Mən uşaq olanda fərqliydi hər şey... - Orxan Saffari - şeirlər

İlahi, içimdən kimlər keçmədi?!

İlahi, bu ömrüm boşuna getdi.

Mənim bədbəxtliyim bir az da indi

O qızın xoşuna, xoşuna getdi.

 

Baxdılar, keçdilər, getdilər məndən,

Bir sınıq pəncərə, bir də göz oldum.

İlahi, bu ömrü düz yazmadın ki

Mən od olacaqdım, dönüb köz oldum.

 

Adam olacaqdım, bir az da insan,

Yaxşı olacaqdım, bir az da yaman.

Ay Allah, ay Allah, ay Allah aman

Mən axı nə üçün quru söz oldum?!

 

Mən dərdi eşidən, ağrı dinləyən,

Hamını ovcunun içində sevən...

Mən dərd danışanda, adamlar deyən:

Darıxma, düzələr, "bir az döz" oldum.

***

Sən də gedib özgə oldun mənimçün,

Sən də məndən düşdün elə aralı.

Daha əllərin də yoxdu əlimdə

Quruyub qollarım budaq misalı.

 

Quruyub əllərim, sınıb əllərim

Üzümə yansıyıb payız sarısı.

Elə üşürəm ki, qucağın üçün

Elə darıxıram, ay it balası

O çıxıb getdiyin uzağın üçün.

 

Bir az da, bir az da o körpə

Adımı qoyduğun uşağın üçün.

 

Darıxıram, darıxıram, başa düş

Necə edim, nətər edim bu halı?

Darıxıram gülüşünçün, səsinçün

Göz yaşı tökürəm hər gün səninçün

Oyuncaq itirmiş uşaq misalı.

 

Mən indi bir az da başqayam, başqa

Mən indi ölməyi dərd etmirəm ki

Hər gün öz içimdən küsüb gedirəm

Sənin yoxluğunu tərk etmirəm ki.

 

İlahi, ömrümə bir soyuq düşüb

Bir qış gecəsində sazaq misalı

Daha əllərin də yoxdu əlimdə

Quruyub qollarım budaq misalı.

 

Ağı əvəzi

Uşaq vaxtı atam evə gələndə

sevincək üstünə qaçardım,

qucaqlayardım.

Sonra böyüdükcə

            atamdan qaçmağa başladım.

 

Sonra bir gün atam çıxıb getdi bizdən.

Qaçmaq nədi?

Getməyə yerim olmadı!

 

Nənəm hər gün babamın

            şəkillərinə baxıb ağı deyirdi.

Anam

qardaşımın şəkillərinin tozunu alırdı,

Öpürdü, bağrına basırdı,

Ağlayırdı.

 

Bacıma atamdan on yaş kiçik adam

elçi gəlmişdi.

Bacım onda uşağıydı.

Hələ onda xoşbəxtlik,

Bizdən bir gəlinlik uzağıydı.

Anam hər gün

            atamın köynəklərini ütüləyirdi.

Ütüləyirdi ki, üzünə düşən qırışlar

köynəyinə düşməsin.

Harasa gedəndə icazə alırdı şəkillərindən

Atamın qoxusu getmək bilmirdi,

Anamın əllərindən...

 

Sonra bir gün anamın saçları da ağardı,

Nənəm də olmadı sonralar,

Elə bacım da.

 

Bizə qalan şəkillərlə yaşamaq oldu.

 

Günlərin bir günü idi,

Anam döndü şəkil oldu...

Salam

Salam, xınalı quzum,

Salam, saçı hörüklüm,

Salam, gözünə baxıb

Sevincimdən öldüyüm!

 

Salam, əlləri yuxa,

Hissləri məxmər, qızım.

Salam, xoşbəxt sonluğum,

Əvvəli kədər qızım!

 

Salam, dodağı püstə,

Salam, çiçəyim, salam.

Üzünə doymadığım

Suyum, çörəyim, salam!

 

Salam, mənim gerçəyim,

Yalanım, gopum, salam.

Gəldim dizində öləm,

Məzarım, gorum, salam!

 

Salam, ay içim-çölüm,

Salam, mənim iç üzüm.

Daha gecdi, dur gedək

Mənim qaramsal özüm!

 

Mən uşaq olanda fərqliydi hər şey.

Nənəm babamla nərd oynayırdı,

biz oyunçu aparsın deyirdik.

Sonra bir gecə həyat adlı oyunun

            oyunçusu apardı ikisini də.

Dinmədik...

 

Mən uşaq olanda fərqliydi hər şey.

