Bilirəm sevməyi, eşqə yanmağı... - Şöhlət Əfşar - ŞEİRLƏR

 

Tarix yazdılar

O aprel gecəsi titrədi dağlar,

Şanlı Ordumuzun bir zərbəsindən.

Qaçhaqaça düşdü qorxaq yağılar

İgid əsgərlərin nərə səsindən.

 

Xain qəsibkarın töküb qanını,

Düşmənin başına od ələdilər.

Vətən oğulları bu gen dünyanı

Düşmənin başına dar elədilər.

 

Silib qəlbimizdən hər acıları,

Qorxuya, təlaşa qəbir qazdılar.

Əlifin, İbadın davamçıları,

Dastana sığmayan tarix yazdılar.

 

Sancıldı al bayraq Lələtəpəyə,

Qırıldı tilsimi Qara Keşişin.

Ordumuz Vətəni ucaltdı göyə,

Dəyişdi zamanın çərxin, gərdişin.

 

Zəfərin sədası sardı dünyanı,

Mübarizin ruhu güldü o gecə.

Dostlar alqışladı Azərbaycanı,

Şəhidlər ehrama gəldi o gecə.

 

Daha ayrılıqdan gəlibdir cana,

Həsrət Minarələr qoşa gözləyir.

Ey əsgər, qılıncı qoyma qınına!

Topxana gözləyir, Şuşa gözləyir!!!

 

Qələbə müjdəsi verəcək bir gün,

Şöhlətin qələmi od saçacaqdır.

Xoşbəxtdir o əsgər, gələcək bir gün,

Şuşada bayrağı qaldıracaqdır!  

 

Yazdıran var

Sorursan, söyləyim - zarafat sanma,

Bəsirətin varsa, gəl haqqı danma.

İstər inan mənə, istər inanma,

Şairə şeiri bir yazdıran var.

 

Bilən yox düsturun, nə də bəhrini,

Nə sirrin bilən var, nə də sehrini.

Sarayın görən yox, nə də şəhrini,

Şairə şeiri bir yazdıran var.

 

Nizami bilsəydi var nicat yeri,

Oğlu Məhəmmədə verərdi sirri.

O da Nizamitək yazardı şeri...

Şairə şeiri bir yazdıran var.

 

İham yuxuların mən yozmuram ki...

Haqdan gələn sözü mən pozmuram ki...

Özümdə olmuram, mən yazmıram ki

Şairə şeiri bir yazdıran var.

 

Gah sakit Arazam, gah dəli Kürəm,

Gah Məcnun oluram, gah da ki Kərəm.

Qələm nə yazacaq, onu bilmirəm

Şairə şeiri bir yazdıran var.

 

İlham pərim necə gəlir, bilmirəm,

Gündüz gəlir, gecə gəlir, bilmirəm.

Zəvvar kimi "həcc"ə gəlir, bilmirəm,

Şairə şeiri bir yazdıran var.

 

Hökm etsə, qələmi götürməlisən,

Ruhunu dərgaha yetirməlisən.

Gələn vəhyi yazıb bitirməlisən,

Şairə şeiri bir yazdıran var

 

"Quran" gələrdimi Tanrı deməsə?

Nazil olardımı, O, endirməsə?

Şöhlət nə yazardı, O göndərməsə?!

Şairə şeiri bir yazdıran var!

Köz gətirmişəm

Əziz dostum Böyükbəy Ələkbəroğlu davamlı olaraq məni Təbrizə dəvət edir. Təəssüf ki, hələ də Təbrizə gedə bilməmişəm. Təbrizi görmək üçün burnumun ucu göynəyir...

Gəzdim küçələrin dolanbadolan,

Görüm hicran çəksin ayrılıq salan.

İllərdir hüsnünə həsrətdə qalan

Təbrizə baxmağa göz gətirmişəm.

 

Gərək dağ çiynini dağa söykəyə,

Dar gündə dayana kürək-kürəyə,

Ayrılıq yanğısın söndürsün deyə

Murovdan Səhəndə buz gətirmişəm.

 

Qaynayır ilhamım, susmur qələm də,

Gövhərlə bəzəyib odlu sinəmdə.

Bülbültək çiləyən tuti dilimdə,

Ustad ozanlara söz gətirmişəm.

 

Ya Rəbb! Bu eşqimə qoyma göz dəyə,

Əlimi qaldırıb dərgaha, göyə.

