İçimizə səpilmiş ümid toxumlarıdır ağaclar... - Ulucay AKİF - şeirlər

 

Dondurma

Geridə qalan uşaqlığımıza ithaf

Bu qədər böyük danışmağıma baxma,

mən, sadəcə,

sənə dondurma almaq istəyirəm.

Mən, sadəcə,

uşaqlığımızı yada salmaq istəyirəm.

 

Qarşıdan çətin günlər gəlir, bilirəm,

bilirəm, hələ də rəngli parçalara görə ölür

iyirmi yaşına çatmamış gənclər,

hələ də atəş səsləri gəlir Yaxın Şərqdən.

Amma biz,

susdura bilərik silahları,

susdura bilərik inansaq günəşli günlərə,

xoşbəxt olsaq bərkdən.

 

Buludlar yağışlara çevrilir,

islanır şıltaq küləklər də bu yerlərdə

günəş daha böyük ümidlə gülümsəyir bizə.

Bir uşaq qışqırır tanklara,

qışqırır:

 

- Gəlməyin üstümüzə!

 

Qorxutmaz bizi mərmilər!

Atom bombası, səndən də qorxmuruq!

Ölməz bu ruhumuz,

ölməz sənin tüstündə!

Sən də qorxma,

əlini ver mənə,

əlini ver,

qaçaq bu göy qurşağının üstündə.

 

- Gəl gedək, sənə dondurma almışam!

Çərpələng

Balaca Zəhraya ithaf olunur

Uşaqlar ölmür, bilirəm,

uşaqlar oynamağa daha gözəl yer tapır,

orada uşaqlar daha xoşbəxt, daha dəcəl,

səmasında təyyarələr yox,

çərpələnglər uçar sadəcə,

sən də ora getdin,

bilirəm...

 

Musiqisi quşların səsi,

sözləri uşaqların gülüşü olan

mahnı bəstələmədik,

ona görə küsdün,

ona görə getdin bizdən.

 

Zəhra,

sənə bir sualım var:

- Bağışlamaq nədir, bilirsənmi ki,

bizləri bağışlamayasan?

***

Quşlar dualarımızı

göylərə pıçıldamaqçün

uçar bu torpağın səmalarında,

Göylər dualarımızın rənginə

                        boyanar sübhçağı.

 

Görsən ki,

yoxam bu yerin üstündə,

yoxam bu göyün altında,

demək, getmişəm,

demək, bir də gəlməyəcəm,

demək, Allah çağırıb.

 

İçimizə səpilmiş

ümid toxumlarıdır ağaclar,

bulud-bulud su daşıyar Allah qəlbimizə.

 

Görsən ki,

yoxam bu yerin üstündə,

yoxam bu göyün altında,

demək, hər şey yaxşıdır

demək, qayıtmışam evimizə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!