 

Uşaqlıq dostlarımızla oynadığımız

                                    silah oyununda,

heç cür vurduğumu sübut edə bilmədiyim,

ölməyən dostumu

bircə gülləyə erməni öldürdü

Kədərləndik...

 

Mən uşaq olanda fərqliydi hər şey.

Futbol oynaya bilmir,

ayağı top tutmur deyə,

oyuna buraxmadığımız oğlan,

müharibədə ayaqlarını itirdi

Yeridik...

 

Atamız gözümüzün qabağında

anamızı döyəndə,

ilk dəfə nifrət etməyi,

ilk dəfə daha çox sevməyi öyrəndik.

Sonradan ilk sevdiyimiz qadın,

başqasına ərə gedəndə

daha çox ağrı yaşadıq,

daha çox sevdik...

 

Sonra yavaş-yavaş böyüdüm.

Daha heç kimə

oyunçu aparsın demədim ki,

əcəl aparar birdən.

Məhlədə futbol, müharibə oyunu

            oynayan uşaqlarla oynamadım ki,

ölərlər birdən.

 

Anamla atamın da şəklini

divardan yan-yana asdım,

amma qorxurdum ki,

dalaşarlar birdən.

 

Bir də sevmədiyim qadından ata oldum,

sevdiyim qadını düşünə-düşünə...

Məni bir gün öldürər

Bu sərsəri ağrılar.

Ani əzablarımdan

Sənə xoşbəxtlik doğar.

 

Məni bir gün öldürər,

Gecələr arzu tutmaq

Səhərəcən yatmayıb,

Səni də unutmamaq!

 

Məni bir gün öldürər,

Səni itirmək hissi

Bir də sənsiz yaşayıb,

Ölməməkdir ən pisi!

 

Məni bir gün öldürər,

Öldürər həyat, qızım.

Gözləri şabalıdı,

Saçları qıpqırmızım.

***

Mən əvvəllər elə bilirdim ki,

Babam Berlin divarlarını çiyni ilə yarıb.

Sonra bir gün əlində

əsasının əsdiyini gördüm

 

Qocalıb öldüm.

 

Mən əvvəllər elə bilirdim ki,

Nənəm xalçaları evimizə

                        sərmək üçün toxuyub

Sonra yenə bir gün ona büküldüyü gördüm,

 

Bükülüb öldüm.

Mən əvvəllər elə bilirdim ki,

Atam dünyanın ən güclüsüdü

Atam öldü...

Mən də öldüm.

 

Mən əvvəllər elə bilirdim ki,

Anam heç vaxt yemək yemir

Amma bir gecə,

qazanı necə sivirdiyini gördüm

Gördüm ki, yemir.

 

Sivrilib öldüm.

Mən əvvəllər elə bilirdim ki,

Böyük qardaşım həmişə yanımda olacaq.

Böyük qardaşımı öldürdülər.

 

Böyüyüb öldüm.

 

Sən gedəndən

Yaşanmadı, görülmədi ömrümün

Neçə ildə bircə dəfə ağ yeri.

Sən də getdin, bir andaca çökdü ha,

Sinəmdəki sürüşməyən dağ yeri!

 

Dəli oldum, küçələrdə qaldım e,

Sındı qəlbim, gözüməcən doldum e,

Sən gedəndən... sən gedəndən oldum e,

Mən bir az da adamların lağ yeri!

 

Səhər-axşam döydüm yazıq özümü,

Yığammadım yollarından gözümü.

Bacarmadım, söydüm, söydüm özümü,

Bədənimin qalmadı bir sağ yeri!

***

Uşaq ikən bir dəfə ayağıma mismar

            batmışdı həyətdə oynayanda.

Bir ayağı olmayan müharibə əlili babam,

Əyilib ayaqlarımı qucaqlamışdı

həmin gün.

 

Köynəyinin bir qolu yay,

Bir qolu qış idi əmimin.

Soruşanda deməzdi heç vaxt,

necə olub qolu kəsiləndə

 

Deyərdi,

Bulud udub birini,

Allaha dua edəndə.

 

Mən uşaq ağlımla təsəllilər verərdim atama

Deyərdim ki,

Oxuyub böyük adam olacam,

Varlı olub səni saxlayacam.

 

Sevinərdim atam sevinəndə

Mən bir gün böyüdüm, amma....

Saxlaya bilmədim atamı gedəndə...

 

Atam aclıq və dərman preparatlarının

            yoxluğundan dünyasını dəyişdi.

Həmin günü bacımla bir qutu dərman

            atmışdıq sakitləşmək üçün.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!