Səni sevməyi sevmişəm... Səni sevmək əvəzinə... - Araşdırma obyektindən dosta çevrilən şair: Fazil Hüsnü Dağlarca - Tofiq MƏLİKLİ

 

Noyabrın 15-də Fazil Hüsnü Dağlarcanın vəfatından 10 il keçdi. Bu keçən illər onun türk poeziyasındakı önəmini və ədəbiyyat tarixindəki yerini daha da bariz şəkildə göstərmişdir. 2014-cü ildə Moskvada rusca və 2016-cı ildə Azərbaycan türkcəsində çap olunan "Fazil Hüsnü Dağlarca. Dahinin tənhalığı" kitabımda onun həyat və yaradıcılığını araşdırmağa çalışmışdım.

Mənim bu böyük şairlə əlaqəm və dostluğum 50 il bundan əvvəl başlamışdır. 1969-cu ildə Sovet hökumətinin qərarı ilə Aleksandr Puşkinin anadan olmasının 170 illiyi təntənəli şəkildə qeyd olunacaqdı. SSRİ Yazıçılar Birliyi bu yubileylə əlaqədar olaraq geniş tədbirlər proqramı, xaricdən dəvət olunacaq yazıçıların siyahısını hazırlayırdı. Xarici qonaqların dəvətiylə məşğul olan komissiyanın işinə mən də cəlb olunmuşdum. Türkiyədən bu yubileyə Dağlarcanın dəvət olunması təklifim qəbul edildi və ona rəsmi məktub göndərildi.

1969-cu ilin may ayının axırında Dağlarca Moskvaya gəldi və bir ay Sovetlər Birliyində qaldı. Hava limanında onu Vera Feonova və mən qarşıladıq. Görüşdüyümüz zaman Dağlarcanın mənə ilk sözü: "Sizin  daha yaşlı olduğunuzu düşünürdüm, halbuki çox gəncsiniz", - olmuşdu. Mən də "Ustad, bu "nöqsan", heyiflər olsun ki, tez gəlib keçirmış", dediyimdə sözlərimi başıyla təsdiqləmişdi. Həqiqətən o vaxt Dağlarca 55 yaşında, mən isə 27 yaşındaydım.

Sovet İttifaqında olduğu bir ay ərzində onunla hər yerdə birlikdə olurduq. Biz onunla bərabər Pskova, möhtəşəm Puşkin şeir bayramının keçirildiyi Mixaylovskaya, Leninqrada, Estoniyaya və Azərbaycana getdik. Pskovda Dağlarcanın oxucularla görüşü keçirildi, o, tədbirdə iştirak edən görkəmli şairimiz Nəbi Xəzri və gürcü şairi İrakli Abaşidzeylə tanış oldu, Puşkinin məzarına çiçək qoydu. Mixaylovskayada açıq havada on minlərlə insanın toplandığı şeir bayramının sonunda Dağlarca "Puşkinə çiçəklər" şeirini türkcə və mən isə onun ruscaya etdiyim tərcüməsini  oxuduq. Yeri gelmişkən, onu da deyim ki, Mərkəzi Televiziya bu bayramı  bir çox ölkəyə yayımlayırdı.

Mixaylovskayadan biz Leninqrada, oradan da Estoniyaya getdik. Tallinə getməyimizin bir səbəbi vardı - orada Dağlarcanın şeir toplusu çap olunmuşdu.

1968-ci ildə mən "İnostrannaya literatura" jurnalında Dağlarcanın rus dilinə tərcümə olunmuş bir neçə şeirini dərc etdirdim. Poetikası, özünəməxsus forması ilə şeirlər diqqət çəkdi, xüsusilə eston ədiblərinin marağına səbəb oldu və Estoniya Yazıçılar Birliyi Fazil Hüsnü Dağlarcanın şeir kitabını hazırlamaq məqsədilə gözəl şair Liy Seppeli bir illiyə mənim yanıma  - Moskvaya ezam etdi. (O həm də Azərbaycan poeziyasının tərcüməçisi kimi tanınırdı). Bir il ərzində Liy çətinliklə olsa da mənim köməyimlə türk dilini öyrəndi, şairin yaradıcılığıyla  yaxından tanış oldu.  Onunla birlikdə  qısa vaxta hazırladığımız "Fazil Hüsnü Dağlarca. Nelja Tiivage Lind."("Göyərçin. Göy Qubbəsi. Kainat")  şeir kitabı 1969-cu ildə mənim ön sözümlə eston dilində Tallində böyük tirajla nəşr olundu. Liy Seppelin dediyinə görə, türk şairinin kitabı Estoniyada çox böyük ilgiylə qarşılanmışdı. Görünür, tərcümədə onun şeiri çox şey itirməmişdi

Bizi Tallində Estoniya Yazıçılar Birliyinin katibi Villi Qross və Liy Seppel qarşıladılar. Qaldığımız 3 gün ərzində "soyuq" estonların nə qədər mehriban, nə qədər "isti", emosional olduqlarını gördük. Dağlarcanın şeir kitabının Yazıçılar Birliyində keçirilən təqdimatında çıxış edən eston yazıçıları şairin poeziyasını yüksək qiymətləndirir, Liy Seppelin tərcüməsində səslənən əsərlərin eston ədəbiyyatına olan təsirindən danışırdılar. Toplantının yüksək professional səviyyədə keçməsi Dağlarcanı çox etkiləmişdi. Tallindən  ayrılarkən göz yaşlarını tuta bilməyən mehriban Seppeli şair hər görüşümüzdə sevgiylə xatırlayardı.

