Düzdü, bir zamanlar səni sevirdim... - Vaqif BƏHMƏNLİ - ŞEİRLƏR

 

Əlifba sırası

Dostluq sırasında ən başda gələn

qardaşlarımdan biri Ağacəfər Həsənliyə.

 

Yaddaşım dəftərdi, düzülüb orda

adamlar əlifba sırası ilə,

düzülüb müdriklər, karlar və korlar,

yatanlar...

                        əlifba sırası ilə.

 

Adamın ağacdan başqa var kimi?-

boy verir huşumda adamlar kimi

ərik, sərv ağacı, gilənar, kivi,

badamlar...

                        əlifba sırası ilə.

 

Məkruh şamamalar tağa bükülür,

Şəhvət bələyinə çağa bükülür,

yorğana bükülür, ağa bükülür

"madam" lar...

                        əlifba sırası ilə.

 

O kimdi, sərvəti yığır cibinə?-

Unamır zər düzür əcəl ipinə...

Gedir cəhənnəmin dərin dibinə

nadanlar...

                        əlifba sırası ilə.

 

Yoxsul var unudub ağzın yerini-

olanı bir sümük, bir də dəridi...

Böyründə dünyanın nemətlərini

udan var

                        əlifba sırası ilə.

 

Qalxıb baş budağı ötür yan şaxlar,

yanları vəsf edir törə yanşaqlar...

Tarix  girdabına gömülür şahlar,

sultanlar...

                        əlifba sırası ilə.

 

Üz cırıb, diz döyür arzusuz ana,

Nədir qır qazanı - haram su, vanna...

Görüm yerə girsin şərlə suvanan

o damlar

                        əlifba sırası ilə.

 

Orda haqq sayılır burdakı dəli-

Kələkbaz əllərin sonu gülməli;

biləkdən kəsilir, dərgaha əli

çatanlar əlifba sırası ilə.

 

İmza

 

Məni təsdiq edir;

                        imzama əhsən!-

Nəyin hökmü var ki, bu qara  qədər?

Çəkdiyim qolları uc-uca düysəm,

Uzanar Bakıdan Ucara qədər.

 

İmza atmasam da şübhəli yerə,

Yenə də çox oldu, saya  bilmədim.

İmza qoymadığım xəyanətlərə

Nöqtə qoymalıydım...

                        qoya bilmədim!

Bir canda iki can

 

Qəddim gər ağacdı - iki haçalı;

yanaşı tərpəşir bəmim və zilim...

Birdən şümallaşır, birdən qocalır,

gah yanır, gah da ki, buz olur əlim!

 

Cüt qanad kəpənək...

                        gül arasıyam;

kəpənək zərini qıymıram silim...

Bəzən bal qarpızın tən parasıyam,

bəzən də yemişəm; ikicə dilim.

 

Şəkərlə zəhərin yurdudu içim,

İlan dili kimi haçadı dilim...

Bir anım iki an olduğu üçün

ikiyə vururam hər ötən ili.

 

Dəst tutub uçanda Təbrizə, Qarsa,

itəndə qatardan ilimbəilim,

Çarpan cüt qanadım, göy üzü varsa

yenə də siz məni çoxluqda bilin!

 

Ruhum var, cismim var-

                        ikisi birdə;

biri ağıllıdı, o biri dəli;

Onlardan bezəndə günün birində

həmkarım olacaq torpaq mənzilim.

 

İlmələr cüt-cütdü, cismimə bax ki-

qan dolu damarla toxunmuş kilim.

Qəribə adamsan,  Allahın haqqı,

Ay Vaqif müəllim, Vaqif müəllim!

Düzəliş

Açıb kələfi sonra hördüyümü yazıram,

Nahaq mənim adıma, bu, şairdi, deyirlər.

Şair deyil, mirzəyəm, gördüyümü yazıram;

Bir anım getmir hədər,

yazıram axşam-səhər -

Füzuli dəftərinə

 Sabiranə şeirlər...

 

Konsert

Muğamat gecəsidi -

                        üçlik qalxmış yuxarı,

Salon tutmur adamı,

                        muğama təzim üçün.

Xanəndənin başında tavan deşən buxara -

Ayrı səbəb nə gərək yüksələn təzyiq üçün?

 

Həlli çətin tənlikdi,

                        təbaşir əldə gərək;

Müğamat ölçü-biçi,

                        təbabət, həndəsə, cəbr...

