"Öləndən" sonrakı səcdədir sevgi... - Hikmət Məlikzadə

Yusif Nəğməkarın şeirləri haqqında

Mühit çevrilmələri, fərdi meyillərə istiqamətlənən hissi təsirlər tanınmış şair Yusif Nəğməkar şeirinin süjet xəttidir. Heç şübhəsiz, istedadlı şair üzərinə götürdüyü missiyanı cəmiyyət reallığına tuş edə bilir, şeirlərinin janr qarşılığını peşəkarcasına cilalayır. Çox yaxşı haldır ki, o, acizlik əxz edən hayqırtılara aludə deyil, əksinə, fikri hissiyyatla cilvələnən ruhi rahatlığı obrazlar daxilində poetik mənaya çəkir.

Yusif Nəğməkar yaradıcılığı subyektlərin zərurət tipini müəyyən edir, onların oxşar və fərqli ədəbi məqsədlərinin düsturunu açır. Müəllif bu prosesi qismən ziddiyyətdən kənar tuta bildiyi üçün fikirətrafı real və mümkün təsəvvürlərə meydan açır. Bununla da o, praktik fəaliyyətini idrakla qabaq-qənşər qoyur, bir növ, özü (və obrazları) üçün əhatə müəyyənləşdirir:

Həsrət gərəklidir aşiqlər üçün,

Ancaq ayrılığa yovuşmaq olmur...

Bitir qovuşanda həsrət, bəs neçin

Həsrət də bitəndə qovuşmaq olmur?!

Yaxud:

Maraqdır həvəslə yaşadan bizi,

Yazısız-maraqsız varaqlar itər.

Açıb-ağartmayaq hər sirrimizi,

Sirlər tapıldıqca maraqlar itər.

Yaxud:

"Öləndən" sonrakı səcdə

Sevgidir...

Və yaxud:

Ərşə qalxan

yanıqlı duaların

zikri donmasın deyə,

buludlar cərgə-cərgə

şimşək qələmilə

atəşlər yazdı göy

vərəqə...

Göründüyü kimi, yaradıcılıq cəhdlərini həyat çək-çeviri ilə xarakterizə edən Yusif müəllim poetik fikri standart çərçivədən çıxarır, ictimai-fəlsəfi duyğularını tale israrları ilə eyni nisbətdə cilalayır. Nümunə kimi verdiyimiz bu parçalarda poetik təsirlər yaddaşın tərpənmə gücünü artırır. Bu parçalardakı ədəbi təsniflərin çoxunu bədii örnək kimi göstərə bilərik. İstedadlı şair "Bitir qovuşanda həsrət, bəs neçin, Həsrət də bitəndə qovuşmaq olmur?!", "Açıb-ağartmayaq hər sirrimizi, Sirlər tapıldıqca maraqlar itər...", "Öləndən" sonrakı səcdə sevgidir..." eyhamları ilə həyatın, taleyin, onları əhatə edən ətraf mühitin də aydın obrazlarına işıq tutur, hər tərpənişin addım səslərini eşidir, ruhunu fövqəl hisslərin yüksəliş yollarına çıxara bilir.

"Öləndən" sonrakı səcdə sevgidir..." eyhamı mövcud həyati tipiklik kimi şairin bütöv yaradıcılığında (məhz ədəbi aspekt kimi) özünü çox büruzə verir. Belə deyək, Yusif Nəğməkar fəhmində bu zəmin ruh şəklində təzahür edir. Bu zəruri faktı o, fövqəl duyğular etalonu, səmimi insan, çöhrəsi nurlu qələm sahibi Yusif Nəğməkarın publisistikasında da çox aydın müşahidə edirik. Bəlli olur ki, insan-həyat gözəllikləri, haqqı dərketmə kimi vacib nüanslara ünvan verən Yusif Nəğməkar qələmi yaddaşın çox dərin qatlarında çırpınır.

Yusif Nəğməkar şeirinin ədəbi motivasiyası zəruri-effektiv səciyyəlidir. Səmimi-konkret fikirlərin kompozisiya və bədii-ictimai məğzi, psixofizioloji dinamiklik onun şeirlərində maraqlı status kimi diqqət çəkir. Xoş haldır ki, könül duyğuları Yusif Nəğməkar şeirində işığa can atır. Və (həm də) Yusif müəllimin şeirlərində mətnin dərki, mövzunun məntiqdə bitkin forma daşıması, istedadlı şairin mətnə (mövzuya) qarşılıqlı yanaşma təsirləri, fikirtəqdimetmə dürüstlüyü və s. həyata baxışın sivil tərzləri kimi xarakterizə edilir:

Gəl görüşək, tut ağacı,

İlkin yuvam, odam sənsən.

Tənha baxma acı-acı,

Burda ağac-adam sənsən.

 

Kövrəlmişəm hüzurunda,

Baş əydiyim məbədimsən.

Məhəbbətə qalsa, onda

Beşik sevgim, əbədimsən.