1969-cu ilin iyun ayının axırlarında Dağlarca və mən Tallindən Bakıya gəldik.  O zamanlar Türkiyə ilə əlaqələr aşağı səviyyədəydi. Nə gələn vardı, nə gedən. Bu səbəblə hər bir türkün, xüsusilə türk yazıçısının Bakıya gəlişi, böyük bir hadisəyə çevrilirdi. Şairlərimizlə görüşləri, qurduğu dostluqlar, xüsusilə Rəsul Rza və Həmid Araslıyla qardaş münasibəti Fazil bəyi çox etkiləmişdi. Rəsul Rza  və Dağlarca bütün günü bir yerdə olur, şeirdən, ədəbiyyatdan danışır, bəzən mübahisə edir, şeirlər oxuyur, əlaqələrimizin keçmişindən, gələcəyindən söz açırdılar.

Proqrama görə, Fazil Hüsnü Dağlarca Şamaxı, Göyçay, Gəncə va Göygölə getməliydi. Yayın ilk günlərində Dağlarca, Rəsul Rza, Həmid Araslı və mən, xatirəmdə gözəl anlar kimi yaşayan nəşəli zarafatlarla, gülüşlərlə dolu, şeirlərlə, ədəbiyyat söhbətləriylə aşıb-daşan dostluq, qardaşlıq səyahətinə çıxdıq. Bu, həqiqətən qeyri-adi bir gəzi idi.

Bakıda, Rəsul Rzanın evində olanda, Rəsul müəllimlə Nigar xanımın bir "mübahisəsinin" şahidi olduq. Nigar xanım Dağlarcaya Gəncədə olarkən, şəhərin bir növ simvoluna çevrilmiş çinar ağaclarının gözəlliyinə diqqət yetirməsini söylərkən, Rəsul müəllim gülümsəyərək, Gəncə çinarlarının Göyçay çinarlarının yanında cılız qaldığını, Azarbaycanın ən qocaman çinar ağacının Göyçayda olduğunu iddia edirdi. İki böyük şairin "çinar dartışması" hamımıza nəşəli dəqiqələr yaşatmışdı.

Göyçaya gəldiyimizdə Rəsul Rza bizi içi oyuq nəhəng bir çinar ağacının altında çay içməyə dəvət etdi. Ağac həqiqətən tarixi bir heykəl təəssüratı yaradırdı. Dağlarcanın çinar ağacından etkiləndiyini görən Rəsul müəllim iki gəncəliyə, Həmid Araslı va mənə: "Deyin görüm, Gəncədə belə çinarınız varmı?" - deyə soruşunca, Həmid müəllimin "Gəncənin hər küçəsində onlarca belə çinar ağacı var" cavabı qonağımızı heyrətə salmış, biz isə bu sözlərə xeyli gülmüşdük.

Gəncədə ev sahibliyi edən şəhər partiya komitəsinin birinci katibi Ələsgər Əlizadə qonağımıza Nizaminin məqbərəsini, Şah Abbas məscidini, Xan Bağını və başqa yerləri göstərdiyi zaman Həmid müəllim və mən Dağlarcanın diqqətini qədim çinar ağaclarına, xüsusilə də hər iki tərəfı böyük çinarlarla sıralanmış küçəyə çəkməyə çalışırdıq. Daha sonra Ələsgər müəllim bizi gözəl Göygölə apardı.  Gölün gözəlliyi, yaranma tarixi, zirvəsi  haçalı Kəpəz dağı, sıx meşələr, Ağsu çayının buz kimi suyu və Gəncənin lüləkababı  Dağlarcanın şair qəlbində dərin izlər buraxmışdı.  Azərbaycana səfəri türk şairinə böyük təsir göstərmiş və onun yaradıcılığında öz əksini tapmışdır. "Azərbaycan" silsiləsindən olan şeirlər bu səfərin bəhrəsi idi.  

Bakıda oyanmaq

Türkcə səslər gəlir yollardan

Qaranlığı yox edir türkcə işığı.

Bir az İzmirə bənzər,

Bir az İstanbula,

Dənizlə dağ qarışığı.

Daha mavi, daha ağ

Bakıda oyanmaq.

