Çöllərəmi tapşırdın məni... - Nəriman Həsənzadə - ŞEİRLƏR

Səndən qabaq,

məndən qabaq

Əsli sevib,  Kərəm sevib,

o göz yaşı, bu qəm sevib.

Tarix boyu aləm sevib -

səndən qabaq, məndən qabaq.

 

Dan sökülür, yer oyanır,

qaranlıqlar işıqlanır.

Dan ulduzu göydə yanır -

Aydan qabaq, gündən qabaq.

 

Niyə sevənlər ağlayır?

Baxtı yolunu bağlayır.

Din bu eşqi günah sayır,

Tanrı da var dindən qabaq.

 

Yaşayır

Poyluda mən doğulmuşam,

Poyluda Nazim yaşayır.

Könüldə sevgi-məhəbbət,

sazda sarı sim yaşayır.

 

Ağstafa, Poylu, salam!

Alməhəmməd oğlu, salam!

Ata payım, oğul balam,

mənim əvəzim yaşayır.

 

Atamın çırağı yanır,

anamın ocağı yanır.

Səni anır, məni anır -

eşqim, həvəsim yaşayır.

 

Poyluda bir ünvan qalıb,

O, məndən nigaran qalıb.

Gedən gedib, qalan qalıb,

tanış-bilişim yaşayır.

 

Əyilməsin uca başın,

sevinsin torpağın, daşın.

A qızım, sənin qardaşın,

mənim ləlşim yaşayır.

 

Yerdə yer həsrəti

Əzizim  akademik Arif Paşayevə ithaf

 

Ayağım yerə dəydi,

sənə şükür, İlahi!

Nə əziz, nə müqəddəs

yer imiş - Yer, İlahi!

Mən haqqın dərgahında,

dilimdə dualarım.

Yerdə yerdən savayı

bir tanrım yoxdu, Tanrım.

Mənə addım atmağı

sən öyrətdin, İlahi!

İməkləmək istədim,

- Yeri! - dedin, İlahi!

Ayaq üstə qaldırıb,

qolumdan tutdun ki:  - Qalx!

“Yüyür!”- dedin, yüyürdüm,

“Qaç!”- dedin, qaçdım, Allah!

Mən beşik dünyamızdan

endim Yer dünyasına.

O gündən düşdüm elə

insan iddiasına,

böyüklük xülyasına,

İsgəndər Zülqərneyin,

Promotey sevdasına.

Yer, sənə yıxılanı

qaldırırsan əlüstü,

dağılır qara tüstü.

Deyirsən: - Ey insan, qalx!

Sən mənə arxalan, qalx!

Qalx, heykəl ol, şıx ol, qalx!

Ayağın altda yerəm,

yerə yaraşıq ol, qalx!

Gedən-gələn yerimiz

sənsən! Əskik olma, Yer!

Həyatın əzəli Yer,

özəli Yer, doğma Yer!

18.03.2015

 

Bilgəh

Gəncəli qızı

Gəncə mənim ilk məhəbbət beşiyim oldu,

Soruşmayın  tələbə qız onda kim oldu,

Bəlkə mənim alın yazım, taleyim oldu.

O qızlara dediyini mənə demirdi,

Can verirdim, canıyanmış can istəmirdi.

 

Gəncənin adını ötəri çəkmə,

Eşidib inciyər o pəri, çəkmə.

O mənim olmadı,

                        mən onunkuyam.

Allahım, ayrılıq çəpəri çəkmə.

 

Sökdülər, tikdilər bütün şəhəri,

İtdi o gözəlin ayaq izləri.

Silindi mənim də xatirələrim,

Bu hansı küçədir,

                        yoxdu xəbərim.

Bəlkə unutmayıb xan çinar məni,

Dursam kölgəsində, tanıyar məni.

 

Kəhrizə gedən yol, tanışdır, desin,

Susub Gəncə çayı, danışdır, desin,

Tikilən Gəncədi, sökülən mənəm.

Nə Gəncə Gəncədi, nə o mən mənəm.

