Şeirin yeni yaşı: 5,5 - Ülvi BABASOY yazır

Ülvi BABASOY

 

Konseptual sənət?

Sənətin sənət olması üçün zəruri olan tərz, stil, üslub və forma istənilən halda məzmun və mənadan bir addım öndədir. Sənətdə vacib olan estetik keyfiyyət məzmun və mənanın necə və nə şəkildə ifadə potensial və imkanlarından asılıdır. Bu məsələ müxtəlif dövrlərdə ciddi mübahisələrə də səbəb olmuşdur. Ancaq bizdə bəzən "bədii cəhətdən zəifdir", kimi banal bir ifadə ədəbi tənqidin meyarına çevrilir. Ədəbiyyat adamları, sənət nəzəriyyəçiləri, konseptual və antikonseptual görüşlərin təmsilçiləri, müxtəlif estetik təmayüllərin nümayəndələri "ədəbi əsər necə olmalıdır?", "bir şeirin, hekayənin, romanın, simfoniyanın, tablonun, kinonun... sənət meyarı nə ilə ölçülür?" suallarına tutarlı cavab verə bilmədiklərinə şahid oluruq. Əslində, sualın özü yerli-dibli yanlışdır. Verilən cavab istənilən halda qüsurlu olacaqdır. Çünki ədəbiyyat və incəsənətə aid meyarlar həm də meyarsızlıqdır, konseptuallıqdır, antikonseptuallıqdır, sərbəstlikdir, azadlıqdır. Sənətin həm konkret tələbləri var, həm də yoxdur. Konseptuallıq və antikonseptuallıq bizim ədəbiyyatşünaslıqda daha çox sosial məsələlərin müzakirəsi kimi başa düşülür...

Dünyada gedən ədəbi proses və müxtəlif görüşlərin nümayəndələrinin struktur və ifadə estetikası haqqında fikirləri, müzakirələri sənətdə yeni manifestlər, cərəyanlar və estetik davaların yaranmasına səbəb olur. Bizdə isə çox vaxt şeir kimi nadir və həssas bir sənətin üzdə görülən mənaları, sosial, didaktik təhlili aparıcı yer tutur. Qərb ədəbiyyatşünaslığında, humanitariyasında və sənətşünaslığında ədəbiyyat və incəsənət haqqında yazılan yazılarla bizim ədəbiyyat, sənət yazılarımızı müqayisə edəndə... arada yaranan uçurumun yenilənməmək, təzələnməmək, modern estetik tələbatlara cavab verməmək kimi problemlərdən qaynaqlandığını görürük. Yaxud da qatı, radikal, qeyri-ciddi mülahizələr sənətsevərləri sənət barədə düşünməkdən daşındırır. Estetik davalar, ədəbi təmayüllər və manifestlər ortaya çıxmır. Bir şeir nə vaxt sənət əsəridir, nə vaxt deyil. Nə vaxt bədii mətndir, nə vaxt ədəbi, estetik nümunə olmur. Həqiqət isə sənətin dili ilə danışan və bəzən inkar, bəzən isə təsdiq edən müzakirələrdə, manifestlərdə üzə çıxa, aydınlaşa bilər. Bunlar olmadıqda şəxsi dava və intriqalar sənətin və sənətşünaslığın yerini zəbt edir.

"Ədəbi fikir nədir?", "Bədii əsər necə olmaldır?" suallarına Jak Derrida Frans Kafkanın "Qanun qarşısında" hekayəsinə fərqli təhlil və tədqiq metodları tətbiq etməklə cavab verir. Bir şeirin, hekayənin və ya romanın ədəbi əsər olub-olmadığını kim deyə bilər? Qanunları özündən kim çıxarıb axı? Alışılmış kanonlar, qəlibləşmiş qaydalar, çeynənmiş, artıq öz gözəlliyini tərk edib, təkrarlanması ilə ürək bulandıran poetik deyimlər var və biz o kanonlara istinadən hansısa mətnin ədəbi və ya elmi əsər olması haqqında fikir irəli sürürük. Gerçək bir sənət adamı, bir şair, yazıçı, rəssam, rejissor və b. sənətdəki kanonları dağıdır. Bəzən isə yenidən qurur.

Kədərin yalmanması

Faiq İsmayılov "Vəfalı kədər" şeiri ilə gözlərin gördüyü kvadrat qafiyələrin, dillərin əzbərlədiyi düzbucaqlı poetik fiqurların və qulaqların dönə-dönə eşitdiyi yastı, hamar səslərin kanonlarını dağıdır. Şeir sənətində dekanonizasiya hadisəsi reallaşır. Faiqin "Vəfalı kədər" şeiri fərqli təhlil formalarına rəvac verir. Həmin təhlil metodlarından biri də şeirin bir musiqi, rəsm və ya kino sənəti ilə müqayisəsidir. Faiqin şeirləri Cozef Koşutun "Bir və üç stul", İv Kleinin "Boşluq", Armanın "Dolu" əsərləri və amerikalı rejissor Sara Kolancelonun "Bağça müəllimi" filmi ilə estetik əlaqəyə girir.