 

Kimisi gedər sənə doğru,

Kimisi gedər çörəyinə,

Onlar sənin doğma qardaşlarındır

Yaratmaqdadırlar gözəlliyini günün

Tanımadınmı yenə.

Böyüyən, böyüyən bir budaq,

Bakıda oyanmaq.

 

Səslənir radiodan mahnılar,

Bir budaqdan axar dilin.

Qovaqlarla, çinarlarla, ardıclarla,

Təbiətin eşiyinə

Daşar yaşılın.

Ta içindəki yarpaq

Bakıda oyanmaq.

 

İki olursan burda, iki vətənin olur,

İlk dəfə, ilk kəz,

Çağların söylədiyi nağıllardan uzaqlaşırsan,

Ölümdən sonrakı diriliş var ha,

Artıq sənə gərəkməz.

Həm yaxın, həm uzaq

Bakıda oyanmaq.

İlk gündən Rəsul Rza ilə Dağlarca arasında sıx dostluq, hətta, mən deyərdim, qardaşlıq əlaqələri yaranmışdı.

Rəsul müəllim və Nigar xanımın dünyalarını dəyişmələrindən  sonra Türkiyəyə getmişdim. Dağlarcaya telefon etdim. Həmişə olduğu kimi, Kadıköydə, bir kafedə görüşdük. Dağlarca bir-bir dostları xəbər aldı. Rəsul Rzanın vəfat etdiyini, iki ay sonra da Nigar xanımın dünyasını dəyişdiyini, Nigar xanımın Rəsul Rzanın ölümündən xəbərsiz dünyadan getdiyini söyləyərkən, Dağlarcanın dodaqları xəfifcə titrəyir, gözlərindən yaşlar süzülürdü. O gecə iki böyük şairin, iki böyük insanın, dostun ölümündən duyduğumuz acını rakılarımızla azaltmağa çalışdıq. Həmişə canlı, sözlü-söhbətli olan Dağlarca o gecə olduqca qəmgin və düşüncəliydi.

Sabahısı günü sübhdən qaldığım otel nömrəsinin telefonu çaldı. Dağlarcaydı. "Vaxtın varsa naharı birlikdə edək", - dedi. Görüşdüyümüzdə mənə bir kağız uzatdı. "Oxu, bu gecə yazdım. Səhərə qədər yata bilmədim. Hey düşündüm, düşündüm. Nigar xanım və Rəsul Rza, heç şübhəsiz, böyük şairlərdir. Sənətləri kimi onların həyatları, yaşamları da böyük olmuşdur. Hətta ölümləri belə. Bütün bunlar neçə-neçə şeirə, romana mövzu olacaqdır. Mən bu kiçik şeirimdə onların eşqini, mübarizələrini, romantik, eyni zamanda, acılı ölümlərini, bir sözlə, birgəliklərini dilə gətirməyə çalışdım",- dedi. Şeirin adı "Rəsul Rza ilə Nigar" idi. Bu, uşaqlıqdan əzbər bildiyimiz məhəbbət əfsanələrinin -"Əsli və Kərəm", "Fərhad və Şirin"in adlarını xatırladırdı. Həqiqətən, Fazil Hüsnü bir neçə misra ilə bir romanın anlada biləcəyini poetik dillə ifadə etmişdi:

Birdən-birə oldu

Yaz gözəlliyində

Bir azacık da olsun aramadan

Tapdılar bir-birini

Sevgini bölüşdülər.

 

Müharibə illəri boyunca

Biri göy üzüydü, o biri yer üzü -

Dağları bölüşdülar.

Yazdılar, yazdılar günəş qalxanadək

Gerçəyi, həqiqəti -

Xalqın xoşbəxtliyini bölüşdülər.

 

Başqa-başqa otaqlarındaydılar xəstəxananın

Biri vücuduyla duymuşdu -

Heç kim söyləmədən

O birisinin bir neçə gün əvvəl

Nəfəssiz qaldığını -

Ölümü bölüşdülər.

***

Bu gəzi zamanı, "mənim ilk məktubuma niyə cavab vermədiz", - deyə soruşduğumda, Dağlarca gözlərini qıyaraq:

- Düzünü deyimmi? İlk məktubunu alanda yamanca şübhələnmişdim. Sovetlərlə heç bir əlaqə yoxkən, birdən oradan məktub gəlir - dedi. - Özüm-özümə, bu adam, yəqin KQB agentidir, - dedim və  məktubu bir kənara qoydum. Yaşar Nabi ikinci məktubunu verəndən, onunla tanış olandan sonra "Yox, şeiri belə hiss edən adam, agent olmaz" qənaətinə gəldim və sənə cavab yazdım".

