Şairlik, aşiqlik... - Musa ƏLƏKBƏRLİ - şeirlər

 

Bizə qaytaq düşmür

Bu səhər dağların gen qucağında

Könlüm duyğuların oduna düşdü.

Düz on dörd yaşımın ilkin çağında

Yazdığım ilk məktub yadıma düşdü.

 

Onda ürəyimin döyüntüləri,

Bəxtimin ağappaq səhəri vardı.

Onu yazdığım gün dərdi, qəhəri

Kükrəyən dağ çayı yudu, apardı.

 

Saflaşdım, duruldum dağ bulağıtək,

Sandım həsrətimin həllidi məktub.

Hər kəsə doğmadı bu ülvi istək,

Bütün sevənlərə bəllidi məktub.

 

Qəlbimi qıymışdım hər kəlməsinə,

O dəli hökmüydü gənclik yaşımın.

Apardım o qızın rəfiqəsinə

Bəlası, qovğası oldu başımın.

 

Dedim bu məktubu o qıza çatdır,

"Yox" desə özümü öldürəcəyəm.

Bilsin ki, istəyi mənə qanaddır,

Uçub da Tanrıya bildirəcəyəm.

 

Mənim əsə-əsə yazdığım məktub

Yaralı durnatək qayıtdı geri.

Qəlbimdə neştərlə qazdığım məktub

Oldu taleyimdə bir yara yeri.

 

Sel kimi çağladım, yel kimi əsdim,

Məktəbdən çıxanda haqladım onu.

Cəsarətə gəlib önünü kəsdim,

Yolundan bir anlıq saxladım onu.

 

Dedim, həyatımda bir zəlzələ var,

İçimdə şimşəklər kişnəyir - dedim.

Səni mən sevirəm, üzüyü qaytar,

Güldü, "bizə qaytaq düşməyir" dedi.

 

Yəqin ki, o güldü uşaq ərkimə,

Qaytara bilmədim onun sözünü.

Kimə deyəsiydim, dərdimi kimə?

O ilk istəyimdən çəkdim gözümü.

 

Ahıl çağındadır o vaxtkı küskün,

O vaxtdan qəlbimdə simləyir qubar.

Ancaq bilmirdim ki, haçansa, bir gün

Zamanın bu dərdi qaytarmağı var.

 

Ömrümdə nə qədər qasırğa oldu,

Sədd heyif, o günlər getsin, gəlməsin.

Sanki qulağımda bir sırğa oldu

Onun "bizə qaytaq düşmür" kəlməsi.

 

Bizə qaytaq düşmür...

                        Getdi gedənim,

Gələnim gedəni əvəz etmədi.

Bülbülsüz qəfəsə döndü bədənim,

Taleyim mənimlə yola getmədi.

Hardasan üstümə qayıdan məktub,

Solub-saralırsan hansı bucaqda?!

Zaman da, o qız da səni unudub,

Mən də qovruluram dili ocaqda!

 

Nə dərdin, nə sözün açılır qatı,

Göynəyən qəlbimin titrək simidir.

Bu ahıl çağımda ömrüm, həyatım

Üstümə qayıdan məktub kimidir.

 

Mənə qaytaq düşmür...

                        Şumla bu ömrü,

Ölürəm dərdimin davası üstə.

Haçan qərar versən qoy dinsin əmrin

Bir gözəl "Qaytarma" havası üstə.

 

"Bu dərələr uzunu,

Çoban qaytar quzunu".

Tanrım, mənə qıymadın

Sən o dağlar qızını!

 

Oldum

Bu il Ataxalda - ata evində

Mən on dörd yaşımın qonağı oldum.

Yuyundum xatirə yağışlarında,

Dünyanın pak, təmiz uşağı oldum.

 

Necə açıqlayım mən bu uyğunu,

Özümə sirr olan həzin duyğunu?!

Elə sehirlədi yerin ilğımı,

Göylərin al-əlvan qurşağı oldum.

 

Qəlbimdə ilk sevgi yenə cücərdi,

Gördüm bu duyğular təzədi, tərdi.

Gizlətdim könlümdə boy verən dərdi,

Yaxın bildiyimin uzağı oldum.

