Gəl bir nağıl icad eləyək... - Kamal Hüseynzadə poeziyası İlqar Fəhminin təqdimatında

...Bu gün poeziyanın klassik növləriylə məşğul olan gənc şairlər, sadəcə, əvvəlki əruz şairlərinin üslubunu təkrarlamaqla məhdudlaşmır, əvvəlki sənətkarların sənət nailiyyətlərinin üstünə öz yaradıcılıq tapıntılarını da əlavə edirlər. Əlbəttə ki, bu çətinliyi heç də hamı dəf edə bilmir. Elə indi də əruzla məşğul olan gənclərin çoxunun yaradıcılığında ənənənin təkrarlarını çox muşahidə edirik. Lakin bu gün şeirlərini təqdim etdiyimiz gənc şair Kamal Hüseynzadə əruzla məşğul olan gənclərin arasında həmişə öz novatorluğu ilə, bədii axtarışlarının zənginliyi ilə seçilib.

 

Nizam və improvizasiya

Orta Şərqin dünya mədəniyyət xəzinəsinə bəxş elədiyi sənət üslublarının, məncə, ən maraqlı və ən fərqli cəhəti sərt nizam-strukturla sərbəst, rəngarəng improvizasiyanın bir sənət nümunəsində birləşdirilə bilməyindədir. Diqqət etsək, muğam sənətində, xalçaçılıqda, klassik poeziyada və bir çox başqa sənət növlərində də dediyimin təsdiqini görmək mümkündür. İlk baxışdan insana elə gəlir ki, istər xalçaçı rəssam, istər muğam ifaçısı tam sərbəstdir, yalnız öz ruhunun estetik çağırışlarının ardıyca istədiyi formada hərəkət edir. Lakin elə deyil, bütün bu improvizasiyalar müəyyən sərt çərçivələrin içində baş verir. Və bu çərçivələrin ölçüləri o qədər zərgər dəqiqliyi ilə işlənib ki, kiçik bir səhv, kiçik bir xəta da bütün nizam-intizamı pozub sənət əsərini məhv edə bilər... Bir "xaric səs" muğam dəstgahını, "bir səhv naxış"  xalçanın kompozisiyasını, "bir artıq hərf əruz şeirinin vəznini tamamilə dağıtmağa qadirdir...

Bəli, ilk baxışdan paradoksal görünə bilər. Axı bu qədər həndəsi simmetrik struktur, bu qədər riyazi dəqiq nizam-intizam olan yerdə hansı sərbəstlikdən, hansı improvizasiyadan söhbət gedə bilər?

(Məncə, məsələnin kökünü Şərq-islam təfəkkür tərzindəki "Fatalizm (Cəbr) və iradə azadlığı (Faili-muxtarlıq) vəhdətində axtarmaq lazımdır. Şərq təfəkkür tərzi "Tanrı-insan münasibətləri"ndə nə ifrat xristian fatalizmini, nə də müasir ekzistensial azadlığı, tam iradə azadlığını qəbul etmir.  Şərqin tezisi təxminən belədir - "İnsan azaddır, lakin Tanrının qoyduğu çərçivələr daxilində."  Hərçənd ki, bu tezisin izahına cild-cild fəlsəfi kitablar yazılıb, lakin Şərq mədəniyyətinin biliciləri, və ələlxüsus da  yaradıcı sənətkarları üçün bu paradoks ruh müstəvisində çoxdan həll olunub...) 

Sadaladığımız sənət növlərinin arasında klassik əruz poeziyası riyazi cəhətdən ən dəqiq, ən simmetrik poeziya formasıdır. Müasir dövrün sıravi şairləri üçün əruz poeziyası həqiqətən də absurd görünə bilər. Axı, nəinki bir sözün, bir kəlmənin, hətta bir hərfin, bir səsin də artıq əskikliyi ümumi nizam-intizamı dağıdıb məhv edə bilərsə, onda hansı duyğusal poeziyadan söhbət gedə bilər? Şair öz hiss və duyğularının yüksək estetik üsullarla ifadəsini düşünsün, yoxsa əlinə xətkeş və kalkulyator alıb bəhrin riyazi qaydalarını ölçüb-biçsin? Hələ bu təkcə şeirin vəzniylə bağlı tələblərdir. Hələ bunun üstünə dəqiq qafiyə sistemi və başqa tələblər də gələndə, məsələ bir qədər də qəlizləşir.