"Bir insanı tanımaq üçün onunla səfərə çıx", - deyib atalarımız. Doğrudan da, aramızdakı yaş fərqinə baxmayaraq birlikdə etdiyimiz bu gəzi bizi çox yaxınlaşdırdı. Bu səfər zamanı biz saatlarla, günlərlə ədəbiyyat, sənət üstünə söhbət edir, o mənim suallarımı  cavablandırır,  ədəbi görüşlərini açıqlayırdı. Bütün bunlar, əlbəttə, Dağlarcanı yaxından tanımağa, onun şeir dünyasının çox çətin açılan qapısını aralamağa imkan verirdi.

Dağlarca İstanbula qayıtdıqdan sonra da əlaqələrimiz davam edirdi, biz tez-tez  məktublaşırdıq. Bu illər ərzində tanışlığımız  möhkəm dostluğa çevrilmiş və bu dostluq, qardaşlıq 15 noyabr 2008-ci ilə, ta onun ölümünə qədər davam etmişdi.

İstanbula hər gəlişimdə ilk işim ona zəng etmək olurdu. Telefonun dəstəyindən Fazil Hüsnü Dağlarcanın tanış səsi eşidilirdi.

- Sənsən? Xoş gəldin. Səni "Vaqon"da gözləyirəm.

İstanbulun Asiya yaxasına, Kadıköyə gedən bərəyə minib, Fazil Hüsnünün 70-ci illərdən bəri yaşadığı Mərmərə sahilində yerləşən "Vaqona" gəlirdim. O, haylı-küylü, qələbəlik Avropa yaxasındakı Aksaraydan buraya köçmüşdü. Havasında ötən əsrlərin əks-sədası duyulan, sakitliyini yalnız ləpələrin ahəngdar, kəsilmək bilməyən səsi pozan Kadıköydə şair rahat nəfəs alır və işləyirdi.

Sahilə enib avtobusların son durağı olan meydanı keçən kimi qəribə adlı "Vaqon" kafesiylə qarşılaşırdım. Kafenin interyeri adına tam uyğun gəlirdi. Yarımdairəvi tavanlı uzunsov sahə həqiqətən qatarın vaqonunu xatırladırdı. Yalnız kupe və ikinci rəflər çatmırdı.

Əslində, "Vaqon" bildiyimiz kafelərdən deyildi, daha çox klub idi, burada gündəlik qəzetləri gözdən keçirmək, tavla-nərd, bric oynamaq, televizora baxmaq olardı. Lap mərkəzdə böyük bilyard stolu vardı, ətrafı həmişə mübahisə edən adamlarla dolu olurdu. Bunlar, necə deyərlər, sərbəst peşə sahibləri-yazıçı, jurnalist, rəssamlardı. Kadıköyə köçəndən sonra Fazil Hüsnü "Vaqon"un daimi müştərisi olmuşdu. Məhz o vaxtdan kafe yaradıcı ziyalıların görüş və qızğın diskussiya yerinə çevrilmişdi.

Burada növbəti dəfə bir arayış verməlıyəm. "Vaqon" kimi kafelər indiyədək İstanbulun mədəni həyatında önəmli rol oynayır. Şairlərin, nasirlərin, rəssamların, musiqiçilərin müntəzəm toplandıqları, xəbər mübadiləsi etdikləri, kitablar haqqında təəssüratlarını bölüşdükləri, toplananları yeni yaradıcılıq məhsulları ilə tanış etdikləri, cari məsələlər barədə dartışdıqları sevimli yerləri vardı. Çox vaxt bu kafelərdə yeni ədəbi nəşrlərin ideyası doğar, ədəbi manifestlər tərtib olunar, şeir məktəbləri yaranardı. Bəziləri üçün kafelər iş yeriydi. 40-cı illərdə "Müserret" kafesində hələ o vaxt çox gənc Rıfat Ilqaz, Hüsaməttin Bozok, A.Qadir və Ömər Faruk "Yürüyüş" dərgisinin saylarını hazırlayırdılar.

Şair və tənqidçi Saleh Birsel özünün "Kafelər kitabı" və "Bəyoğlu, Bəyoğlu" əsərlərində qeyd edir ki, "İstanbul kafelərinin tarixi müasir türk ədəbiyyatının tarixidir". Həqiqətən də "Eptalafos" və "Çiçek pasaji" kafelərində baş verən olayları bilmədən Səid Faiqin həyat və yaradıcılığının bəzi faktları sirr olaraq qalacaqdı, "İkbal" kafesinə baş vurmadan Orxan Kamalın yaradıcılıq fəaliyyətini anlamaq çətinləşəcəkdi. "Nisuaz" kafesi isə Orxan Vəlinin həyat və yaradıcılığının bəzi sirlərini saxlamaqdadı...