İv Klein "Boşluq" adlı əsəri ilə performans sənətində estetik inqilab edir. Boş qalereyanı sərgiyə çıxarır. Arman isə "Dolu" əsəri ilə müxtəlif əşyaları, tullantıları sərgiləyir. Hər iki əsərdə həyatın dolub-boşalması, yaşamaq və ölmək, məzmun və məzmunsuzluq xarekterizə edilir. Əşyaların hüznü, kədəri fonunda olum və ölüm tematikasına qayıdış heyrətvericidir. Klein və Arman postsənət dövrünü başladırlar. Əşyasız, obyektsiz, boş bir qalereyanın təqdim edilməsi modernizmin ölümünə, sənətin insan ruhunda, mənəviyyatında və məişətdə yoxluğuna estetik eyhamdır. Faiqin "Vəfalı kədər" şeirində isə tullantıya çevrilən əşyalarla kədər duyğusu yer dəyişir. Kədərin, dərdin romantikası, canlı ünsiyyətdə olan poetik modeli yaradılır:

"Sadiq köpək kimi,

 yalmanar sağımda,

solumda,

qovaram - getməz.

Qol qaldırıb oynayaram,

oxuyaram qışqıra-qışqıra,

hirslənərəm üstünə,

getməz, yenə getməz.

Şeir poetik quruluşu və mövzuya yanaşma tərzinə görə fərqlənir. Kədərin insan taleyi ilə əlaqəsi, ekzistensial, qaçılmaz bir hadisədən doğması obraz, tip, xarakter donu geyinir. "Vəfalı kədər" şeiri süjetli, vizual, fəlsəfi poeziyanın modern formasıdır. Azərbaycan ədəbiyyatında M.Füzuli, M.Hadi, H.Cavid və Ramiz Rövşən fikir poeziyasında inqilab edən imzalardır. Faiqin iynə boyu şeirlərində həmin poetik enerji və özündən əvvəlki ənənələri davam etdirən, ancaq onlardan fərqlənən bir keyfiyyət qabarıq şəkildə nəzərə çarpır:

Səssiz-səmirsiz

ya məndən irəlidə,

ya arxada,

ya divarlarda

ayaqları ayaqlarıma bağlı

kölgəm kimi

əyilə-əyilə,

uzana-uzana,

gödələ-gödələ

hara getsəm

düşər yanıma.

Konseptual sənətin yaradıcılarından olan Cozef Koşut "Bir və üç stul" əsərində real bir stul, stulun fotosu və həmin əşyanın tərifini bir yerdə verir. "Vəfalı kədər" şeirində kədərin hərəkətdə olan obrazı, kölgəsi, surəti və tərifi vahid estetik konsepsiyanın daxilində gerçəkləşir. Füzulidən bu günədək kədər motivli şeirlər Azərbaycan ədəbiyyatında xüsusi semantik mərkəz rolunu oynayıb. Şəksiz ki, şeir həm də kədərdən, dərddən yaranır. Ancaq kədərin insan hərəkətinin, əməllərinin və müəyyən bir situasiyadan, vəziyyətdən doğan əhval-ruhiyyənin estetik proyeksiyasına çevrilməsi Faiqin qələmində təmərküzləşir. "Vəfalı kədər"də vizual duyumdan dilə, psixolinqvistikadan konseptual sənətə qədər olan zaman intervalı, dinamika təsviri, elastik xarakterə malikdir:

Qələbəlikdə

anasını itirməkdən qorxan

uşaq kimi

buraxmaz ətəyimi.

Sevdiyim qızdan, -

"tale" dediyim ulduzdan,

sirr verdiyim,

"qardaş" dediyim dostlardan

vəfalı kədər!

"Qələbəlikdə anasını itirməkdən qorxan uşaq kimi" kədərlə iç-içə olmaq, ondan qaça bilməmək, yəqin ki, dərdin sonuncu halıdır. Hər kəsdən vəfalı olan kədər şairin taleyidir.

Tanrıdan gələn bir eyhamtək susamaq - acmaq - bezmək

Faiqin şeirləri Qərbin tanınmış sənət adamlarının əsərləri ilə ünsiyyətə girə bilir. Məhz bu vəziyyətin bir səbəbi var. Çünki şeir və ya rəsm nümunəsinin sənət ola bilməsi üçün konseptuallıq aparcı və vacib şərtdir. Sənət nə qədər sərbəst və azad olsa da, dəqiq parametrləri mövcuddur. Cozef Koşutun "Bir və üç stul" əsəri ilə Faiqin şeiri arasındakı əlaqə dövrün, zamanın tələbindən doğur. Çünki XX əsrin ikinci yarısından sonra istər ədəbiyyatda, istərsə də təsviri sənətdə konseptuallıq aparıcı yer tutur. Çünki vizual sənətlərin, bilgisayarın və internetin kəşfindən sonra ədəbiyyat konseptual və qeyri-adi süjet, forma, strukturla öz mövcudluğunu qoruyub saxlaya bildi. Amerikalı tənqidçi Cey Parinin deyimi ilə "Borxes və Kalvinonun xeyirxahlıq mələkləri" ədəbiyyatı ölümün əlindən aldı.

