Susdum birdəfəlik, susdum lap bərkdən... - Məhəmməd - ŞEİRLƏR

Yumdum gözlərimi, açdım ki, yoxsan...

Qəribsədim birdən, təkləndim birdən...

Başımı aşağı salladım, susdum,

Susdum birdəfəlik, susdum lap bərkdən...

 

Qəhərmi susdurdu? Yoxsa nəydi o? -

Öpdü ürəyimdən qara ilantək...

Qurudum, islandım, sindim içimə,

Qısıldım içimə düz Allahadək...

 

Sənə deyiləsi bir-iki söz var,

Dirənib qaranlıq qapıma daha...

Yoxluğun toz kimi oynayır elə

Gözümün önündə lap tənha-tənha...

 

Bir ağrı əsdirir əllərimi, bax,

Bir şey var, bir şey var nəbzimi kəsən...

Göyçəyim, yorulur gözlərim daha,

Deyəsən, bir azca uzaq getmisən...

***

Mənim ürəyimdə bir qara qız var,

Saçı dodağımın dağ yeri olub...

Eşidib, içində ağlayır Allah,

Tutub, haytasından saçını yolub...

 

Hardasa düşübdü dünya gözündən,

Hardasa can verir ömrü əlində...

Eh, bəlkə də mənim taleyimdi o,

Ağarır, ağarır onun telində...

 

Bir bala canın var, canına qurban,

Xəyalın əl açıb göydən nə umur?

Eh, sən ağladıqca göylərə sarı,

O allahsız orda gözünü yumur...

 

Əllərin od kimi, gözün od kimi,

Baxışın od kimi yandırır məni...

Nə Allah, nə bəndə belə vurammaz,

Bir sənin çəkdiyin ah vurur məni...

Minsk, Belarus

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!