"Vaqon" Fazil Hüsnü Dağlarcanın həyatında belə bir kafe oldu. Demək olar ki, hər gün nahardan sonra buraya gəlirdi. Kafedə onu dostları, gənc şairlər, yazıçılar, pərəstişkarları gözləyirdi. "Vaqon"da "Türk dili dərgisi"ni yaratmaq fikrinə düşdü. Dərginin redaktorluğunu Əhməd Miskioğluna tapşırdı, seçilmiş əsərlərinin nəşri barədə Fazil Hüsnü "İnkilab" nəşiryyatının rəhbərliyilə razılığa burada gəldilər...

Pəncərənin yanındakı masada oturub Dağlarca ilə poeziyadan, incəsənətdən, ölkələrimizdə,  həyatlarımızda baş verən hadisələrdən danışırıq.

Bu söhbətlərin tarixi qırx ili əhatə edir. İlk dəfə belə söhbət 1969-cu ilin iyununda Fazil Hüsnü Dağlarca  Sovet İttifaqına gələndə başlamışdı. Bu söhbətlər məktublarımızda, Moskva və İstanbuldakı görüşlərimizdə davam etmişdir.

Dediyim kimi, söhbətlərimiz heç bir çərçivə ilə məhdudlaşmırdı, bizi narahat edən və maraqlandıran hər şeydən danışırdıq. Amma hər halda, söhbətlərimizin başlıca bir mövzusu vardı, "bütün yollar Romaya apardığı" kimi, bizim Fazil Hüsnü Dağlarca ilə bütün söhbətlərimiz bir məxrəcdə birləşirdi. Bu mövzu poeziya idi. Bunun da "günahkarı" özünü poeziyasız, poeziyanı özü olmadan təsəvvür etməyən Fazil Hüsnüydü. "Yaxşı, poeziya nədir?", - deyə şairə sual verirdim.

- Bu, bütün varlığımla xidmətinə həsr etdiyim həyatımdır. Poeziya varlığımın mənası və məqsədidir. Uşaqlıqda elə bilirdim ki, insanlar məktəbə yalnız şeir yazmağı öyrənmək üçün gedirlər. Bu gün, bu yaşda deyə bilərəm ki, poeziyaya görə yaşayıram. Bəzən mənə elə gəlir ki,  insanlar Allah və poeziyanı  kəşf etməsəydilər, onları mən yaradardım. Zaman-zaman səslər eşidilir ki, müasir insanlar poeziyaya biganədirlər, bu, o deməkdir ki, bir gün onun sonu gələcək. Bu, doğru deyil. Poeziya yer üzündə sonuncu insanın məhvilə yox olacaq. Poeziya əbədidir, Allah və sevgi kimi.

- Belə olan halda poeziyanın əsasını nə təşkil edir?

- Səmimiyyət və obrazlılıq - poeziyanın iki ayağıdır. Bunlarsız poeziya sənəti mümkün deyil.

Şairə öz düşüncələrini xatırladıram: "lirizm və obrazlılıq poeziyanı poeziya edir".

- Burada heç bir ziddiyyət yoxdur, -  Fazil Hüsnü etiraz edir. -  Səmimiyyət lirizmi özündə əks edir, səmiyyət öz-özlüyündə lirikdir. Bu, bizim sərt və amansız əsrimizdə özünü daha əyani göstərir.

Fazil Hüsnü çox eksperimentlər edirdi, daim yeni şeir formaları, bədii ifadə vasitələri axtarışındaydı. Daim poetik dilini kamilləşdirir, almaz cilalayıcısı kimi sözləri cilalayırdı. Dağlarcanın poetik dil problemlərinə bu sürəkli diqqəti nəylə bağlıdır?

- Poeziya, hər şeydən əvvəl, söz sənətidir. Burada nə deyildiyindən daha çox necə deyildiyi önəmlidir. Xalq poeziyamızda belə bir beyt var: "Üzündə göz izi var, sənə kim baxdı, yarım". Üstündən neçə əsr keçib, amma bu kiçik şedevr hələ də öz ifadələriylə adamı heyran edir. Poeziya sənətin heç bir növünə bənzəmir. Musiqi səslərlə, rəngkarlıq rənglər vasitəsilə yaradılırsa, poeziyada sözlər, sadəcə, vasitə deyil, bu, sənətin mahiyyətidir. Sənətkarın ustalığı elə sözləri uzlaşdıra bilməsindədir.

- Bu, əsərin formal cəhətdən üstün olmasına gətirib çıxarmazmı? Və ya məzmunun dəyərinə təsir göstərməzmi?

Suallarımı dinləyib, Dağlarca qımışaraq cavab verdi:

- Xeyr, təsir göstərməz. Çünki məndən asılı olmadan, hər bir şeir öz formasını, dilini, ahəngini müəyyən edir. Bu necə baş verir? Elə bir hiss keçirirəm ki, sanki daxilimdə dulusçu dəzgahına bənzər dairə var, bu şeirlər orada hazırlanır. Mənə də özümü dinləmək və hiss etdiklərimi ifadə etmək qalır. Gizlətmirəm, bəzən elə olur ki, bu və ya digər şeirin yaranmasına özüm məəttəl qalıram.