 

Yağmurla yetişdim yayın üstünə,

Yatıb sübhə qalan Ayın üstünə.

Şırıltıyla axan çayın üstünə,

Əyilən bir söyüd budağı oldum.

 

Boylandım Göyyurda - anamsız dağa,

Meşəsi talanmış inamsız dağa.

İllərlə dağ çəkdi çox qansız dağa,

Susduqca özümə mən yağı oldum.

 

Yüyürdüm birbaşa Zərvin qaşına,

Döndüm əliyinə, uçan quşuna.

Axır qocalığın çıxdım tuşuna,

Boş keçən illərin qınağı oldum.

 

Yağışa, çiskinə, küləyə döndüm,

Bərədən yan ötüb, sürəyə döndüm.

Burda özüm boyda ürəyə döndüm,

Titrəyən bir nanə yarpağı oldum.

 

İndi önüm qışdı, önüm ayazdı,

Ay Musa, bu yolda nə çəksəm azdı...

Vətəndən, torpaqdan, sevgidən yazdım,

İlahi bir eşqin sınağı oldum!

 

Gedəcəm

Bu ömürdən-gündən yarımadımsa,

Karsız həyatımdan doyub gedəcəm.

Nişanə qalacaq bir adımdısa,

Onu bir sal daşda oyub gedəcəm.

 

Yox, bu nə yolluqdu, nə yolçuluqdu,

Zəmanə acgözdü, dövran şuluqdu.

Baxıram, dünyada soyğunçuluqdu,

Mən də öz ruhumu soyub gedəcəm.

 

Həyatda hər kəsin bir dünyası var,

Ya gerçək aləmi, ya röyası var...

Sevgisiz bir ömrün nə mənası var?

Getmək məqamını duyub gedəcəm.

 

Ürəyim əkilir hər gün şum kimi,

Udduğum hava da qurğuşun kimi.

Dərd gəlir üstümə bir qoşun kimi,

Onu bircə-bircə sayıb gedəcəm.

 

Canımda qorxunu öldürəcəyəm,

Bir gün kimliyimi bildirəcəyəm.

Aləmi üstümə güldürəcəyəm,

Ən mübhəm sirrimi yayıb gedəcəm.

 

Məni eşitsə də Allahım mənim,

Ona yetişmədi çox ahım mənim.

Dünyaya gəlməkmiş günahım mənim,

Bax, bu günahımı yuyub gedəcəm.

 

Ürəyim bağlıdır elə, ulusa,

Torpaq altında da o, çətin susa.

Ona yanıram ki, Musa, ay Musa,

Bu gözəl dünyanı qoyub gedəcəm.

 

Qoyma məni qocalmağa

Ay tanrımın söz sovqatı,

Göy uzaqdı, yer də qatı.

Kökdə saxla bu ovqatı,

Qoyma məni qocalmağa.

 

Kürsülərdə gur səsim ol,

Birincilik həvəsim ol.

Təngiyəndə nəfəsim ol,

Qoyma məni qocalmağa.

 

Üzüyümün qaşındasan,

Ürəyimin başındasan.

Sən gözəllik yaşındasan,

Qoyma məni qocalmağa.

 

Od sozalır ocağımda,

Dərd boy verir qucağımda.

Çox kövrəyəm, bu çağımda

Qoyma məni qocalmağa.

 

Kamanında telə döndər,

Köksünə tax, gülə döndər,

Ya da yandır külə döndər,

Qoyma məni qocalmağa.

 

Yoxuşlarda inadım ol,

Səmalarda qanadım ol.

Sevgi dolu həyatım ol,

Qoyma məni qocalmağa.

 

Ömür şirin bir röyadı,

Məhəbbətdi duzu-dadı.

Dünya sevgili dünyadı,

Qoyma məni qocalmağa.

Qoyma məni qocalmağa!

 

Şairlik, aşiqlik...

Tanrı bəxş eləyib bu gözəlimi,

Onsuz bircə gün də dözən deyiləm.

Səbrimi üzsə də, ondan əlimi

Ömrün sonunacan üzən deyiləm.

 

Yanıma yollanıb, şükür bu günə,

Daha dərd-qəm nədi bilməyəcəyəm.

