Bu qadın... - Fuad Biləsuvarlı - şeirlər

 

Mənim

Həsrət dağlarına sinə gərməyə

Sinəmdə dağ boyda ürək var mənim.

Qonağın üzünə hey açıq olan

Süfrəmdə bal dadan çörək var mənim.

 

İnsanın içinə düşəndə qorxu,

Qaçar ağzın dadı, yox olar yuxu.

Deməsəm bilməz ki, dostların çoxu

Yolumda fitnə var, kələk var mənim.

 

Fuadam, gözəldi mənimçün həyat!

Sevgi olan yerdə nə şöhrət, nə ad?

İlahi, bu yatmış bəxtimi oyat!

Qəlbimdə min arzu, dilək var mənim!

Bu qadın...

Yorğundu çöhrəsi, qəmlidi üzü,

Bezir bu həyatdan, bezir bu qadın!

Öyrəşib dərdini tənha çəkməyə,

Dərdiylə özünü əzir bu qadın!

 

Qaranlıq gecədən çıxa bilmir o,

Sevib, bir ürəyə axa bilmir o.

Həyatın üzünə baxa bilmir o...

Havalı-havalı gəzir bu qadın!

 

Dərdini Allaha deyibdi... yazıq!

Özünü içindən yeyibdi... yazıq!

Qayğılar qəddini əyibdi... yazıq!

Düşüb taleyinə əsir bu qadın!

Qaçır

Fürsətin kəndiri qısa,

Yıxılıram əldən qaçır.

Bəzən deyə bilmədiyim,

Söz də çıxır dildən, qaçır.

 

Torpaq küsür - əkən yoxdu,

Ev ucaldıb tikən yoxdu.

Güldən şirə çəkən yoxdu.

Arılar da güldən qaçır.

 

Sayan yoxdu səni, məni,

Belə olmaz deyim, yəni.

Kim dəyişdi zəmanəni,

Sonalar da göldən qaçır.

 

Ha gözlərik xoş baharı,

Bizə düşən - qışın qarı,

Sellər qaçır çaya sarı,

Çaylarımız seldən qaçır.

 

Belə doğub məni anam -

Ölən deyil arzu, inam.

Mən ki, alışan adamam!

Şair Fuad küldən qaçır!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!