- "İstedad, - Şalom Aleyxem deyir, - pul kimidir: Əgər varsa, var, yoxdursa, yoxdur". İstedad, Allah vergisi olmadan nə şair, nə rəssam, nə də musiqiçi olmaq mümkündür. Lakin  olimpi fəth etmək üçün bir tək istedad yetərmi?

- Min kərə "yox" deyirəm, - Fazil Hüsnü Dağlarca cavab verdi. -  Yalnız istedadın üzərinə çalışqanlıq gələrsə, uğur qazanmaq olar. Həyatım boyu çox parlaq, istedadlı insanlar görmüşəm, elə Kəmaləddin Kamunu götürək, onlar ədəbiyyatda özlərini ona görə ifadə edə bilmədilər ki, zəhmət çəkmədilər, istedadlarını püxtələşdirmədilər. Bir neçə yaxşı şeir yazıb, ədəbiyyat meydanından getdilər.

- Çalışqanlıq, ilk növbədə, - Dağlarca davam edir, - fikrin, həm də tənqidi fikrin aktiv çalışmasıdır. İstedadı inkişaf etdirmək üçün işlədiyin sahədə olanları əxz etmək yetməz, dərk etdiklərinə də tənqidi yanaşmalısan. Bir də, hər bir şair, nasir daim yazmalıdır ki, sözlə rahat işləyə bilsin, özüylə dil arasındakı məsafəni minimuma endirə bilsin. Daşa forma vermək üçün tonlarla lazımsız material çapıb tökən heykəltəraş kimi, şair elə nəhəng söz ehtiyatından, sadəcə, 100, 150 və ya 300 söz seçərək bunların köməyilə özünün bənzərsiz əsərini yaratmalıdır. Sənətkarın ustalığı onunla müəyyən edilir ki, öz fikrini, düşüncəsini ifadə etmək üçün ona uyğun forma tapa bilsin. Bunun üçün daim çalışmaq, eksperimentlər aparmaq lazımdır. "Uşaq və Allah" kitabında bir şeirim var, burada bir fel belə işlənməyib. Bu şeiri özümü, imkanlarımı yoxlamaq üçün yazdım. Daim çalışdığımdan əsər üçün gərəkli ölçünü, quruluşu, ahəngi tapmağı tez öyrəndim.

- Məsləhət üçün gənc şairlər sizə tez-tez müraciət edirlər. Onlara nə deyirsiniz, hansı məsləhətləri verirsiniz?   

- Öz orijinal əsərlərini yazmağa başlamadan öncə hər bir gənc şairimiz klassik və şifahi ədəbiyyatı kökünə qədər öyrənməlidir. Məsləhət üçün mənə müraciət edən gənc şairlərə adətən deyirəm: "Həvəskar deyil, əsl sənətkarlar olmaq istəyirsinizsə, bunlara əməl edəcəksiniz: əlli dənə ümumi dəftər alın, çünki bizim ənənəvi poeziyamızda əlli ölçü var - otuz beş əruzda, on beş hecada. Sonra bu dəftəri üzərlərində göstərilmiş ölçülərə müvafiq olaraq şeirlərlə doldurun. Dəftərlərin əllisi də dolduqdan sonra mənə gətirin. Şeir ölçülərini düzgün işlədib-işlətmədiyinizi yoxlayacağam. Hər hansı bir ölçünü mənimsəmədiyinizi görsəm, o zaman daha bir dəftər doldurmalı olacaqsan. Ta məqsəd hasil olmayınca, yəni ölçülərin sirlərinə yiyələnmədikcə, beləcə davam edəcək. Bundan sonra bütün dəftərlərinizi yandırıb, özünüzün orijinal şeirlərinizi yaza bilərsiniz. Bu məsləhətləri dinləyib gənc şairlər soruşurlar ki, bütün bunlar nəyə gərəkdir, axı biz sərbəst şeir yazmağı düşünürük?  Məsələ də elə bundadır, deyirəm onlara, sərbəst şeir yazmaq üçün siz əvvəlki bütün şeir sistemlərini, bütün ölçü və formaları bilməlisiniz: bunları öyrəndikdən sonra zahiri deyil, daxili harmoniyaya malik sərbəst şeir yazmağın nə qədər çətin olduğunu, sərbəst şeirin zahirən nə qədər aldadıcı olduğunu anlayacaqsınız".

Bu məsləhətlərində Dağlarca şəxsi təcrübəsinə istinad edirdi, hələ hərbi liseydə oxuyarkən özü də indi gənc şairlərə məsləhət etdiyi kimi başlamışdı. Uzun illər əruz və heca vəznlərini tam şəkildə mənimsəmək məqsədilə şeirlər yazmışdı. Yalnız bundan sonra Fazil Hüsnü sərbəst şeirə keçmişdi.

