Sən mənə ömürlük cəza imişsən, ən böyük günahım, qınağım mənim... - Ceyhunə Mehman - şeirlər

 

Adını pıçıldayır külək

gecənin qulağına;

gizli-gizli,

xəfif-xəfif.

Səsin gəlir

yaddaşımın o tayından

qırıq-qırıq,

kəsik-kəsik.

Ümidlərim atılmış körpətək

sığınacaq gəzir.

Çökür üzərimə

bozumtul tənhalıq.

Düşünürəm ki,

Ya mən çoxam bu dünyaya,

Ya da  bu dünyada,

Bir "sən" əskik...

 

Gedərəm

Gedərəm, əzabın artar birə, min,

Ayrılıq səninlə nikah bağlayar.

Ehh, sənə qürurun kəsilər qənim,

Səni ömür boyu dərd qucaqlayar.

 

Bütün xatirələr yığışıb gələr,

Gələr, gözlərinin yaşından çıxar.

Elə gedərəm ki, yenidən sevmək

Çıxar yaddaşından, huşundan çıxar.

 

Kəsər damarını vaxtın ülgücü,

Mənsiz günlərinə belə qıyarsan.

Özünə o qədər acığın gələr,

Götürüb özünü küncə qoyarsan.

 

Elə ayrılaram, elə inan mən,

Hər gün ayrılığı qarğışlayarsan.

Mən elə gedərəm, elə gedərəm,

Bütün gedənləri bağışlayarsan.

Darıxdım

Darıxdım sənsiz ev-ev,

küçə-küçə, darıxdım.

Sənli yolları sənsiz

keçə-keçə, darıxdım.

 

O gedişin əfvi nə?

Düşdün yol tərəfinə.

Gecələr şərəfinə

içə-içə, darıxdım.

 

Ehey, qəlbimi deşən,

Yadına çətin düşəm,

darıxmaq olub peşəm,

gündüz-gecə darıxdım.

***

Bütə çevirərək qəlbimdə səni,

Bəlkə də, Allaha şəkk eləmişdim.

Özümə ən böyük cəza kəsərək

Səni ürəyimə görk eləmişdim.

 

Qopdu ayağımın altından yollar,

Yoluma qar yağdı, dolular düşdü.

Getdim, gedişimin uzandı ömrü

Sanki dağ yarıldı, torpaq sürüşdü.

 

Uçaqlar uçmadı, qatar ləngidi,

Yollar uzandıqca zaman gecikdi.

Gözümdən töküldü o sənli günlər

Axdı göz yaşlarım qəhqəhə çəkdi.

 

Keçdi bax beləcə həftələr, aylar,

Hər ötən gün bir az ovutdu məni.

Gecələr qəlbimdə çarmıxa çəkdim,

Səhərlər bir az da unutdum səni.

 

Unutdum, səsini, gülüşünü mən,

Unutdum, o gözəl gözlərini də...

Başımı qoymağa yer tapmayanda

Gəzib, axtardığım dizlərini də...

 

Ehh, sənə nə deyim,  bir də şəklimi -

nə öpüb, oxşama, nə əzizləmə.

Yolları arxamca yığıb getmişəm,

Dönüb gəlməyəcəm, məni gözləmə.

Sən...

hamıdan saxladığım,

gizli duamsan.

Allahla belə

bölüşməyə qorxuram...

Çarəsizlik deyilmi,

sənin adın?

Kaş... kaş ki,

belə mümkünsüz

olmayaydın...

Şüşə qırıqları kimidi

indi bütün kəlmələr,

sussam, ağrı verər

danışsam,

dil-dodağımı bölər...

***

Tutub taleyimin dəli inadı,

harda qəm-kədər var

başıma çırpır.

Elə hücum çəkir arzularıma,

kövrək ümidlərim

gözünü qırpır.

Susmaq qəbahətmiş,

danışmaqsa suç.

Hələ bitməyibmiş sınağım mənim.

Sən mənə ömürlük cəza imişsən,

ən böyük günahım, qınağım mənim.

Dil açıb, söyləsin kaş xatirələr,

Sənə nə söyləyib,

nə deyirəm mən.

Hansı günahımın cəzasısan ki,

Səni belə ağır ödəyirəm mən?!.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!