Şəhər başçısının insafı yoxdu,

Mən gedib döydüyüm o qapı yoxdu.

 

Keçdi belə

Bir gözələ dönüb baxdım,

Gün vurdu, əridim-axdım.

Əldən kəkliyi buraxdım,

Salam verib keçdi belə.

 

Sən demə, qonşunun qızı,

Dönüb olub ay parası.

Özüm-özümdən narazı,

Dedim daha gecdi belə.

 

Od içində elə yandım,

Yandığımı sonra dandım.

O güləndə, mən utandım,

Gördüm ömür keçdi belə.

 

Çöllərəmi tapşırdın məni

Gözlədə-gözlədə qocaltdın məni,

Mən ki, yuxudaydım, ayıltdın məni.

Nə tutdun əlində, nə atdın məni,

Özgə əllərəmi tapşırdın məni?

 

Ətrimi gül aldı, çiçək apardı,

Üzümün rəngini bir rəng apardı.

Çağırdım, səsimi külək apardı,

Əsən yellərəmi tapşırdın məni?

 

Bu günü gözlədim, sabaha qaldı,

Sevincin axırı bir aha qaldı.

Yeganə ümidim Allaha qaldı,

Gələn illərəmi tapşırdın məni?

 

Dağlara çən düşdü, xəbər tutmadın,

Saçıma dən düşdü, xəbər tutmadın.

Ayrıldıq, gen düşdük, xəbər tutmadın,

Yaman dillərəmi tapşırdın məni?

 

Könlümü alanda, könlüm deyərdin,

Məni iyləyərdin, gülüm deyərdin,

Adımı deməzdin, Leylim deyərdin,

Məcnun, çöllərəmi tapşırdın məni?

 

Bizim şeir gecəmiz

Xalq şairi Söhrab Tahirə

Yuxuda gördüm ki, yenə görüşdü,

yığılıb el gəlir yanıma səssiz.

Bakı elə böyük, elə genişdi;

Söhrab,

            bildirişsiz, dəvətnaməsiz

Təbrizdən, Səlmasdan, Gəncə tərəfdən,

gəlib şerimizi dinləyir Vətən.

 

Anan Nəsibəni görürəm, Söhrab,

Al! - deyib, çörəyi batırır duza.

Baş əyib, mən salam verirəm, Söhrab,

bizim o taydakı oxucumuza.

 

Uşaqlar görürəm sonra arada,

şeir gecəmizə gənc, qoca gəlib.

Sonra Pişəvəri... qabaq sırada,

deyirlər, səngərdən birbaşa gəlib.

 

Uzanır qarşımda bir qumlu səhra,

durub gözləyirəm Günəşi - doğsun.

Sən niyə susursan qarşımda, Söhrab,

Niyə demirsən ki, yuxun çin olsun?!

* * *

Sən olsan yanımda

            Vətəndi, qürbət,

Sənsiz qürbət olur

            Vətən,

                        nədəndi?

 

Tarix tökür tuncdan məni

 

Gözüm toxdu, könlüm acdı,

Könlüm könlünə möhtacdı.

Sən dedin, bu, ehtiyacdı,

Çıxar ehtiyacdan məni.

 

İçimdədi acım, ağrım,

Atəşlərə yandı bağrım.

Özün qurtar, ulu Tanrım,

Möhtaca möhtacdan məni.

 

Mən kiməmsə, haqdan soruş,

Xalq içində xalqdan soruş.

Acdan soruş, toxdan soruş,

Bu karvandan, köçdən məni.

 

Şimşəkdimi yenə çaxan,

Dağları üstümə yıxan.

Qisas alan, hayıf çıxan,

Nişan alma küncdən məni.

 

Girdim bir tale oynuna,

Düşdüm tufanlar qoynuna.

Şair, lent taxır boynuna,

Tarix tökür tuncdan məni...

Ağ göyərçinlər

 

Milli Aviasiya Akademiyasının

tələbə qızlarına         

Səhər açılır səhər,

ağ köynəklər, ağ üzlər,

ey qara donlu qızlar,

çiyni paqonlu qızlar!

