İlahi bir eşqin yolçusuyuq biz... - Hüseyn Bağıroğlu - şeirlər

Oxu

Ustad Mirzə Cəlilə

Hər gördüyün bir yazıdı, ay adam,

Sənə bu aləmi oxu deyirlər.

Ruh Tanrının şah sözüdü, ay adam,

Özündəki məni oxu deyirlər.

 

Bu qibləsiz dünya kimi süst olma,

Dost ilə dost olmayana dost olma,

Meydə öz əksinə baxıb məst olma,

İçdiyin badəni oxu deyirlər.

 

Sevincin bir damla qəmdə itəndə,

Gülüşün kükrəyən kində itəndə,

Bu dağlar dumanda, çəndə itəndə

Gözündəki çəni oxu deyirlər.

 

Sən də sökül hər sökülən dan ilə,

Sən də doğul hər doğulan Gün ilə...

Bir quş dimdiyindən düşən dən ilə

Saçındakı dəni oxu deyirlər.

 

Şəhriyar könlündə qubara dönən,

Bəxtiyar ruhunda havara dönən,

Gülüstanda qanlı qumara dönən

O dərdi, o qəmi oxu deyirlər.

 

Yeri-göyü sətir-sətir oxu, yaz,

Gödək ömrü uzun sürən yuxu yaz,

Nadan oğlu nadan heç nə oxumaz,

Sənə adam kimi "oxu" deyirlər.

 

Gözlərini örtən nədi tor kimi,

Öz bədənin öz ruhuna gor kimi,

Keçib getmə öz-özündən kor kimi,

Olduğun hər dəmi oxu deyirlər.

Sən eşqin şahı ol...

Dağlar da yumşalır gül baxışından,

Daşlar da ovulur qum olur, Allah.

Bu sevgi dediyin nə olan şeydi,

Adam öz-özünə mum olur, Allah.

 

Əlbəttə, eşq ilə dağlar çapılar,

Sən eşqin şahı ol, taxt-tac tapılar.

Ağıldankəm olsa, əlac tapılar,

Bu insan sevgidən kəm olur, Allah.

 

Sevinc ümman-ümman, qəm damla-damla...

Görən bu nə sirdi, bu nə müəmma?

Adamlar Məcnuna daş atır, amma,

Heyvanlar başına cəm olur, Allah.

 

Dönür sirli-sirli bu sirr kürəsi,

Əbədi bir eşqin əsir kürəsi.

Görəsən, haradı bu Yer kürəsi,

Bəs bu Bağıroğlu kim olur, Allah?

Vaxtın əllərində

sovruldu getdi

 

Ürəyin sözüylə oturub-durdum,

Ağılın sözünə baxmayan vaxtı.

Başımı daşlardan daşlara vurdum,

Ağlımı başıma yığmayan vaxtı.

 

Sinə - Cıdır düzü, söz - atlar kimi,

Göyərdi qəm-kədər göy otlar kimi...

Tutdu göy üzünü buludlar kimi,

Bəxtimə Günəştək doğmayan vaxtım.

 

Quş kimi gözündən vuruldu getdi,

Dən kimi sac üstə qovruldu getdi,

Vaxtın əllərində sovruldu getdi

Mənim bu dünyaya sığmayan vaxtım.

 

Nə yaxşı göydədi hələ göy üzü

Həvəsim yox özgələri ötməyə,

Mən yenə özümü qabaqlayıram.

Fanidə fanidən fani olsam da,

Əbədi olanı soraqlayıram.

 

Nə yaxşı göydədi hələ göy üzü,

Nə yaxşı udmayıb gecə gündüzü.

Səhərtək açılır qəlbimin gözü,

Nəfsimin gözünü torpaqlayıram.

 

Kim deyir bu ömür, bu gün havayı...

Hər ürək bir eşqin uçmuş sarayı.

Səhərlər Günəşi, axşamlar Ayı,

Gecələr özümü varaqlayıram.

Dağlar kimi

Durub dünyadan çıxarıq,

Çıxmarıq bu meyxanədən.

Boylanıb fani dünyaya,

Baxmarıq bu meyxanədən.

 

Ayağımızın tozudu,

Torpağıdı bu dünya.

Nəfsimizin xəzəl olan

Yarpağıdı bu dünya.

 

Qalmarıq tozlar altında,

Qısılmarıq bucaqlara.

Nə satılar, nə satarıq,

Pərvanəyik ocaqlara.

 

Qovduqca qovar nurumuz

Ürəklərdən şeytanları.

Biz eşq ilə təmizlərik

Ürək adlı meydanları.

 

Günəşlə Ay üzün sürtər

İzimiz düşən yerlərə.

Düşməz bir də gün işığı

Sözümüz düşən yerlərə.

 

Haldan-hala düşə-düşə

Ələ düşməz hal yaşarıq.

Bu dünyanın dərdlərini

Dağlar kimi lal yaşarıq.

 

Eşq bük ömrün boğçasına

Fariz Yunisliyə

Haqqa söykə kürəyini,

Haqdan dilə diləyini.

Dünya sıxsa ürəyini

Saz ilə sazla ruhunu.

 

Göz yum dünya axçasına,

Eşq bük ömrün boğçasına.

Döndər eşqin bağçasına

Hər gələn yazla ruhunu.

 

Nə düşmənə qarğış elə,

Nə də bağrını daş elə,

Hər gün bağrıbadaş elə

İlahi sözlə ruhunu.

Ruhum aləmlərə

yol açır daha

 

Daha gözlərimdə solur bu dünya,

İrfan çiçəkləri gül açır daha.

Gör necə mənasız olur bu dünya,

Ruhum aləmlərə yol açır daha.