Fazil Hüsnü Dağlarca türk ordusunda on beş ildən artıq xidmət etmişdir. Deyirlər, iş insanın xarakterinə öz möhürünü vurur, onun təfəkkürünə, dünyabaxışına təsirini göstərir. Orduda xidmət Fazil Hüsnüyə nə verdi?

- Ordu, hər şeydən əvvəl, mənə intizamlı olmağı, daha doğrusu, özünü nizamlamağı öyrətdi, öz vaxtına, işinə intizamla yanaşmağı öyrətdi. Bundan başqa, orduda xidmət insandan müşahidə qabiliyyətini, hadisə və faktları dəyərləndirmək bacarığını inkişaf etdirir. Bilirsənmi, zabit hər gün tabeliyində olanların zahiri görünüşlərinin nizamnamə tələblərinə nə qədər uyub-uymadığını yoxlamalıdır. Bax, beləcə, zamanla məndə bir baxışla əsgərlərdən kimin formasının düymələrini axıra qədər bağladığını, kimin bağlamadığnı görmək qabiliyyəti yaranmışdı. Yeri gəlmişkən deyim ki, ilk oxunuşda çox zəhmət çəkmədən yeni yazılmış əsərin nöqsanlarını görə bilirəm. Digər tərəfdən, orduda xidmət, təəssüf ki, aktiv şəkildə Qərb, dünya  mədəniyyətinə qatılmağa imkan vermir. Bu çatışmazlığı ordudan istefa etdikdən sonra haqlaya bildim.

- Siz Nazim Hikmətlə tanışdınız?

- Təəssüf ki, yox. Mən orduda xidmət edirdim. İstanbulda gec-gec olurdum. Onunla görüşməyi çox istəyirdim, amma mümkün olmadı. Nazim 1937-ci ildə tutuldu... Bundan sonra hökumət onun bütün kitablarını yasaqladı. Tezliklə əmr aldıq: Nazimin bütün kitablarını toplayıb təhvil verin. Lakin mən onun kitabını vermək istəmirdim. Hərbi hissədə saxlamaq da imkansızdı, poçtla evə göndərməksə təhlükəliydi. Onda mən Nazimlə vidalaşmanın dəhşətli yolunu seçdim-səhərə qədər əlimdəki kitablarını bir daha oxudum, sonra torpağa basdırdım. Mənim üçün çox ağır, əzablı hərəkət idi, heç cür unuda bilmirəm.

Biz Dağlarcayla Nazimin Moskvadakı məzarını ziyarət edərkən o, uzun müddət məzarın önündə duraraq nə isə deyirdi. Qəbiristanlıqdan ayrıldıqdan sonra soruşdum:

- Usdad! Mənə elə gəldi ki, siz Nazimlə nə haqdasa danışırdınız.

- Düz deyirsən. Mən hərbi hissədə onunla necə vidalaşdığımı danışdım və Nazimdən üzr istədim.

Həyatın hər bir yönünə böyük maraqla yanaşan Fazil Hüsnü Dağlarca şair olaraq sevgi kimi önəmli mövzuya uzun müddət nadir hallarda müraciət etmişdir. Ancaq 70-ci illərdən sonra məhəbbət lirikası şairin əsas janrlarından birinə çevrilmişdi. Onun  yaradıcılığının ilk mərhələsində sevgi şeirlərinə, demək olar ki, yer verilməmişdir. "Bu, nəylə bağlıdır?", - deyə Fazil Hüsnüdən soruşuram.

- Gəncliyimdə, - deyir şair - həmkar yaşıdlarımın çoxunun yaradıcılığında sevgi şeirləri əsas yer tuturdu. 30-cu illərdə ədəbi dərgi və qəzetlərin səhifələri bu şeirlərlə dolub-daşırdı, çoxu da zəif, bəsit yazılardı. Bu hal məndə etiraz doğururdu, zamanla da sevgi mövzusundan tamamilə uzaqlaşmağıma səbəb oldu. Özlüyümdə qərara aldım ki, sevgi şeirləri yazmayacağam.

Həqiqətən də, nadir istisnalar nəzərə alınmazsa, Fazil Hüsnü Dağlarca uzun illər bu prinsipə əməl etmişdir. Lakin son illər tez-tez şairin qələmindən cəsarətlə intim lirikaya aid edilə biləcək şeirlər çıxmağa başlamışdır. "İncimiş" kitabı meydana çıxdı, "Sevmək" kitabı çap olundu. Bu, sevgi lirikasının yasağının qaldırıldığı demək deyilmi?

- Bəli, son illər xeyli sevgi şeiri yazmışam, - Fazil Hüsnü Dağlarca qəfildən sükutu pozdu. - Nə gizlədim, yetkin yaşımda ağır bir sevgi dramı yaşadım. O vaxt elə vəziyyətdəydim ki,  hər cür ağılsızlıq, dəlilik edə bilərdim. O vaxtlar ən bəsit musiqi  canıma üşütmə salırdı, məni ağlada bilirdi, qəlbim isə əzabdan üzülürdü. Allah bunu mənə bir daha yaşatmasın. Bir sözlə, gözəl  bədbəxt sevda macərası yaşadım.

