Dəniz yağır balıq dodaqlarından, mavi damır sevgi... - Ənəl-şeir - Ümid NƏCCARİ

Məktublar "tez qayıt" sözünü yazmaq üçün,

qatarlar uzaqları yaşatmaq üçün imiş, sən demə.

Desəm ki,

uzat dodaqlarının əllərini dodaqlarıma,

desəm ki,

kirpiklərinin ucundan yaranmışam

demə ki,

yalan dedilər!

 

Desəm,

bağışla olub keçməyəni,

içimizdə ilişib qalan insanları,

içimizdə gömülən məzarları, bağışla!

Desəm ki,

sənin boyuna əfv istəyir göydələnlər,

de ki, göy üzü mənim gözlərimdən gəlib keçir.

 

Qış fəslini əllərimdən soruş,

ovuclarımın qabarında qaralır qaranlıq.

Ağarır qar qaranlıqda,

bulud yağır yağışlardan,

əllərimin qabarında ağac tökülür yarpaqlardan.

 

Hər şey öləndən sonra bir ovuc xatirə olur...

Keçdiyin küçələr daralır şəhərin bətnində,

barmaq ucların sancır onun əlini düşünəndə.

Hər şey öləndən sonra bir ovuc xatirə olur...

Dəniz yağır balıq dodaqlarından,

mavi damır

sevgi...

Bir azca da onun köynəyinin ətri...

 

Ucalt bu göyün tavanını,

aç bu şəhərin qatını.

Artır bir stansiya bu metrolara

Adı "Gənclik" deyil, "gələcək" olsun.

 

Yalan dedilər ki,

səndən sonra bir addım oldum,

eləcə sovruldum sətirlərin arxa küçələrinə.

 

Göz qırpımların

başqa dünyanın kəpənəkləridir.

Sən gözünü qırpdıqca uçuşur kəpənəklər...

 

Desəm,

Allahın çətridir Mövlanənin donu,

dünya Mövlanədir gecə-gündüz sənin başına-

Eləcə səma kimi dolanan.

Demə ki, yalan dedilər...

 

Yahu...

desəm ki,

Ənəlhəqq deyil,

ənəl-şeirdir mənimki.

Demə ki,

sevmirəm səni...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!