Uçrumlardan aşmağa qəlb azdı,

                                   kəllə gərək -

Dərddən qəsr tikməyə

                        hər kəsdə çatmaz səbir!

 

Tar dırmaşır sinəyə,

                        kaman dizə alçalır,

xanəndə iç artdayır, sığal çəkir qavala-

hələ nə zil, nə bəm var...

                        tamaşaçı əl çalır,

könüllü gedir hamı gözlənilən zavala.

 

Mizrab simə toxunur;

                        əsir ruhun telləri,

Biçarə vurğunların içində biri, mənəm;

nədən qumbara kimi yumrulanıb əllərim,

nədən hamı ölüdü, azacıq diri mənəm?

 

Nə itim azıb axı "Şikəstə"də, "Qatar"da-

Xilqətin səsi batıb, əlləşirsə can ilə?

Söz yox, üsyandı muğam-

                        Amma, nə zaman, harda?

Bəzən yatırtmaq gərək üsyanı üsyan ilə!

Cilovlaya bilmirəm içimdəki dəstgahı,

Müxalifəm "Rast" ilə,

                        "Çahargah"a sözüm var.

Xanəndədə görürəm, sözün düzü, günahı -

O, səs zərbinə dözür,

                        məndə dərdə dözüm var!

 

Gen qavalı dirəyib diricə... dar qulağa

zülm çəkir xanəndə,

                        guya bizdə səs yoxdu?!

Səsi çoxdan azdırıb salmışıq qarquluğa,

Məndə səs "N" qədərdi,

                        çəkməyə nəfəs yoxdu!

 

Bağırtı xaric xaldı qəmin zümzüməsində,

"Heyratı" tox oyunu, "Segah" yetim ahıdı.

Xanəndə, çəkilmisən qavalın kölgəsinə,

Gün çartladıb sinəmi,

                        sınıq könlüm axıdır!

 

Sən zildəsən,

                  bəm qəmi dartıram pillə-pillə-

şappıldadıb qavalı tarçıya göz basırsan.

Mənim qoğal üzümün

                        naharı, şamı şillə,

qardaş, bir yandan da sən

                        yarama duz basırsan.

 

Yumursan gözlərini...

                        gözüyumulu tanı,

ayır dinləyənlərin namərdini, mərdini.

Dərdliyə

            xanəndətək,

                        millət qayğısı hanı?-

Xanəndə dərdlərimiz ölür qayğı dərdindən!

 

Kamandarın əlində kaman baş çapan düsər,

Baş qoyaram altına, olmasa el qınağı.

Qıy çəkərəm, xanəndə, qaval əlindən düşər,

Tarçıya tabut olar tarın oyuq çanağı!

 

...Bu muğamat gecəsi...

                        fikir dolu başımtək,

Boğazım kamançanın qolu kimi incəlib.

Bürüyüb tamaşaçı dörd bir yanı qoşuntək -

Xanəndə, sən səsi kəs,

                        mən də sözü, dincələk!

 

Ana yoxluğunun təsəllisi

Məni necə də

güclü doğmusan, ana,

gündüz də, gecə də

dərdi çırt-çırt çırtlayıb

qatbaqat əzaba dözürəm -

ilmüdam bel bükük,

ilmüdam gözü nəm...

 

Nə yaxşı ölmüsən, ana,

nə yaxşı yoxsan;

çırta-çırt yanan

qatbaqat yumulan oğluna baxıb

çatbaçat olardın yoxsa...

 

Qəfil ölüm

Mənə başsağlığı verin, a dostlar,

Cismim külə döndü, bu gecə....öldüm

İçimi buz tutdu, ayağımı qar -

necə lazım idi; eləcə öldüm!

 

Qəfil çilikləndi çinim içimdə;

Tüstü kimi uçdu cinim içimdən...

Terror törətdilər mənim içimdə-

O yalan sözdü ki, gizlicə öldüm.

Bu həyat nə imiş? -

                        Uşaq oyunu...

Tez getdim, görmədim, həyat, vayını!

Qucdum xəyalımda kölgə boyunu

Bir qara həsrətlə iç-içə öldüm.

 

Nələr çəkdiyimi o ahum bilir;

ölürəm, bunu da günahın bilir...

necə doğulmuşam, Allahım bilir-

amma heç bilmir ki,

                        mən necə öldüm!

