Havada külək də yox, səsimi kim duyursun... - Lütviyyə Əsgərzadə - şeirlər

 

Xoş gəldin

Bu da axşam-axşam şərim,

Açıldı qəmlə səhərim.

Yaxamı tapdı kədərim,

Kədər, xoş gəldin, xoş gəldin

 

Fikirlərdən arınmadım.

Gözüm doldu, yayındırdım.

Boğaza yığıldı, qəhər,

Qəhər, xoş gəldin, xoş gəldin.

 

Zəhər yedim, bal yerinə.

Xara geydim, zər yerinə.

Bəzən məlhəmdir zəhər də,

Zəhər, xoş gəldin, xoş gəldin.

 

Bezdim axırda qəmimdən,

Bir azca sevinc gəzirəm.

Xoş xəbərə müntəzirəm,

Gəl, söyləyim, xoş gəlmisən.

 

Çoxdandır ki, sevinmirəm.

Mənə müjdə ver xoş gündən.

Alqışlayım, deyim, həmən;

Səhər, xoş gəldin, xoş gəldin.

 

Evimlə giley-güzar

Bu şəhərdə, bu evdə,

Keçirdiyim son gecəm,

Yuxu tutmur gözümü.

Sabah çıxıb gedəcəm...

 

Nə qəhrim qoyur yatam,

Nə də bitmir bu gecəm...

Taleyimlə savaşda,

Yol üstə hazır köçəm...

 

Gah qarğıyıb dururam,

Gah yorulub susuram.

Bu evin nə günahı,

Yoxdan qəlbin qırıram.

 

Qurğuşun düşüncələr,

Sonda alır heyimi.

Öz evimə edirəm,

Son dəfə gileyimi.

 

Güldürmədin üzümü,

Qurutmadın gözümü.

Sənə son əhdim olsun,

Ta görməzsən üzümü.

Gecə

Qapı dalında çantam,

O da mənim günümdə.

Nələr gözləyir məni,

Bu gecənin sonunda.

 

Gözucu boylanıram,

Dörd divar arasına,

Əl atıb nə götürsəm,

Saxlasam sonrasına.

 

Bu ahım, bu harayım,

Bu dağılmış sarayım...

Səpələnib hər yerə,

Sevdiyim kitablarım.

 

Nəyi alsam əlimə,

Lənət gəlir dilimə.

Xatirələr zəhərtək,

Səpilibdir ömrümə.

 

Boğazımda qəhərim,

Çörəyimdə zəhərim.

Hədiyyəsi nə olar,

Nazın çəksən namərdin?

 

"Nə bilim"lər, "necə"lər,

Buraxmadı yaxamı,

Kədərə qonaq olan,

Görən mənəm, ya hamı?

Bayram da gələr əlbət

 

Üz gözündən nur yağır,

Çox "özəlsən" dedilər.

Xoş gündə yaranıbsan,

Nə "gözəlsən" dedilər.

 

Soldu gözəllik gültək,

İtib getdi, şan-şöhrət.

Pərişan olma, könül,

Bayram da gələr əlbət.

 

İçim məni yandırır,

Çölüm yenə özgəni.

Canlarım düşmən oldu,

Durum sevim, özgəni?

 

Nə işə yatmır, əlim,

Nə dincəlmir gözlərim.

Qulağa gəlir səsin,

"Çox gözəlsən, gözəlim."

 

Günüm günə bənzəmir,

Gülün gülə bənzəmir,

Ha bəzənir, düzənir,

Yenə gülə bənzəmir.

 

Külləmi oynayırsan

Mənə gülüm deyənim,

Gülləmi oynayırsan?

Mən yanıb kül olmuşam

Külləmi oynayırsan?

 

Bir gül idim, solmuşam,

Şaxta vurub, donmuşam.

Əl vursan, töküləcəm,

Paramparça olmuşam.

 

Nə sevgi var, nə istək.

Kim dözər dərdə məntək.

Yadımdan çıxıb gülmək,

Qəmləmi oynayırsan

 

Külümə də od vurub ,

Yandırırsan, deyəsən?

Dəyişmədin donunu,

Sən əvvəldən beləsən.

 

Çatacaq sənə nəsə...

Vəsiyyətim, gileyim?

Sona çatır deyəsən,

Bu dünyaya səfərim.

Evlər

Gör bir neçənci evdir

Dəyişirəm mən, canım.

Taledənmi qaçıram,

Yoxsa taleyə, canım.

 

Yenə hərgünkü zülüm,

Dildə saxta söz "gülüm."

İçimdə bir matəm var,

Bacarırsan, döz görüm.

 

İncimə ki, sözümdən,

Sevdim, gəldi gözümdən,

Sonda çıxıb gedirəm,

Həm səndən, həm özümdən.

 

Sakit səssizcə

Arxanca su atmadım,

Göz yaşı da tökmədim.

Demədim, tez qayıt gəl,

Tutulub qaldı dilim.

 

Ərməğan olsun sənə,

Söylədiyim dualar.

Səni qəza-qədərdən,

İnşallah qoruyarlar.

 

Gözümdən yaş süzüldü,

Yenə yandı yanağım.

Lap astadan "geri dön"

Pıçıldadı, dodağım.

 

Amma bundan nə olsun,

Səssiz-sakit söylədim.

Havada külək də yox

Səsimi kim duyursun.

 

Dost az, düşmən çox

Zalım deyə-deyə

Zalım oldum.

Səni öyrədə-öyrədə,

Alim oldum.

 

Ruhuma dağ çəkdin,

Ahım oldun.

Səni öldürdüm,

Qatil oldum.

 

Dəfn, filan yox,

Dost az, düşmən çox,

Gömdüm qəlbimə,

Ehsan, filan yox.

Gecəm

Necə keçəcək gecəm,

Xəyallara bürünsəm.

Otaqda soyuq hava,

Qəmi kürktək geyinsəm.

 

Danlayıram özümü.

Yuxu tutmur gözümü,

Dirigözlü gecələr,

Qorxudurlar gözümü.

 

Gah ittiham edirəm,

Gah da özümü edam.

Bir ipdən asılmışam,

Qurtuluş kimi, adam...

 

Bu gecə

Bu gecə intizarın,

Yuxumu gözdən aldı.

Baxışlarım dikildi.

Pəncərənizdə qaldı.

 

Baxdım aylı göylərə,

Göylər çiçək açıb, nə?

Bir sifariş yolladım,

Ulduzlardan, dedi, nə?

 

Yenə gülümsəyir Ay,

Yada düşür, ötən yay.

Yenə ulduz axdı, ay...

Mən ölsəm, bir denə vay!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!