(Elə bu səbəbdəndir ki, əruz sahəsində fəaliyyət göstərən şairlərlə bağlı söhbət edəndə, "gənc şair" deyərkən adətən yaşı otuz radələrində olan qələm sahiblər nəzərdə tutulur. Çünki bu yaş həddinə qədər istedadlı gənc hələ öz peşəkarlıq vərdişlərini cilalamaqla məşğul olur.)

Məhz bu səbəbdən də, Şərqin əruz poeziyası daim yüksələn xətlə yox, daha çox sıçrayışlar şəklində inkişaf edib. Hansısa dövrlərdə sanki enerji partlayışı baş verib, istedadlı şairlər pleyadası forma daxilində improvizasiyanın yeni üfüqlərini kəşf ediblər, ardıyca gələn şairlər ordusu isə bu nailiyyətləri cilalamaq, inkişaf etdirməklə məşğul olublar.

Azərbaycan əruz poeziyasında, bu baxımdan, sonuncu enerji partlayışı deyərkən, Sabir və onun yaratdığı satira məktəbi, və paraleldə Cavid-Hadi romantizminin arıcılları olub.      

Budur, artıq 21-ci əsrin ilk rübünün sonlarına yaxınlaşırıq. Və bu gün tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycanın bütün klassik sənətlərində - muğam sənətində, aşıq yaradıcılığında, xalça sənətində və sair milli sənət növlərində olduğu kimi, klassik əruz poeziyasında da yeni enerji partlayışı ərəfəsindəyik. Bu gün poeziyanın klassik növləriylə məşğul olan gənc şairlər, sadəcə, əvvəlki əruz şairlərinin üslubunu təkrarlamaqla məhdudlaşmır, əvvəlki sənətkarların sənət nailiyyətlərinin üstünə öz yaradıcılıq  tapıntılarını da əlavə edirlər. Əlbəttə ki, bu çətinliyi heç də hamı dəf edə bilmir. Elə indi də əruzla məşğul olan gənclərin çoxunun yaradıcılığında ənənənin təkrarlarını çox muşahidə edirik. Lakin bu gün şeirlərini təqdim etdiyimiz gənc şair Kamal Hüseynzadə əruzla məşğul olan gənclərin arasında həmişə öz novatorluğu ilə, bədii axtarışlarının zənginliyi ilə seçilib.

Yaşı otuzu keçən Kamal  artıq on beş ildən çoxdur ki, əruz poeziyasıyla məşğul olur və bu müddət ərzində səbrlə, səylə və böyük həvəslə klassik əruzun bütün qayda-qanunlarını öyrənib. İndi onun yazdıqlarında həm özündən əvvəlki şairlərin yaradıcılığına dərindən bələd olmağı hiss olunur, həm də bunların üzərinə öz fərdi yaradıcılıq nailiyyətlərini əlavə etmək bacarığı formalaşıb.  Əlbəttə ki, Kamal Hüseynzadə bu ağır yolun hələ başlanğıcındadır, hələ onun yaradıcılığında bir çox yeni və maraqlı üslub sintezlərinin yalnız cücərtiləri görünür. Lakin bu cücərtilər artıq indidən bir çox gələcək maraqlı poeziya nümunələrinin yaranacağından xəbər verir.

Bu ağır yolda Kamal Hüseynzadəyə uğurlar arzulayıram və ümid edirəm ki, Azərbaycan əruz poeziyası onun timsalında yeni bir ulduzunu tapacaqdır...

İlqar Fəhmi

 

Kamal Hüseynzadə

 

Gəl bir nağıl icad eləyək, qüssə çəkincə,

Xasiyyətimiz əksini tapsın bu nağılda,

Sən Leyli tək incə,

Mən Məcnun ağılda.

 

Gəl bir nağıl icad eləyək, "Həsrət" adında,

Mən yerdə gəzim, sən süzəsən mavi səmadə,

Sən qu qanadında,

Mən payi-piyadə.

 

Gəl bir nağıl icad eləyək, şaxtalı qışdan,

Bəhs eyləyək həm də payızın mənzərəsindən,

Sən güclü yağışdan,

Mən qar dənəsindən.

 

Gəl bir nağıl icad eləyək ki, məsəl olsun.

Çünki adı dillərdə gəzənlər ola bilməz

Səndən gözəl olsun,

Məndən qaradinməz.