- Bədbəxt sevgi gözəl ola bilərmi?

- Ola bilər. Məncə, xoşbəxt sonluqlu sevgini gözəl adlandırmaq olmaz, çünki belə olduqda sevərkən düşüncələrimizdə yaratdığımız məhəbbət çökür.

Bir dördlük-haydidə bunumu demək istəyirdi Dağlarca:

Səni sevər-sevməz,

Sezərəm birdən-birə

Səni sevməyi sevmişəm

Səni sevmək əvəzinə.

Fazil Hüsnünün sevgi haqqında düşüncələri Kafkanın sözləriylə səsləşir: Mən, hətta, səni də deyil, sənin vasitənlə mənə bəxş edilmış həyatı  sevirəm".

- Sevgi şeirləri yazan şairlər, -  Dağlarca fikrini bir az da açıqlayır, - elə zənn edirlər ki, öz məhrəm duyğularını yazırlar. Bu, yanlış təsəvvürdür. Uzun illərdən sonra mən konkret bir qadına şeir həsr edərkən, birdən anlayırdım ki, şeirin bu qadına çox uzaq aidiyyəti var. Konkret ilham mənbəyi olmasına baxmayaraq, mənim sevgi lirikam təxəyyülümdə yaratdığım qadına ünvanlanmışdır. Bu səbəbdən əminəm ki, bu şeirlər bütün qadınları gözəlləşdirməyə qadirdir, çünki eyni vaxtda bütün qadınlara müraciət edirəm...

Cəsarətli açıqlamadır, elə deyilmi?

Əlbəttə ki, şair təbiətli bütün insanlar kimi, Fazil Hüsnü Dağlarca sevib də, sevilib də, həm də bir dəfə yox. Həyatından taleyüklü rolları olan qadınlar gəlib-keçmişdir. Lakin evlənməyib. Dağlarcadan bu barədə birbaşa soruşmağa cəsarət etmirəm, ona görə də ailə həyatı barədə nə düşündüyünü soruşuram:

- İnsani münasibətlərin ailə həyatı kimi ənənəvi forması zamanla aradan qalxacaq. Çünki bu, bir insanın digərinin azadlığına təzyiqinin ən bəsit formasıdır. Bir insan on, iyirmi, otuz, qırx, əlli il başqa insanla bağlı ola bilməz... Əslində bu bağlılıq elə indi də yoxdur, lakin insanlar, cəmiyyət inersiya ilə özünü doğrultmamış nikah institutunu dəstəkləməkdə davam edirlər. Bu gün evli olanların çoxunun həyatları iki paralel axan, bir-birinə qovuşmayan çaya bənzəyir.

Fazil Hüsnü Dağlarca uzun həyatını tənhalıqda keçirmişdir. Azadlıq bezdirici deyilmi?

- Mənim tənhalığım lüğətdə sözün tənhalığına bənzəyir,-deyə şair cavab verir.

Bu poetik ifadə Fazil Hüsnü Dağlarcanın həyatını ən gözəl şəkildə açıqlayır. Bu tənhalıq ona özünü tamamilə poeziyaya həsr etmək imkanı verir. Son görüşlərimizin birində elə də dedi:

- Poeziya naminə mən iki barmaq və bir gözümdən başqa hər şeyi qurban verməyə hazıram: barmaqlar qələmi tutmaq üçün, göz də nə yazdığımı görmək üçün lazımdır.

1987-ci ildə Fazil Hüsnü Dağlarcaya İstanbulda keçirilən Beynəlxalq kitab yarmarkası mükafatının verilməsilə bağlı tanınmış türk şairi və tənqidçisi Əhməd Oktay yazırdı: "Fazil Hüsnü Dağlarca ilk kitabını əlli il əvvəl nəşr etdirmişdir. Əlbəttə ki, şairin böyüklüyü bununla ölçülmür.  Biz türk poeziyasının durmadan yenilənməsi uğrunda onun yarıməsrlik fəaliyyətini xatırlamalıyıq. Fazil Hüsnü Dağlarca  sağlığında  artıq abidəyə çevrilib...".

Əhməd Oktayın sözləri mübaliğə deyil. Hələ sağlığında yaşadığı küçəyə onun adı verilmiş, elə oradaca abidəsi qoyulmuş, evi muzeyə çevrilmişdir. Böyük istedad, sonsuz zəhmətsevərlik, kamil sənətkarlıq, sözün sehri Fazil Hüsnü Dağlarcanı - tənhalığın dahisini müasir türk poeziyasının klassiki, çağın böyük şairi etmişdir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!