Təbriz gözəlinə - Qaragiləyə,

İlqarı, peymanı düz gətirmişəm.

 

Nə desəm, nə yazsam azdır şəninə,

Qanı qanımdandır, qardaşdır mənə.

Əziz Böyükbəyin naz-nemətinə

Bərəkət - çörəklə duz gətirmişəm.

 

Şöhlət Əfşar, gəlib keçər bu dövran,

Bitər bu ayrılıq, bitər bu hicran.

Sönməz məşəlimiz, qoy, bilsin cahan!

Ocaqdan ocağa köz gətirmişəm!

 

Bahar ahəngi

Ömrü başa vurub, nəfəs gödəlib,

Boz ay günlərini sayhasaydadır.

Vədə küləyinin müjdəsi gəlib,

İlıq nəfəsini yayhayaydadır.

 

"Mart çıxdı, dərt çıxdı!" - deyib atalar,

Yaz qışın burnunu ovhaovdadır.

Hər gecənin sonu al səhər olar,

Hörmüzd Əhriməni qovhaqovdadır.

 

Novruzun nəfəsi öpdü hər yeri,

Bahar at belində gəlhagəldədir.

Bayram çərşənbənin qalıbdır biri,

Dağlarda bulaqlar gülhagüldədir.

 

Kolların qoltuğu tərçiklənibdi,

Bənövşə gözünü açhaaçdadır,

Qızılı qönçəsi ləçəklənibdi,

Nərgizlər ətrini saçhasaçdadır.

 

Göylər nərildəyib yaman gurlayır,

Od saçan şimşəklər çaxhaçaxdadır.

Üfüqlər qızarıb par-par parlayır,

Buludlar gözlərin sıxhasıxdadır.

 

Aprel təbəssümün yaydı aləmə,

Torpağın mayasın qathaqatdadır.

Toxumlar cücərib, dönüb qələmə,

Fidanlar pöhrəsin athaatdadır.

 

Günəş hərarətin hər gün artırır,

Dağların kürəyin yaxhayaxdadır.

Əridib zirvədə buzları qırır,

Sellər dərələrə axhaaxdadır.

 

Söyüdün saçları düşüb topuğa,

Çinar yarpağını açhaaçdadır.

Qışın sərt ayazı çəkilib dağa.

Şələsin götürüb qaçhaqaçdadır.

 

Təbiət cövhərin bahardan alar,

Bərəkət şərbəti olhaoldadır.

Boy atıb kükrəyir tel-tel taxıllar,

Sünbüllər dən ilə dolhadoldadır.

 

Müşk-ənbər qoxusu sarıb hər yanın,

Çiçəklər çəməni bəzəkləyibdi.

Ala qanqal basıb zəmi kənarın,

Şaxı dizə vurub, özəkləyibdi.

 

Yamyaşıl düyməsi dolub, çatlayıb,

Lalə qızıl donun biçhabiçdədir.

Arı çiçəklərin üstə atlayıb,

Eşqin badəsini içhaiçdədir.

 

Qızılgül süslənib, xınalanıbdı,

Bülbülün canını yaxhayaxdadır.

Bülbül qızılgülə adaxlanıbdı,

Nişan üzüyünü taxhataxdadır.

 

Yazın ahəngindən qanı çoşubdur,

Şöhlətin gözləri Bahar qızdadır.

Könlündə mizrabla tel qovuşubdur,

Bahar nəğməsini yazhayazdadır.

Öyrət mənə

And içdim, baxmaram, sən olan yana,

Məni ayağına ürəyim salır.

Ona zülm eylədim sənin uğruna,

İndi də ürəyim məndən öc alır.

 

Əlimdə olsaydı, qırram tilsimi,

Canım sənə bağlı, sehir kimisən.

Dünyam darmadağın, viranə kimi,

Bütün həyatımı alt-üst etmisən.

 

Adını deməkdən dilim qabardı,

Aldığım nəfəsdə, sözlərimdəsən.

Unudum deyərkən, həsrətin sardı,

Əksin həkk olubdu, gözlərimdəsən.

 

Bilirəm sevməyi, eşqə yanmağı,

Yaddır yalan mənə, kin, nifrət mənə.

Sənə işim düşüb, sən, unutmağı,

Sən Allah, bilirsən, gəl öyrət mənə!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!