Bağışla... - Günel Eyvazlı - şeir

Günel EYVAZLI

Anacan...

Mən çoxdan mum qanadlarımı

İkar kimi günəş önündə əritmişəm.

Lal yaranmış xəstəliklər kimi

Pandora sandığından

Ürəyinin başına sancılmışam, bağışla...

 

Bilmirəm, nədəndirsə

Dördbucaq içində beşinci küncü axtarmışam, daima.

Yol iki olub. Heç birini seçməmişəm.

O yerdə ki, için-için ağlamalıydım

gülmüşəm

Bağışla...

 

Mən hər şeyin möcüzə olduğuna inanırdım,

                                                      axmaq kimi

İnanırdım ki, taleyi yazan insanın özüdür.

İnanırdım ki, Prometey əzabı çəksəm belə

Azadlıq üçün kimsə tapılacaq.

Belə deyilmiş, bağışla.

 

Demə, külüngü Fərhad kimi yerə çırpıb

"Heyif zəhmətimdən" acısını yaşamaq var həyatda.

Demə, son anda, ölümü düşündüyün anda

Külüngünün nar ağacı kimi çiçəkləməsi var.

Demə, yaşamalı həyat var, həyatda...

Bağışla.

 

İndi bir Şəbdiz lazımdır ki,

Oturasan Şirin kimi üzərinə

çapasan-çapasan dünyanın qurtaracağına.

İndi bir güc lazımdır ki, bir həvəs

Çırpasan qəzəblə qılıncını qaya parçasına

Dirilik suyu içib Xızır olasan

Əbədiyaşar olasan.

Bağışla.

 

Mənim Tanrım İbrahimin Tanrısı qədər

mərhəmətli olmadı, ana.

Mənim Tanrım bitirmədi əbədi alovu

Soyuq etmədi atəşini

Bağışla...

 

Yəqin ki, günlərin birində

Bir heykəl ucalacaq

Hə... hə, belə olacaq.

Bir qadın heykəli ucalacaq. Məğrur baxışlı

Ətəyinə gül düzən adamlara baxacaq

                                              daş soyuqluğuyla

Sıxacaq övladını sinəsinə

Ömürlük abidə olacaq yaddaşlarda

bağışla...

 

Anacan...

Mən çoxdan mum qanadlarımı

İkar kimi günəş önündə əritmişəm.

Lal yaranmış xəstəliklər kimi

Pandora sandığından

Ürəyinin başına sancılmışam, bağışla...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!