,

Mən necə deyim ki, səni sevmişəm?!

 

Görəsən, mən necə, nə hal sevmişəm?!

Bixəbər vurulub, bihal sevmişəm,

Bəlkə nağıl sanıb, xəyal sevmişəm,

Mən necə deyim ki, səni sevmişəm?!

 

Bəlkə bürünüb bir yaz yağışına,

Olmuşam çəmənə, çölə aşina?!

Bəlkə dolanmışam bir gül başına?!

Mən necə deyim ki, səni sevmişəm?!

 

Əriyib köksümdə közümdən belə,

Mən dağa dağ çəkdim dözümdən belə...

Əhval da sormayıb özümdən belə,

Mən necə deyim ki, səni sevmişəm?!

 

Gah arzudan keçdim, gah da gümandan,

Can əsirgəmədim könül umandan.

Xəbərim olmayıb vaxtdan, zamandan

Mən necə deməyim səni sevmişəm?!

 

Ruh niyazı

Maestro Niyaziyə

Səhnəni yara-yara

O gəlir, donur anlar...

Önündə partitura,

Arxasında milyonlar...

 

Qalxır dirsəyə qollar,

Səslənir simfoniya.

Əriyir həsbi-hallar-

Vaxt saniyə-saniyə...

 

Saçından tel ayrılıb

düşür alnı üstünə.

Maestro bayılıb

dönür nəğmə büstünə

 

Çapdığı not köhləni

Kişnəyir zildə, bəmdə.

Təzələyir köhnəni

Kök pərdələrdə həm də.

 

Ram edir eşqiylə haqq

Dünya boyda naçarı;

Klaviatura - torpaq -

Qarabağ - səs açarı...

 

Könüllər ordusuna

Basılmaz qala səddi -

Dirijor çubuğunun

çızdığı hava xətti.

 

Düzə vurğunluğuydu

İdmanda hakimliyi...

Balet, simfonik muğam -

Onun sənət kimliyi.

 

Ün addımı, səs-işi

Ümid-nəzir-çin yazı.

Beş xətt içrə gərdişi

Təbinin ruh niyazı

 

O, duyur hər əzəlin

Son səda olarını;

Yeddi muğam gözəlin

yeddi min çalarını...

 

"Çitra"- əfsun, bax, ayır,

Tap sirdən agahını...

Tarixə adaxlayır

"Rast"la "Şur" nikahını.

 

Çiyin-çiyinədir el -

Bu da müdrüklər ağlı.

"Uvertüra" - Çənlibel,

Nərə çəkir "Koroğlu"...

 

Al, bəyaz sübh huşunun

Qızıl danı Niyazi

Orkestr-səs qoşunu,

Komandanı Niyazi.

Öyünmə, gözəl...

Öyünmə, gözəl, öyünmə;

Kədər aşiqin boludur...

Deyinmə, gözəl, deyinmə;

Sevgi yolu haqq yoludur.

Qəlbin kirayə evin ki,

Qəlp sözdü qönçən, şivin ki...

Öyünmə gözəl, sevin ki,

Hələ ki canın suludur...

 

Könül vermə bica yerə

Lovğalığa, təkəbbürə...

Qəsdən rəvac verər şərə

Kim ki nəfsinin quludur.

 

Səmimiyyət gey əyninə,

Daşürək olub döyünmə,

Öyünmə, gözəl, öyünmə,

Dünya gözəllə doludur...

 

Təkim olan tək deyilsən,

Ərkim olan ərk deyilsən,

Sən əhdində bərk deyilsən,

Mənimsə andım uludur.

 

Əlimdən gələn gəraylı

Hər yoldan ötən deyiləm

Yolun Fərağından başqa.

Mən badə tutan deyiləm,

Eşqin şərabından başqa

 

Bu dad mənim, o bad sənin,

Cəhd içində imdad sənin...

Bu ad mənim, o od sənin,

Yanğım sirabından başqa.

 

Nur yolda yolağa yayıl,

Sus, susuz bulağa bayıl,

Qəm qələm payıza qail,

Xəzan varağından başqa.

 

Şəfəq ələ qucağına,

Can ver atəş ocağına,

Qızmam hər gün saçağına,

Könlüm çırağından başqa.

 

Məni tapan yazım...

Mənə səndən bir yol gəlir yoxuşlu,

Ya baharlı, ya payızlı, ya qışlı.

Mən tapdığım həyat budur - naxışlı;

Məni tapan tale yazım pozulmaz.

 

Dünən dönən, bu, nə işdir - bilmirik,

Qismət sabah, ya keçmişdir, bilmirik,

Ömür bəlkə bir bəxşişdir, bilmirik,

Məni tapan tale yazım pozulmaz.

 

Yol üstündə qərib izi qalamı?!.

Söz düzümü biçən dəryaz - qələmim.

Duyğu talan - duyuq, talan aləmim...

Məni tapan tale yazım pozulmaz.

 

Dilimdə söz kalı kalan olmadı,

Qılıq vurdum, qalıq qalan olmadı,

Sənin olan mənə qalan olmadı,

Məni tapan tale yazım pozulmaz.

 

Aşkarımdır hər aydınım, tutqunum;

Bu gülüşün yaxasından tut, uğun;

Mənə səndən gələn yoldur tutduğum,

Məni tapan tale yazım pozulmaz.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!