Gecə yağışının pıçıltısı... - Aydın Murovdağlı - şeirlər

 

Gecə yağışının pıçıltısı...

Yağışlar göyləri saxlayan sütun,

Sular qaranlığı axıb aparır.

Qanlı caynağından alıb sükutun,

Külək qoltuğuna yığıb aparır -

Gecə yağışının pıçıltısını!

 

Bulanıq yuxular suda durudu,

Göylər göz yaşımı əkir üzünə.

Gecə səssizliyi balıq torudu,

Balıqçı ürəyim çəkir özünə -

Gecə yağışının pıçıltısını!

 

Küçə fənərləri işıq harayı,

Yaz yeli çapırdır çəni at kimi.

Səsini içinə çəkib dağ çayı,

Dinləyir ah-nalə, muğamat kimi -

Gecə yağışının pıçıltısını!

 

Quşlar mürgüsünü çırpır torpağa,

Yağışdan yapışıb qalxır göy otlar.

Ulduzlar rəqs edir, qalxıb ayağa,

Qədəh puçurlara süzür buludlar -

Gecə yağışının pıçıltısını!

 

Sən də gözlərinə yol çək yağışdan,

Düşüb eşqin əksi yanaqlarına.

Arı meh bal çəkir çiçək yağışdan,

Yığır bal pətəyi dodaqlarına -

Gecə yağışının pıçıltısını!..

Salam, Yer kürəsi...

Sən Dədəm Qorqudsan, durma lal, dünya,

Dağlar qopuzundu, köklə, çal, dünya,

Salam, qoca dünya, ağsaqqal dünya,

Salam, Yer kürəsi, sabahın xeyir!

 

Papağın, yaylığın salamatdımı?!

Qəzəbin, acığın salamatdımı?!

Dəryada balığın salamatdımı,

Salam, Yer kürəsi, sabahın xeyir!

 

Sevincin toyunda, qəmin şərində,

Bazarın, tərəzin öz dəyərində,

Quzun yerindədi, qurdun yerində,

Salam, Yer kürəsi, sabahın xeyir!

 

Fələk fırlatdığı çarx tüstülənir,

Dəyirman suyunda arx tüstülənir,

Kabab manqalında haqq tüstülənir,

Salam, Yer kürəsi, sabahın xeyir!

 

Oğrular almanı aparmayıblar,

Üstündən səmanı aparmayıblar,

Verdiyin salamı aparmayıblar,

Salam, Yer kürəsi, sabahın xeyir!

 

Arılar öpürlər çiçəklərini,

Gözündə qoyarlar istəklərini,

Əlləri göylərdə gecələyənlər,

Tamahı arıtək beçələyənlər,

Cırıblar Allahın ətəklərini,

Salam, Yer kürəsi, sabahın xeyir!

 

İçində səsimi boğursan, vallah,

Sən daha yoxluğa doğrusan, vallah,

Bu boyda yük altda oğulsan, vallah,

Salam, Yer kürəsi, sabahın xeyir!..

 

Sözün köynəyində gəlmişəm, dünya

Əməl dərsindəyəm bu kainatda,

Hesabım cəmlənir vaxtda, saatda.

Sənə qaranquşun köksünün altda,

Durna lələyində gəlmişəm, dünya.

 

Mələklər göylərdə ulduz sayanda,

Bəxtin gözü qalıb ulduz payımda.

Nar ağacı gecə ulduzlayanda,

Bir nar çiçəyində gəlmişəm, dünya.

 

Xəbərçi küləyin pıçıltısında,

Sənə kəpənəyin pıçıltısında,

Arıyla çiçəyin pıçıltısında,

Bir bal pətəyində gəlmişəm, dünya.

 

Qəlbimə nur düşüb, Tanrı təbindən,

Min yol kəsilmişəm bəxt məktəbində.

Mən sənə qələmin mürəkkəbində,

Sözün köynəyində gəlmişəm, dünya.

 

Dərə sevgisinn, dağ məzarının,

Quran ayəsində sirli yazının.

Mən sənə anamın - o türk qızının

Oğul diləyində gəlmişəm, dünya.

