Dünyanın məşhur uşaq yazıçılarının şeirləri - Qəşəm İsabəylinin tərcüməsində

 

Con Çiardi (ABŞ)

Şlyapasız adam

 

Yol ayrıcından keçib,

Yeriyirdim aramla.

Bir adamla qarşılaşdım,

Qəribə bir adamla.

 

Gördüm qısıb boynunu,

Şlyapası da yoxdu.

Dedim:

- Niyə başaçıq...

Hava ki, bərk soyuqdu?!

 

- Şlyapanı neylirəm?

- Niyə, axı, qardaşım?!

- Görmürsən, çiynim üstə

Mənim heç yoxdur başım!

 

- Niyə yoxdur, nə üçün,

Necə olub bu, necə?

O, qəmli-qəmli dindi:

- Dostum, axı mən gicəm!

 

Robert Qreyvz (ABŞ)

Balqabaq

 

İnanamaya bilərsiniz,

Özümə də inanmıram.

Hətta doğru-düz bildiyim

Gözümə də inanmıram.

 

Bir balqabaq gördüm, üstə

Yazılmışdı lap beləcə:

"İstər doğra, istərsə ye,

Mən yenidən bitəcəyəm!"

 

İti bir bıçaq götürüb,

Vurub çıxdım sağ-solundan.

Nənəmdən öyrəndiyim tək

Piroq da bişirdim ondan.

 

Səhər ki, getdim bostana,

Çevrilib baxdım ki, yana.

Gördüm dünənki balqabaq

Durub yerində sappa-sağ.

 

Yan Bjexva (Polşa)

Qarışqa

 

- Ey, yoldaş Öküz, bir xahişim var-

Al bu stolu, məktəbə apar.

 

- Eh, belə şeyçün həvəs gərəkdi!

Bəlkə də Ulağ boynuna çəkdi?!

 

Ulağ düşündü - "Artıq yükdü bu!

Biz ki, məktəbə uşaq qoymuruq!

 

Yaxşısı budur tapım qoyunu.

Bu işi qoyum boynuna onun".

 

Qoyun düşündü - "Yorğunam, deyə,

Bəlkə yalvarım dostum Keçiyə?"

 

- Yorma özünü heç nahaq yerə -

Nə var ki, burda, alıb gedərəm!

 

"Qoyuna bir bax, fikrinə əhsən!

Ağıllı çıxıb, ay sən öləsən!"

 

Sonra da Keçi Toplanı gəzdi:

- Dostum, bir iş var, sən istəməzdin?

 

- Mə-ən... mə-ən... razıyam, cavab cavabdı. -

Toplan da qaçıb, Pişiyi tapdı.

 

- Ehey, siçanbaz, tənbəlləşmisən!

Al bu stolu, məktəbə ver sən!

 

Elmə həvəskar balaların var,

Sonra məktəbə qoy, oxusunlar.

 

Pişik bığaltı astaca güldü:

- Baş üstə! - Deyib, birdən götrüldü...

 

- Eyyy, Siçancığ, səninlə varam,

Vallah, başına od yağdıraram!

 

Səni yeməyə olmasın səbəb -

Bax, bu stolu  gözləyir məktəb.

 

- Siz əmr eləyin, biz... biz... nəçiyik?!

O da axtardı tez Hörümçəyi.

 

Kefsizdi, deyə hörümçək kişi,

Tapıb Milçəyə tapşırdı işi.

Milçək də dedi: - Ey, Qarışqa can!

Lap ürəyincə bir iş var - asan.

 

Tətil qurtarır, bax, bu stolu

Apar məktəbə, yaxındır yolu.

 

Belə işlərçün həvəsiniz var,

Dostlarının da könlü xoş olar.

 

Düzdü, kiçikdi Qarışqa boydan,

İşdən yayınmaq bilməzdi bir an!

 

Nə kömək gəzib, nə minnət etdi,

Aldı stolu, məktəbə getdi.

 

Yovan Zmay (Serbiya)

Saat

 

Gəldi kiçik qardaşım,

Stol üstünə baxdı.

Gördü ki, saatımız

Çıqqıldayır havaxtdı.

 

Götürməkçün saatı

Tez irəli yeridi.

Bu dəfə də əlində

"Tk-tak... tik-tak" deyirdi.

 

Kiçik qardaşım dedi:

-Yəqin süd istəyir bax.

Elə buna görə də

"Tik-tak... tik-tak" - deyir bax.

 

Bir kasa süd gətirdi,

Saldı südə saatı.

-Gördün, səsini kəsdi,

Doyub deyə, nə yatır.

 

Conni Rodari (İtaliya)

Poçtalyon

 

- Ehey, poçtalyon, nə olub, nədi?!

Hara qovursan velosipedi?

 

- Gərək təcili ən son mənzilə -

Mən bu məktubu çatdıra biləm!

- Nə xəbərdi ki, yaxşı, yoxsa pis?

- Senyorun oğlun həps edib polis!

 

Tez bir təbaşir tapıb bu ara:

"Sülh və Azadlıq" yazdım divara.

 

Hərçənd yoxdu burda səhv-filan,

Məni polislər tutdular o an.

 

Aydın yazmışam axı bunu mən.

Hə... nöqtə çıxıb  demə fikrimdən!

 

Sən bu yazını tez oxuyarsan -

Sonra bir yekə nöqtə qoyarsan!

 

Frantişek Qrubin (Çexiya)

Ay

 

- Nədən belə qəmlənmisən,

Ay gümüşü Ay, nədən?

- Gecə salıb bir ulduzu

İtirdim meşədə mən.

 

- Nahaq yerə dərd eləmə,

Tək deyilsən, mən varam.

Sübh səhər gedib meşəyə,

O ulduzu taparam.

 

Tərcümə edən: Qəşəm İsabəyli

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!