Çiçək kimi təzə-tər,

bizim ağ göyərçinlər.

 

Bir azdan uçacaqlar,

qol-qanad açacaqlar.

Göylər çətirlənəcək,

mavi səma ağ çiçək.

 

Dünya xəritələri

ən uzaq qitələri

sizə nişan verəcək.

Mənim tələbələrim

seviləcək, sevəcək.

O gün mütləq gələcək.

Arif Mircəlal oğlu

ürəkdən sevinəcək,

sizi təbrik edəcək.

 

Mən Ənvər müəllimə

deyəcəyəm ki,

desin,

üzərlik yandırmağa,

rektor icazə versin -

qızlara göz dəyməsin.

 

Allah, Allah, bu qızlar,

hardaydı indiyəcən?

Özün hardaydın, Vətən?!

Üçrəngli bayrağacan

hardaydın, Azərbaycan?!

 

Ölənlərdən qalanlara

Yunus İmrə sayağı

 

Dünya qatır başımızı,

qarışdırır aşımızı.

Yetmiş, səksən yaşımızı

biz də bayram eləyirik.

 

Tərif, hədiyyə, mükafat,

ya bir təltif, ya fəxri ad.

Belə sakit, belə rahat

dünyanı ram eləyirik.

 

İnanırıq yalanlara,

tərifə əl çalanlara.

Ölənlərdən qalanlara, -

sonra salam eləyirik.

 

İki yaşlı nəvəmə

Salam, Nəriman qağa,

xoş gəlibsən bu bağa.

Səninkidir hər nə var,

əncir, qoşa xan çinar.

Nəhəng şah tut ağacı,

o tərəfdə iydə, nar,

bu tərəfdə gilənar,

üzüm, innab və badam,

ək, becər, kişi balam.

Mənim muğamatım

Anam - kəlağayılı bir muğamıydı,

muğam da doğmaca öz anamıydı.

Anam cəmiyyəti anlatdı mənə,

muğam da Üzeyiri tanıtdı mənə.

Gördüm, bu yollarda yol göstərən var,

harda muğam varsa,

                                   orda Vətən var.

Xana toxuyardın, ay Nabat anam,

mənim xalı anam, muğamat anam.

Dilin yox,

                        ürəyin dilə gələrdi,

xınalı barmaqlar naxış ələrdi,

orda ceyran gəzər, cüyür mələrdi.

İpləri kəsərdi, calardı anam,

sapları sim bilib çalardı anam.

Muğam toxuyardı -

                        muğam özüydü,

bəstəkar özüydü, rəssam özüydü.

səsi eşidərdi, rəngi duyardı,

anamın ruhunda rəng oxuyardı.

Fırçasız, boyasız səs rənglənərdi,

on bir heca kimi əzbərlənərdi.

“Segah”a, “Şahnaz”a keçərdi anam,

“Hicaz”dan “Məcaz”a keçərdi anam.

Məcazı - xalıydı, xalısı - muğam,

o, bu dünyamıydı,

                         indi o dünyam.

 

Hardadı

Yaşım səksəni haqladı,

keçdiyim yollar hardadı?

Haraya gedirəm, Tanrım,

görünən dağlar hardadı?

 

Gəzib torpaqlar görmüşəm,

qaralar, ağlar görmüşəm,

ölkələr, xalqlar görmüşəm,

hanı o xalqlar hardadı?

 

Kimin üstündə əsirəm,

nəyim itib, nə gəzirəm?

Hara belə tələsirəm,

bizim yaylaqlar hardadı?

 

Çiynimdən uçdu şah quşum,

yerindədi ağlım, huşum.

Ələndi getdi tay-tuşum,

tək-tük o sağlar hardadı?

 

Bulanıram, duruluram,

öz içimdə qovruluram.

Yeriyirəm, yoruluram,

dəmir ayaqlar hardadı?

 

Ağsaqqal olmaq buydumu,

Gördüklərim yuxuydumu?

