Bir boşluq dartır əlimizi... - Fuad Cəfərli - ŞEİRLƏR

 

İki səs

Divardan asılmış tüfəng

çoxdan deyil,

azdan küsmüşdü deyə

sükutu

zirzəmidə toz basmış

bir pianonun dilləri

güllələdi.

İki səs!

Siyah və bəyaz!

Sözlər  ətrafa sıçradı,

göy

üzü,

biz

belə

danışmamışdıq...

 

Daş qucaqlarım

Nə gecə bildiniz,

nə də ki, gündüz.

Halbuki, istəsəniz

gedə bilərdiniz.

Yaxınlar gecikəndə

uzaqlar kimi

bir kənara söykənib

sahil səbri ilə

məni gözlədiniz.

Mənim divar qucaqlarım,

daş qucaqlarım,

yoxsa

çiçəkləməzdi bu ağac indi...

Köpük sevinci

Mənim babam firon olmayıb,

heç piramidalarda belə, əməyi yoxdur,

bir qul kimi...

Yəni mənə xəritədən tanışdır Misir.

Saçlarını həmişə ovuclayanda

qulağına Nil deyə pıçıldayardım.

Sən də gülüşlər rəngini itirməməyi

gecələrdən öyrəndi deyərdin.

Mənsə Tanrını bir də vətəni sevməyi

uşaqlar qarşısında

yıxılmağa bənzədərdim.

Səhər açılanda isə

onlar kürülərdə

bizsə köpüklərdə

balıqların gülüşünü sevərdik.

 

Bir boşluq dartır əlimizi

Özümüzə keçməmiş

zamandan-zamana keçmək istəyirik

xoşbəxt olmaq eşqiylə.

Bəzən bacarırıq,

bəzən də məsafələr aldadır bizi

bir boşluq dartır əlimizi.

Sonra uzaqlaşan səsimizlə sürüyür izimizi.

Bax belə,

ölümdən uzaqlarda

izsiz-soraqsız adamlar doğulur,

heç vaxt ölməyəcək adamlar...

Tanımadığın dildə qocalmaq

- Salam, necə qocalırsan?

- Salam!

Bəzən sual, bəzən də

cavab-cavab qocalıram.

Bax bu sıxdığın əllərin sonu kimi

dırnaq-dırnaq qocalıram.

 

Eynəksiz köşələrdə varaq-varaq,

çörəyə sarılaraq qocalıram.

 

Gecələr xəyal dənizində qasırğayla,

gündüzlər ümid "peş"ində

aşiq düşüb qocalıram.

 

Yan otaqda uyuyan körpə təki

qədəhlərin səsinə diksinərək

qurtum-qurtum qocalıram.

Dünən xoşlamadığım südlə,

bu günsə tüstüylə qocalıram.

Kürəyi seçən ox, yayı da özüylə apardı.

Kimsəsiz sahildə

payız-payız qocalıram.

Bütün sükutlarım durnanı sevdi

Boş qalmış evdə

tanımadığım bir dildə qocalıram.

Küçələr, döngələr bitib

indi şəhər-şəhər,

ölkə-ölkə qocalıram.

Belə də, bildiyin və

bilmədiyin kimi...

Bəs sən

necə, qocalırsan?

- ...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!