"Gəlmişəm, tut ağacı..." şeirindən gətirdiyimiz bu nümunədə Y.Nəğməkar ictimai zəmin və əlaqələri müzakirə obyektinə çevirir, bəşəri eyhamlara ictimai-ədəbi məna verir, həyat və tale dürüstlüyündə yekun məğzə diqqət çəkir. Adıçəkilən şeirin təkcə "Tənha baxma acı-acı, Burda ağac-adam sənsən..." eyhamında qabaran həyat komponentləri şüurüstü keçidlərə işarədir.

Onun digər şeirləri kimi, bu şeirində də həyata baxış fərqlidir; müəllif oxucunu ərzinə çatdırmaq istədiyi fikrin mahiyyətini tapmağa sövq edir, sonra da bu kodeksi daha mürəkkəb əhatəyə salır, çiliklənmiş güzgüdəki əksin paramparçalığını həyat vəhşəti kimi xarakterizə edir, amma çıxış yolu üçün də ipucu saxlayır. Onun bu şeirindəki müəllif-vətəndaş qayəsi, sözə bəndolma ustalığı:

Məni axtarmayın, məndə deyiləm,

Bir dağam, günəşim, çən-çiskinim var.

Hər kəsə yaxınam, gendə deyiləm;

Sizin hərənizdə bir məskənim var.

Dərdmiş bünövrəsi şən yolumuzun,

Bu yol kəsr xətti - tənlik adında...

Uzun yolu olan mən yolumuzun

Kəsə yolu varmış mənlik adında...

Y.Nəğməkarın ictimai zəminli şeirləri maraqlı quruluşdadır.

Şair "Məni axtarmayın, məndə deyiləm..." eyhamında gizlənən ədəbi təsirlər "Uzun yolu olan mən yolumuzun, Kəsə yolu varmış mənlik adında..." həyat seqmentinin müşahidə proyeksiyalarını yaddaşın bucaq səmtlərinə çəkir, ruhumuzu titrək hənirlərin cənginə atır.

Ümumiyyətlə, Yusif Nəğməkarın ictimai şeirlərinin yağışı bəlli ki, neçə-neçə ürəkdə könül sevdaları cücərdib... Dəfələrlə müşahidə etmişik, Yusifin bu tip şeirləri qəlbə yaz yağışı kimi düşür. Bu şeirlərdə illərin ənənəvi ovqatları, insan-mühit və tale seyrçiliyi diqqətimizi xüsusilə çəkir. Təkcə bu cəhət deyil, bu kimi şeirlərdə cəm olan sosial qayə, ictimai həssaslıq və bu zəmində ehtiva edən həyati reallıq da cəmiyyət rakursunda uyğun müzakirə obyekti kimi məna verir.

...Demə həsrət canı üzdü,

Candır ki, üzülüb dözdü...

Qəlb üstüörtülü közdü

Alovla kül arasında.

 

Yenə kəsdi sazaq yolu,

Rüzgar yolu - duzaq yolu...

Dünyanın ən uzaq yolu...

Ürəklə dil arasında...

Göründüyü kimi, istedadlı şair təzad yəqinliyində xarakter cızır, hadisələri poetikləşdirmək imkanlarını açıq ifadə edir. "Qəlb üstüörtülü közdü, Alovla kül arasında... Rüzgar yolu - duzaq yolu... Dünyanın ən uzaq yolu..." kimi misralarda biz əsas obraz kimi şairin özünü görürük.

Şairin naturfəlsəfi çalar və rəng qarşılığı təkcə çağdaş poeziyanın deyil, klassik poetizmin də struktur quruluşunu mövcud elmi təhlil dinamizmi ilə təmasa uğradır. Belə halda da, onun fikir predmeti təhlil-təsvir təsəvvüfü ilə mənaya zəmin yaradır. Bu zəmin mənəvi-ədəbi səmtləşmədə anlayışa yol açır.

Ürəkdir, daş deyil axı,

Yalan haqmı, doğru-yaxı?!

Soyuq təbin qələm oxu

Kağıza yox, qəlbə dəyir...

Yaxud:

Yerin qəlbimdəykən,

Yerimi səndə tapdığımdan

Səni Yerdə tapa bilmirəm.

Bəzən çoxlarımızı belə bir sual düşündürüb ki, müasir şairlər nə üçün ömür-tale məğzlərini hərdən ictimai kəsərsiz hesab edirlər?! Bu gerçək situasiyanı biz dəfələrlə dəqiq fikri-düsturlar vasitəsilə fəhmə hopdurmuşuq. Elə Yusif müəllimin yaradıcılıq sahilində də bu suala cavab var: " Soyuq təbin qələm oxu, Kağıza yox, qəlbə dəyir...".

Yusif Nəğməkar şeirində hisslər o qədər təmizdir ki, duyğu qatları könül dünyamızda seyrəngah açır.

Heç bir şübhəmiz yoxdur ki, hissi duyğularla könül sevdaları cücərdə bilmək Yusif Nəğməkar şeirinin parlaq nümunəsidir. Onun şeirləri obrazlarının taleyidir, bütövlükdə öz həyat hayqırtısıdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!