 

Həyatın izahı

Nədir ki, bu həyat? -

Bu həyat;

biri-birini gəzən

            iki qəribdən,

biri-birini gəzən

            iki qəribin

biri-birinə rast gəlmədiyi

nəhayətsiz qürbətdən

                        ibarətdi.

 

Nədir ki, bu həyat? -

hamının can atdığı

amma bir kimsənin

əli yetmədiyi sərvətdən

                        ibarətdi.

 

Nədir ki, bu həyat? -

ilğım görsənişi,

            çılğın təbəssüm,

Sonda

möhtəşəm firqətdən

                        ibarətdi.

 

Nədir ki, bu həyat -

qafa çatlamasa əgər;

"səni... sevirəm..."

zikriylə düşünməkdən

və qaibdən üç dəfə:

Yox! Yox! Yox! -

qiyamını eşitməkdən

                        ibarətdi.

 

... üç "yox"dan sonra

daha durmamaq həyatda,

cəhənnəmin

orta göbəyinə getməkdən

ibarətdi... bu həyat!

 

Ömür testi

- Atan kim olub, oğlan,

- Heç kim...

otuz yeddi qollu

yarımçıq dastan!

 

- Anan kim olub, oğlan,

- Heç kim...

açılmadan solan gülüstan,

Mən olanda olmayan,

mən olmayanda olan!

 

- Ürəyin varmı, oğlan?

- Söz qaynayırsa, bəli,

ürəyim var, deməli!

 

- Çörəyin varmı, oğlan?

- Korluğum yoxdu ondan;

Əllərimi yeyirəm,

Buna şükür deyirəm!

- Vardırmı suyun, oğlan?-

Buna da bir cavab  düz!

- Gözümün işığını

İçirəm gecə, gündüz!

- Oğlan, varmı məzarın,

- Ondan asan nə var ki...

Öz əlimlə qazaram!

 

Biyaban

Gəldim...

            güldüm dünyaya,

                        dünya güldü gələnə,

Bərəni sutək aşdım, qan bələnə-bələnə...

Necə qıydı Yaradan, beşikdəykən hələ mən

qəmi qədəmlərimə sərdi biyaban-biyaban?

Gördüm dörd bir tərəfim şərdi biyaban-biyaban!

 

Mən həyata hücumda, həyat mənə hücumda,

Qismətim iştah dələn sivri şişin ucunda...

Baxıb suçsuz içimə, suç utandı suçumdan;

Atıb belimə, datdım dərdi biyaban-biyaban,

Tanrı dizimə taqət verdi biyaban-biyaban.

 

Anladım ayrı döləm qarışıq döllər içrə,

Vaxtımı puç etmədim solağan güllər içrə,

Azdırdım dənə-dənə bihudə çöllər içrə;

namərdlər xirtdəyəcən kirdi biyaban-biyaban,

seçib ayırdım qumdan mərdi biyaban-biyaban.

 

Fələyin buynuzunda Şəngül, Şüngül, Keçi, Ot,

Allah yelpik çalmasa qızdırarmı peçi od?

Həcdən dönən qafilin ayağı su, içi od -

gen dünya boş başına dardı biyaban-biyaban,

Aqilin haqqa yolu qardı biyaban biyaban.

 

Tər töküb lək göyərtdim; gözü bağlı, dili lal,

Tikanı mənə batdı, güldən çəkdi arı bal.

Can çıxardım satmağa, baxan olmadı, dəllal

özünə  sarayları qurdu biyaban-biyaban,

xəlvət bazara qoydu yurdu biyaban-biyaban.

 

O yol hansı yoldu ki, sona qədər çən ola?

Qanlı can vuruşunda bircə tas... bitən ola!

Düz oyunçu axtardım Əzrayıla tən ola -

gəzdirdim qoltuğumda nərdi biyaban-biyaban,

Qandım dünya çoxüzlü zərdi biyaban-biyaban!

 

Zaman cəhrə zamandı, ip uzanar əyirsən,

Sonu kəfəndi ipin; nə başına döyürsən?-

Özünü yorma, Vaqif, sən cadügər deyilsən -

Dörd cəhət qarış-qarış sirdi biyaban-biyaban,

Qovub namərd eləyir dərdi biyaban-biyaban!