 

Sözün canındadı andı şairin,

Hər sözü xətadı, qandı şairin.

Aydın Murovdağlı adlı şairin

Sənə ürəyində gəlmişəm, dünya.

Borcluyam...

Daş-qaya bitirib ağrım əkdiyi,

Daşdan-daşa qonur ümid kəkliyim,

Tale fərmanıyla hər gün çəkdiyim,

Əzaba borcluyam, əzaba borclu!

 

Rəqəmlər içində bir məchul sayam,

Aldanıb sayımı müqəssir sayan...

Dərdi yarım sayan, məni bir sayan

Hesaba borcluyam, hesaba borclu!

 

Çatladım, çat döndü cığırlarıma,

Yollandım əvvəlin axırlarına...

Piyada ürəyin ağrılarına

Araba borcluyam, araba borclu!

 

Ölümtək avand var tərs demədiyim,

Daş imiş gül kimi dəstələdiyim.

Səbrimə içirib məst elədiyim

Şəraba borcluyam, şəraba borclu!

 

Vətəndi gözümlə ölçdüyüm torpaq,

Bitişdi çatını öpdüyüm torpaq...

Kitabdı açdığım-örtdüyüm torpaq,

Kitaba borcluyam, kitaba borclu!

 

Cəsarət quldusa ağa qorxuma,

Göz yaşım, minbərdən azan oxuma.

Neçə ki yatmışam, bayquş yuxuma -

Xaraba borcluyam, xaraba borclu!

 

Bu dünyanın

dərdlərindən o yanda...

Harda ayağını yuyur çən, yoxam,

Harda şehlənibdi bir çəmən, yoxam,

Hamı var, hər kəs var, bircə mən yoxam,

Bu dünyanın dərdlərindən o yanda!

 

Çoban kəpənəklər çiçək otarır,

Zəminin ətrini külək otarır,

Qoyun sürüsünü tütək otarır,

Bu dünyanın dərdlərindən o yanda!

 

Ocaq-tüstüsünü küldən ayırır,

Arı dodağını güldən ayırır,

Yovşanlar mehini yeldən ayırır,

Bu dünyanın dərdlərindən o yanda!

 

Vətən izdi, vətən cığır, vətən yol,

Durnalaşır xəyalımdan ötən yol,

Nə məzar var, nə məzara gedən yol,

Bu dünyanın dərdlərindən o yanda!

 

İndi balıq tutur dünən cib tutan,

Sərvətinə arşın tutan, ip tutan...

Haralıdı itinə də ev tutan -

Bu dünyanın dərdlərindən o yanda?!

 

Bir dağın qoynunda təpə olasan,

Ot üstə yüyürən körpə olasan,

Bir çayın üstündə körpü olasan,

Bu dünyanın dərdlərindən o yanda!

 

Buludun yaxası örtüb göyləri,

Dəydikcə şimşəyin od güllələri -

Qırılıb-tökülür buz düymələri,

Bu dünyanın dərdlərindən o yanda!

 

Açılmayıb bizdə bazar deyirlər,

Günümüzdən gəl gün apar deyirlər,

Aydın adlı məmləkət var deyirlər,

Bu dünyanın dərdlərindən o yanda!

 

Hazırlaşıram...

İndi nağıl satan dükan çoxalıb,

Dilin tarlasında tikan çoxalıb.

Gah məkan olmağa məkan çoxalır,

Gah zaman olmağa hazırlaşıram!

 

Min yol gedib-gəlib haca ürəyim,

Allahın yanına qaçan ürəyim...

Başına çıxmağa uca ürəyin,

Nərdivan olmağa hazırlaşıram!

 

Ərz güləş yeriymiş mərdi yıxmağa,

Kəsilib namərdin şərti, yıxmağa.

Hər gün məni yıxan dərdi yıxmağa,

Pəhləvan olmağa hazırlaşıram!

 

Böyüdüm, səbrimi böyütmək üçün,

Adımı Yer etmək, Göy etmək üçün,

Buğda düşüncəmi üyütmək üçün,

Dəyirman olmağa hazırlaşıram!

 

Sudadı balığın nəfəsi nədən?!