Sara Kolancelonun "Bağça müəllimi" filmi isə 5 yaşındakı Faiqi xatırlatdı mənə. Şairin bioqrafiyası şeirlərini duymaq və hiss etmək üçün estetik kilid və açardır. Kolancelo "Bağça müəllimi" filmində şeir yazan və ailəsi ilə ünsiyyət problemləri yaşayan bağça müəllimi Liza Spinellinin (Məqqi Cillenxol) monoton, sıxıcı həyatının təsviri ilə başlayır. Liza yazarlıq kurslarına da gedir. Yazdığı şeirlər kursda heç kəsin diqqətini cəlb etmir. Bir gün bağçada 5 yaşlı Cimminin (Parker Sevak) bədahətən şeir deməsinə şahid olur. Həmin gündən Sara və Cimminin həyatı dəyişir.

Cimmi varlı, arvadından boşanmış və məsuliyyətsiz bir atanın oğludur. Onu bağçaya gətirib-aparan dayə də vecsiz, məsuliyyətsiz adamdır. Cimmi heç kim tərəfindən qayğı görmür. Bəlkə də, o qayğısızlıq, sevgisizlik Cimmiyə beş yaşında çox-çox böyük şeirlər yazdırır. Liza Cimmiyə bir telefon verir və tapşırır ki, nə vaxt şeir gəlsə, mənə zəng elə. Cimminin şeirləri Liza tərəfindən qeyd edilir, qorunur. Liza yazarlıq kursunda Cimminin şeirlərini oxuyur. Hər kəs heyrətlənir. Artıq Liza kursun diqqət mərkəzindədir. Liza Cimminin atası ilə görüşür. Dayəni pisləyir. Çünki Cimmi ilə daha çox vaxt keçirmək istəyir. Və bunu bacarır da. Yazarlıq kursunun rəhbəri ilə intim bir əlaqə də qurur. Ki, şeirləri ciddi sənət adamlarının bir yerə yığışacağı gecə də oxumaq şansı qazansın. Həmin gecəyə Cimmini də aparır. Səhnəyə özü deyil, beş yaşlı Cimmi çıxır və şeirini oxuyur. Səhnə balaca şairi alqışlayır. Yazarlıq kursunun rəhbəri həmin gecədən Liza ilə münasibəti kəsir...

Cimmi atasına deyir ki, Liza onu bara aparıb. Şərabın və əyləncənin də olduğu şeir gecəsi Cimminin uşaq təbiətinə yaddır. Ona görə də oranı bar adlandırır. Əsəbi ata Cimminin bağçasını dəyişir. Nəticədə Liza şeirsiz qalır. Bir gün Cimmini bağçadan qaçırır. Ölkənin sərhədindəki dəniz sahilində əylənirlər. Şeir oxuyurlar. Ancaq otelə qayıdanda Cimmi duş almaq üçün hamama girən Lizanın arxasınca qapını kilidləyir. Polisə zəng etmək üçün Lizadan kömək alır. Polislər gəlib Cimmini aparır. Cimmi polislərdən dondurma istəyir. Alırlar. Daha sonra şeirin gəldiyini, şeir demək, şeir yazmaq istədiyini deyir. Əhəmiyyət verən yoxdur. Rejissor ətrafı zülmət qaranlığa bürüyür. Cimmi şeirin gəldiyini təkrarlayır. Onu eşidən yoxdur. Qaranlıq balaca şairin səsini də boğur. Böyük bir istedad məhv edilir. Halbuki, Liza Cimmini xilas etmək üçün onsuz da münasibətlərin soyuq olduğu ərindən, övladlarından uzaqlaşmışdı. İşini, həyatını təhlükəyə atmışdı...

Cimminin şeiri:

Anna gözəldir,

çox gözəldir

mənim üçün.

Günəş onun sarı evinə

düşür,

Tanrıdan gələn

bir eyhamtək.

 

Faiqin şeiri:

Dur mənə su gətir, -

            susamışam,

Dur mənə çörək gətir, -

            acmışam.

Dur mənə zəhər gətir, -

            bezmişəm.

İstedadın sərhədi yoxdur, həqiqətən də. Ancaq Cimmi sənətin alternativ dünyasında, Faiq real həyatda uşaqlığın poetik müdriklik, yetkinlik anını yaşayır. Tanrıdan gələn bir eyhamtək susamağın, acmağın və bezməyin kamilliyi, estetikası yaranır. Əslində, "Bağça müəllimi" filmində Cimminin də, "Dur mənə zəhər gətir, - bezmişəm" deyən Faiqin də 5,5 yaşı var. Bağça dövrü ilə məktəb çağının arasında dayanıblar. Beş yaş yarımlıq misralar ilə şeirin, poeziyanın sərhədini yeniləyirlər. Nə Cahid Sıtkı Tarancı kimi yaş 35-dir, nə də ki, Artur Rembo kimi yaş 18-dir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!