 

Fərziyyə

Barəndə nə yazım? Yaza bilmirəm

fatihə hökmündə, mərsiyə sayaq...

Yenə, amma yenə, nəsə bilmirəm!

Bəlkə ötən ömrü tərsinə sayaq?

 

Əzəldən qəlizdi sevgidə mətləb -

hərflər dəftəridi; cızıqları çəp!

Zəng çoxdan vurulub,

                        sovuşub məktəb,

bir uşaq gecikib dərsinə...  sayaq!

 

Tökdüyün gözyaşı sudu aşında-

Bərə itimişəm ovçu yaşında.

Bu həyat cəngində,  can savaşında

gülləyə gəlibdi tər sinə; sayaq!

 

Yolum  yoldan çıxıb yoluna baxmış,

yolun yol deyilmiş,

                        yolsuza bəxtmiş...

Yoluma çıxmağın, tutalım,  haqmış,

gen yolda azmağın tərsi nə sayaq?

 

Başıma od tökür bu su ayrılıq,

Susub görüşmüşdük,

                        susub ayrılıq!

Nə o sevda olub, nə bu ayrılıq;

nə olub... olanı fərziyyə sayaq?

 

Qocalıqda yorğalıq

Bir vaxt cin deyirdi rəhmətlik nənəm -

mən şair deyiləm, küpəgirənəm...

At kimi kişnəyir altımda qələm

yolun ayağımdan çəkilən vaxtı.

Məndə  "dayan"  hanı, "dur"  hanı, qağa?

Tər töküb dartıram aranı dağa...

Əllərim uzanır ən dik budağa -

nar gəzir dişimin tökülən vaxtı.

 

And olsun Allaha, saymıram yükü,

Yenilməz öküzəm, Heraklam ki...

Dünyanı çiynimdə saxlayım bəlkə

qoca dizlərimin bükülən vaxtı?..

 

Axirət

Düzdü, bir zamanlar səni sevirdim

indi sən ayrısan,

                        indi yar ayrı.

Ömrümün altını üstə çevirdim,

eşq ayrıdı gördüm, iqtidar ayrı...

 

Yağdır qarğışını, istəsən söy də;

Zəncirli bir qulam başqa niyyətə.

Deyəsən,

                        ixtişaş baş verib göydə,

ayrı Allah gəlib hakimiyyətə!

 

Nidalı qoşma

Doğmalar ortadan çatbaçat olar,

yadın nə vecinə... qıraqdan ölər.

Sanma ki, şeytanın kisəsi dolar-

o da bu səhnəyə maraqdan ölər!

 

Tamah ov dalınca Günəşə gedər

ovçu namərddisə, hər işə gedər...

Ürəyi partlayar atəşə qədər -

ovun mindəbiri yaraqdan ölər!

 

Varmı çarə görən?.. Can gora görə,

aşiq yara görə, xan vara görə,

ordu bada gedər sərdara görə,

başı keyidənlər araqdan ölər!

 

Yağı darışıbsa yurdun canına

Dağ, dərə bürünər matəm donuna!

Analar yalayar şəhid qanını,

Atalar beqəfil soraqdan ölər!

 

Saplaqdan üzülən gül olar Vaqif,

Dibindən kəsilən dil olar Vaqif,

Baxıb el dərdinə, kül olar Vaqif

Qələmdən qoruyar, varaqdan ölər!

 

Ən yaxındakı Tanrı

Darıgöz bildirçinlər, əlbət

bəyliyi biçində görür!...

Bilir; qürbətdi dörd cəhət,

amma bununla belə

durnalar uçur yenə də;

mənanı köçündə görür.

 

Kor olsun o bulaşıq göz ki,

eşqi... qadın cildində görür!

Çürüsün o dolaşıq diz ki

çöküb göy üzünə bükülür,

son əlacı dində görür!...

 

Biz ifrat dərəcədə azıq,

Çoxluq - varı cibində görür!

Onçun da xəyalən azıb

şeytanları qovur yazıq,

günahları cində görür.

 

Nə təhər göyərsin eşq;

gül solğundu, bülbül asi

Doğum sıçrayış,

            ölüm son məşq-

azca yüksələn...  xilası

intihar ipində görür!

 

Dörd yan dərvişdi; cənnəti

Çində, Maçində görür...

Xoş halına o ümmətin

lağım atır dərin qata;

Tanrını içində görür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!