Şimşəkdi buludun nəğməsi nədən?!

İnsan olmayanın əvəzinə də

Mən insan olmağa hazırlaşıram!

 

Tale qarğışında bitmir dən daha,

Ölməmiş, ruhumdan düşdüm gen daha...

Bəsdi, yerdən göyə baxdım, mən daha

Asiman olmağa hazırlaşıram!

 

Çox böyük deyiləm, adım boydayam,

Süleyman mülkündə Aydın boydayam,

Dünya bir addımdı, addım boydayam,

Bir cahan olmağa hazırlaşıram!..

Çaylar dənizlərdə

ölməyə gedir...

Öyrənib ucalıq əlifbasını,

Qoyub dərələrdə "Əlvida"sını,

Yığıb qucağına dağ havasını,

Yollarda paylayıb, bölməyə gedir -

Çaylar dənizlərdə ölməyə gedir.

Dolur bulaq-bulaq sənək dərələr,

Duman-çən bitirir dibçək dərələr,

Taxıb yaxasına çiçək, dərələr -

Şəlalə-şəlalə enməyə gedir.

Çaylar dənizlərdə ölməyə gedir.

 

Yovşan mürgüsünü aparır sular,

Bulud kölgəsini aparır sular,

Ömür güzgüsünü aparır sular,

Buludda qayıdıb gəlməyə gedir.

Çaylar dənizlərdə ölməyə gedir.

 

Özünü daşıyır özü çiynində,

Əvvəlin-axırın izi çiynində,

Şələsi əyrinin, düzün çiynində,

Yer nədir, göy nədir bilməyə gedir.

Çaylar dənizlərdə ölməyə gedir.

 

Mən çay qırağıyam əziz çayların,

Ömrü gödək olur təmiz çayların...

Mavi məzarıdı dəniz çayların,

Haraylar sükuta dönməyə gedir.

Çaylar dənizlərdə ölməyə gedir.

 

Sular su qalası qurur dənizə,

Məzar yeri verir Quru dənizə...

And olsun çayların goru dənizə,

Çaylar son nəfəsdə gülməyə gedir.

Çaylar dənizlərdə ölməyə gedir.

 

Azərbaycan əsgəri...

Sən bu yeni eranın inadını ayaqla,

Yüz yaşlı ordumuzun adını göydə saxla,

Polad gücünü endir, zamanları qabaqla,

Vətəndən beş qat böyüt içindəki hünəri,

Azərbaycan əsgəri!

 

Sən babalardan miras yürüşü geyməlisən,

Xətaidən yadigar yerişi geyməlisən,

Dövrani zirehlənib, gərdişi geyməlisən,

Yoxdu qeyrətdən iti öldürücü kəsərin,

Azərbaycan əsgəri!

 

Nərələr, kişnərtilər sənin yatmış şərəfin,

Şərəfini yaraqlan daşa dönmüş sələfin.

Güllə sənin gülləndir, hədəf sənin hədəfin,

Sinən altdan başlanır qanlı döyüş səngəri,

Azərbaycan əsgəri!

 

Bayrağın azadlığa qonan mələkdi daha,

Əsarətin qandalı çilik-çilikdi daha,

Qoca haqqın əlində zaman çəlikdi daha,

Haqqın son nəfəsindən adını qaytar geri,

Azərbaycan əsgəri!

 

İçində qranitləşən vətən boyda haraydır,

Qanlı köynəyindəki qan ha deyil, qalaydır.

Şəhid məzarları da hərbə hazır alaydır,

Şəhidlərin andıdır qızardan üfüqləri,

Azərbaycan əsgəri!

 

Qoy sənə yol göstərən Allahın əmri olsun,

Cəsarətin böyüsün, Everest kimi olsun.

Düşmənə nifrət dolu ürəyin mərmi olsun,

Bütün dünyaya göstər dünyanı yıxan şəri,

Azərbaycan əsgəri!

 

Al qurğuşuna çevir zəmində bitən dəni,

Türklüyünlə ayağa qaldır indi sən səni...

Güllən ilə qaynaq et, bütövləşdir vətəni,

Bütövləşdir axşamı, bütövləşdir səhəri -

Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!