 

Biri var...

 

Yazdığın məktubu aldım, gözəlim,

Titrədi məktubunu tutmuş əlim.

Soruşursan: "Nə var o bağda gəlim?"

-Nə deyim? Şanısı var, ənciri var,

Bir də bu bağda saralmış biri var,

Darıxır.

 

Buranı görməmisən, pisləmə, gəl,

Görməmişlər kimi kin bəsləmə, gəl,

Öz bağın bil, qapıdan səsləmə, gəl,

Keç evə, qorxma, itin zənciri var.

Bir də zəncirləri qırmış biri var,

Darıxır.

 

Yellədir pərdəni yüngül gilavar,

Bacası azca əzilmiş samavar

Göndərir göy Xəzərə əyri buxar.

Divarın Xəzri tərəfdə kiri var.

Bir də burda ürəyi saf biri var,

Darıxır.

 

Gecə gəl, gör buranın mənzərəsin,

Xəzri çırpır qapısın, pəncərəsin,

Yapışıb bir yana dartır hərəsin,

Elə bil, meynələrin təqsiri var.

Bir də ondan daha çılğın biri var,

Darıxır.

 

Gəl, xitam ver bu bağın matəminə,

Yol da burdan gedir eşq aləminə.

Orda kimdir batan eşqin qəminə?!

Ora dünya qəminin təsiri var.

Burda dünyadan əl üzmüş biri var,

Darıxır.

 

 

"Ölərəm, - demişdim, - ölsən",

                        ölə bilmədim, bağışla,

Bu həyatı gözlərimdən silə bilmədim, bağışla.

 

Mənə qaldı sən gedəndən acı həsrətin əmanət,

Yiyəsiz qoyub bu dərdi gələ bilmədim,

                                               bağışla.

 

Nə qədər qəmim var idi

                        bir ömür səninlə böldüm,

Fəqət hicrini səninlə bölə bilmədim, bağışla.

 

Sevinərdim harda görsəm üzünü, üzüm gülərdi,

Bu dəfə daş üstə gördüm, gülə bilmədim,

                                               bağışla.

 

Arada deyirdin,"Ölsəm özünü,

                                  Kamal, çox üzmə,

Elə bil yanındayam mən"... 

                        Elə bilmədim, bağışla...

***

Nə bilim, ey qara gözlüm,

                        nə görüb qəmdə gözüm,

Hara göz gəzdirirəm qəm gəzir aləmdə gözüm.

 

Dilim-ağzım quruyur, bir quru sözçün gəzirəm

O gözəl gözlərini qəmli görən dəmdə gözüm.

 

Üzünə baxmasa qəm çəkmə,

                               kədər yığnağıdır,

Utanır baxmağa yarəb elə görkəmdə gözüm.

 

Səni mən huri bilib könlümü verdim, yoxsa

Nə bu aləmdə olub, nə bəni-adəmdə gözüm.

Gördüyüm dərdü bəla, dinlədiyim ahu-nəva,

Qəlbə düşmən kəsilib həm qulağım,

                                   həm də gözüm.

 

Qarasın yaşı yuyub, ağı da al qırmızıdır,

Bürünüb şadyanalıq rəmzinə matəmdə gözüm.

 

Ey Kamal, baxma belə huripərəst olmağıma,

Bir də gördün ki,

            birin tutdu cəhənnəmdə gözüm.

***

Saçının bir teli olsaydım əgər,

Dolanardım başına şamu səhər.

Yoxsa indi üzüb hicran dərdi

Məni, can gəzdirirəm candərdi.

 

Kipriyin olmaq olaydı mümkün,

Gözünə kölgə salaydım hər gün.

Bürünüb inci kimi göz yaşına

Gecə göz dağı verəydim qaşına.

 

Kaş sizin bağın olaydım alağı,

Sən səhərlər dolaşaydın o bağı.

Mən də gizlincə sənin tək sənəmin

Hər qədəmbaşı öpəydim qədəmin.

 

Ya dönəydim Bakının yellərinə,

Toxunaydım arabir tellərinə.

Ya olaydım evinin birotağı,

Bəzəyəydin məni bayramqabağı.

 

İndi çarəm budu göz yaşı töküm,

Boynumu pəncərən altında büküm.

Hönkürüm hər gecə, çıx sən də səsə,

Canı təslim eləyim birnəfəsə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!