Ölsəm də, qalsam da mətləb üstünə

Tələsik, birbaşa gəlməyəcəyəm.

 

Mənə buta gəlib qadir ozandan,

Nakam aşiqlərin başı olmuşam.

Qələm götürəndən, şeir yazandan

Sevda yollarında naşı olmuşam.

 

Sevgim haqdan gəlib bir töhfə kimi,

Fəqət, bu sevgimə cavab olmayıb.

Açılıb ürəyim bir süfrə kimi

Şeirim istəyimi aləmə yayıb.

 

Yaşın yaş hökmünə boyun əyib də

Ağır oturacam, batman gələcəm.

Elə üzəvari gülümsəyib də

Yanına ürəyi çatnan gələcəm.

 

Ayların, illərin oduna yanıb,

Bu dəfə mən ayrı yolu gedəcəm.

Yazacağım şeiri sənə qısqanıb,

Gedəcəm, sinəsi dolu gedəcəm.

 

Bu dəfə qələmi dəyişəcəm ki,

Qəlbinə sancılsın qələmə kimi.

Həsrətlə, hicranla döyüşəcəm ki,

Vüsalın uyuşsun dələmə kimi.

 

Şairlik, aşiqlik sığmır bir yerə,

Sadəcə, özümü məhv eləyirəm.

Aşiqtək ilk anda sığınıb şeirə,

Şairtək son anda səhv eləyirəm.

 

Günlərdən, aylardan macal gözləyib,

Bu dəfə mən ayrı yolu gedəcəm.

Sənə olan şeiri səndən gizləyib,

Dünyadan ürəyidolu gedəcəm!

Dağlarda yay etüdü

Gecə... narın-narın yağış çisəyir,

Buluddan çıxan Ay işıq çiləyir.

Dağlar dağ çayını susub dinləyir

Tanrının ilahi nəğməsi kimi.

 

Arabir üfüqdə şimşəklər çaxır,

Şimşək işığında göy yerə baxır.

Dərələr boyunca bulaqlar axır

Dağların ən təmiz bəhrəsi kimi.

 

Yar deyən kimsənin yarı yarmı heç,

Yurddan ayrı düşən yarıyarmı heç?!

Dünyada yararlı dərman varmı heç

Bu yaşıl ormanın nəfəsi kimi!

 

Hər yolum düşəndə bu doğma kəndə

Bir bulaq başında düşürəm bəndə.

Haçansa, nə vaxtsa ölüm gələndə

Hopaydı canıma su səsi kimi.

 

Varmı, kimsə varmı ölümdən qaça?

Bir də bu dünyaya gələrəm haçan?!

Yolum uzanaydı düz Tanrıyacan

Tükənməz yaşamaq həvəsi kimi!

 

Sən axtar Musanı kövrək çağında

Məcnun səhrasında, Sənan dağında.

Hər gün nəğmələşsin gül sorağında

Dünya bir bülbülün qəfəsi kimi!

 

Vallahi

Bulanıq bulağam, durulmalıyam,

Yatmış bir saatam qurulmalıyam,

Mən sənə təzədən vurulmalıyam,

Sənə vurulmamaq olmur, Vallahi.

 

Sevgi bir bəladır qarşımdan çıxır,

Ötən yaş gözümün yaşından çıxır

Yenə tüstü mənim başımdan çıxır,

Sənə vurulmamaq olmur, Vallahi.

 

Axı çəkdiyin qəm doğma qəmimdi,

Onu necə qıyım sənə kəm indi?!

Zaman dəyişsə də, könlüm həmindi,

Sənə vurulmamaq olmur, Vallahi.

 

Möcüzə budur ki, gözüm nuru, sən,

Yenə əvvəlkitək safsan, durusan.

Könlümdə təptəzə evcik qurursan,

Sənə vurulmamaq olmur, Vallahi.

 

Yaralı qəlbimin davası gəlib,

Çəkdiyim cəfanın səfası gəlib.

Başıma Məcnunluq havası gəlib,

Sənə vurulmamaq olmur, Vallahi.

 

Sanmıram sözünə "bəli" desinlər,

"Üzülüb hər yandan əli", - desinlər.

Qoy elə Musaya dəli desinlər,

Sənə vurulmamaq olmur, Vallahi!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!