Varıydımı, yoxuydumu,

Ötən o çağlar hardadı?!

 

Dost qocalıb, yar qocalıb,

Can alan canlar qocalıb.

Məndən cavanlar qocalıb,

Məndən ahıllar hardadı.

 

Kimi dindirirəm,

“Qıfılbənd” deyir

“Mən Qazağın tarixini yazıram”.

Akademik Teymur Bünyadov

 

Səsində gizli bir can yanğısı var,

O səsdən od düşüb bu cana, yanır.

Demə, bu sevdanın nə mənası var,

Mənası budur ki, bu məna yanır.

 

Biz dünya görmüşük, biz nə deyirik,

Yüz cana borcludu bir canda ürək,

Ayrı görünsək də, ayrı deyilik,

Sən məndə, mən səndə yaşaya bilsək.

 

Gedək, Kür üstündə bir çəmən seçək,

Onsuz da hər ürək bir niyyət eylər.

Demirəm, hamımız tarixə düşək,

Orda yada düşsək, kifayət eylər.

 

Orda xalq şairdi, Tanrı şairdi,

Vurğun möcüzəydi, zaman möcüzə.

Qazaxdan çıxanın yarı şairdi,

Amma Nizaminin dediyi sözə,

 

Yazdığı bir rəyə ehtiyacı var.

Çünki şerimizə bir duaçı var,

Çünki səni duyan, məni duyan var,

Çünki səni, məni bir oxuyan var.

 

Kaş məndə olaydı evin açarı,

Kaş sağ olaydılar, kəndə gedəydik.

Üstü sarımsaqlı dağ qulançarı

Anam bişirəydi, biz də yeyəydik.

 

Bir ömür nədir ki,

                        əllidi, yüzdü,

Yaşaya bilmirik, kimsə pər vurur.

Xain də iblisin astar üzüdü,

Mən cığır salıram, o çəpər vurur.

 

Nəyi soruşum ki, Strabondan,

Kimi dindirirəm, “qıfılbənd” deyir.

Millətin tarixi çıxıbdı yaddan, -

Mən Dərbənd deyirəm, o sərhəd deyir.

 

Zalım, neylədinsə, tək sən eylədin,

Tarixdə

                        tarixi qəsd səninkidi,

Sibiri sən mənə vətən eylədin,

Vətən axtarıram vətəndə indi.

 

Orda Təbrizim var, burda Borçalım,

Mənim Dağ Ayrımım, Şuşam, Xocalım,

Mənim bir hecalım, iki hecalım.

Mənim tariximi bu tarix demir,

Mən, “Varıq!” deyirəm,

                     bu , “varıq”  demir.

 

Teymur boğazından asdı tarixi,

Türkün qılıncıyla yazdı tarixi.

Sən türk tarixini türk qanınla yaz,

Teymurdan

                        Teymura ilahi miras.

 

Tarixə hörmətdi sənin hünərin,

Zəmanə əyməsin şax qəddimizi.

Elə yaz,

            qoy pozsun “Qazax” əsərin

Qazaxdan başlayan sərhədimizi.

 

Tarix tökür tuncdan məni

Gözüm toxdu, könlüm acdı,

Könlüm könlünə möhtacdı.

Sən dedin, bu, ehtiyacdı,

Çıxar ehtiyacdan məni.

 

İçimdədi acım, ağrım,

Atəşlərə yandı bağrım.

Özün qurtar, ulu Tanrım,

Möhtaca möhtacdan məni.

 

Mən kiməmsə, haqdan soruş,

Xalq içində xalqdan soruş.

Acdan soruş, toxdan soruş,

Bu karvandan, köçdən məni.

 

Şimşəkdimi yenə çaxan,

Dağları üstümə yıxan.

Qisas alan, hayıf çıxan,

Nişan alma küncdən məni.

 

Girdim bir tale oynuna,

Düşdüm tufanlar qoynuna.

Şair, lent taxır boynuna,

Tarix tökür tuncdan məni.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!