 

Axır aşıb gəldim Ağrı dağımdan,

Mən də yarıdım bu Ağrı yarımdan,

Quş dili öyrəndim ağrılarımdan,

Dindirsəm daşlar da dil açır daha.

 

Yenə dəli könül dindi ney kimi,

Kim bilə bildi ki, Göyü Göy kimi?

Hər sözü göylərdən enir vəhy kimi,

Şair şeirilə fal açır daha.

 

Ürək eşq odunda qovruldu getdi,

Göy Yerdən, Yer Göydən qırıldı getdi,

Dərd açıb-örtməkdən yoruldu getdi,

Bu taxta qapımı yel açır daha.

İlahi bir eşqin yolçusuyuq biz

Hər ox dəyə bilməz öz hədəfinə,

Hər qılınc qınından sıyrılan deyil.

Dünyaya doğulan hər adamın da

Xəmiri nur ilə yoğrulan deyil.

 

Göylərin yerlərdə var-yoxuyuq biz,

Hədəfə atılmış can oxuyuq biz,

İlahi bir eşqin yolçusuyuq biz,

Hər yetən bizimlə dost olan deyil.

 

Bişməz od üstündə insanın çiyi,

Açmaz hər ürəkdə eşqin çiçəyi.

Süzmə badəsinə, süzmə, o meyi,

O, bizim mey ilə məst olan deyil.

 

Qoyma bu dünyaya uduzaq sözü

Öz ruhundan ruh üfürər gecələr,

Abıra mindirir hər çılpaq sözü.

Şair ürəyinin yağı yandırar

Sizin gözünüzə o çıraq sözü.

 

Yeri-göyü bir də gözdən keçirək,

Hər nə görsək, bir-bir sözdən keçirək.

Uca göydən ulu qəlbə endirək

Sevən könüllərə uçuraq sözü.

 

İlahi kəlməni sən çağır, gələr,

Demə: "Söz, yoxsa ki, dağ ağır gələr"?

Dünyanın özündən çox ağır gələr

Qoysaq tərəziyə bir varaq sözü.

 

Bir söz de, cəhənnəm atəşi sönsün,

Bir söz de bu dünya cənnətə dönsün.

Qoy günəş, qüruba ensə də ensin,

Sən qoyma qüruba ensin haqq sözü.

 

Biz ki daş atmağın daşını atdıq,

Hər yıxılan sözün dadına çatdıq.

İlahi, dünyanı söz ilə udduq,

Qoyma bu dünyaya uduzaq sözü.

Qərib kimi

Nə axtarır, nə gəzirsən

Bu dünyada qərib kimi?

Bu dünya aldadar səni

Baxma ona hərif kimi.

 

Nəyi yada salır belə

başın üstə uçan quşlar?

Nə pıçıldar qulağına

ayağına dəyən daşlar?

 

Dərd oxuma, dərdsiz adam,

Dərd oxuma avaz ilə.

Bildinmi niyə böldülər

bu yurdu bu Araz ilə?

 

Sən ki qəlbi sınanlara

Sınan qolundan danışdın.

Özləri yol olanlara

Özgə yolundan danışdın.

 

De, kim durub deyə bilər

Bu dünya necə fırlanır.

Xamları yuxuya verib

Deyirlər gecə fırlanır.

 

Özgə daşı atma bir də

öz yolunu tapanlara.

Gültək açan ruhumuza

ətir kimi hopanlara.

 

Nədən payızın son ayı

Kədərlidi qürub kimi.

Nə axtarır, nə gəzirsən

Bu dünyada qərib kimi. 

 

Dünya hazır deyil, söz necə gəlsin

Hər şey vədəsində gələr dünyaya,

Vədəsindən əvvəl tez necə gəlsin?

Dünya hazır deyil sən deyən sözə,

Dünya hazır deyil, söz necə gəlsin?

 

Dərdini daşıyan quru qamışam,

İnsan olduğumu yadırğamışam,

Təpədən-dırnağa buz bağlamışam,

Sənsiz bu ürəyə yaz necə gəlsin?

 

Cəhalət tor qurub insan gözündə,

Bu insan Allahı görmür özündə.

Yalan at oynadır bu yer üzündə,

De əyri dünyaya düz necə gəlsin?

Göylərin uca bir qatına çıxdım

Başıma göylərdən yağan daşları,

Bir-bir ayağımın altına yığdım.

Qaldı aşağıda göyün quşları,

Göylərin uca bir qatına çıxdım.

 

Gəldi mələklərdən bir səs, bir səda:

"Tanrı səni sevdi, səni bəyəndi.

Söylə günah dolu yerə əlvida,

Gəl, gəl gördüyün bu göylər sənindi".

 

İndi yerdəkilər daş atır mənə

Söyürlər, deyirlər, düş gəl aşağı.

Elə bilirlər bə çıxmaq asandı

Belə ucalara zalım uşağı.

 

Mən eşqin astarı, sən eşqin üzü

Yenə əsir düşür göz gözəlliyə,

Nə deyim yaraşsın söz gözəlliyə?

İlahi, dəyməsin göz gözəlliyə,

Gözəllik solmasın yanağın üstə.

 

Göylərə sovrular yerlərin tozu,

Mən eşqin astarı, sən eşqin üzü.

Sevirəm deyəndə "sevirəm" sözü

Canın tapşırmasın dodağın üstə.

 

Yoxluğun məni də heçdən heç elər,

Dünyanı gözümdə puçdan puç elər,

Ağıya çevrilər ağrım gecələr,

Yanıb kül olaram varağın üstə.

***

Üzündəki

kədərin üzünü

təbəssümlə

örtmüsən yenə.

Yenə

təbəssümün arxasından

boylanır kədər.

Axı

nədən belə

sevinə bilmirsən

kədərlənə bildiyin qədər?..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!