Tofiq NURƏLİ - Gözləmək mənasız olubsa, gəlmə...

ŞEİRLƏR

 

 

 

ni zləyirdim

Mən səni bu dəfə çox gözlədim, çox...

Kövrəldim gecəni döyəndə yağış...

Səni gözləyirdim gör neçə vaxtdır,

Səni gözləyirdim bu qar düşməmiş...

Mən ki çox gözlədim, nə gizlədim, çox...

Mən səni bu dəfə çox gözlədim, çox

 

Bəlkə gəlməyəsən, heç gəlməyəsən...

Bir az da gözlərəm, sonra nə bilim...

Dözümüm çatarmı gözləyəm yenə?..

Bəlkə də unutdum lap yerli-dibli...

Ya da neyləyim ki, gec gəlməyəsən?!

Bəlkə sən bu dəfə heç gəlməyəsən?..

 

Hər şey çox uzanıb həddin aşanda,

Gözləmək özü də düşəndə gözdən,

Eyni şey olanda gözlə-gözləmə...

gözləmək mənasız olubsa, gəlmə...

Qapını açmağın bayram deyilsə,

gəliş təmənnasız olubsa, gəlmə!

 

Səbrin üstünü də basıbsa bu qar,

Bu ayaz gecəyə çaxırsa şimşək

Onda yum gözünü,qaldır badəni:

Açılmayan qapıların şərəfinə

İçək son qədəhi, sonacan içək...

 

Mən səni bu dəfə çox gözlədim, çox...

...Səni gözləyirdim bu qar düşməmiş...

 

 

Dərbənd

 

Qəlbimdə bir nəğmə dolaşır elə...

Nə vaxt eşitmişəm, yadımdan çıxıb.

Havası başıma vuranda hərdən

Sanki təkərlərim oxundan çıxır.

 

Ah, necə unutdum mən o nəğməni...

Pəsdən oxunardı; yorğun... bariton.

Onda ruhu vardı bir dağ kəlinin...

Onda ruhu vardı qara barıtın.

 

Orda pəncərəyə günəş düşürdü...

Bir də uzaqlaşan nal tappıltısı...

Bir gözəl baxırdı o pəncərədən-

Qarşıda möhtəşəm Dərbənd qapısı...

 

...İgidlər doğrandı Narınqalada...

Yağıya qul getdi o gözəl pəri...

Qoruya bilmədik-bu gözəl Vətən

Hər yandan budanır o vaxtdan bəri...

 

İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalada

 

Dərbənd ki, bu yurdun tən ortasıydı,

Yoxuydu bu yurdun ucu-bucağı...

Xainlər söndürdü gecə yarısı

Dağların başında yanan ocağı...

 

...İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalqda

İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalada

 

...Min ildi səs gəlir Narınqaladan...

O səs qeybə gedir gün çıxa-çıxa...

Deyirlər o qızdı, belə oxuyur:

- Bir gün su gələcək bu köhnə arxa...

Yetər ki,oğullar doğsun analar,

Vətən qana dönsün damarlarında...

Girib savaşlara, göz də qırpmadan

Baş kəsib-qan töksün Vətən yolunda!

 

Fantom ağrılar

 

Qıçını və ya qolunu itirmiş adama bəzən elə gəlir ki, həqiqətən ayağı və ya əli bərk ağrayır. Buna fantom ağrı deyilir. Yəni olmayan bir şeyin həqiqi fiziki ağrısı.

 

Fantom ağrılarla doludu hər yan...

Nə qədər ağrılar gördüm həyatda?!.

Ağrının ağrıyan üzün də gördüm.

Üzündə-gözündə bir imkansızın

Çörək ağrısının izin də gördüm.

Haqqımdan-payımdan kəsdilər hər vaxt,

Duzu yox imiş ki, mənim əlimin...

Okul ağrısını üzündə gördüm

Tərəzi dalında bir müəllimin...

 

Həkiməm, bilirəm ağrıyan yerin

Səsi çıxa bilsə elə bağırar...

elə bağırar ki, dünya dağılar..

Hər ağrı birtəhər kəsilir, amma,

Heç nəynən kəsilmir fantom ağrılar.

 

Tatarı

 

Yaxşı bir qamçısı vardı atamın

Qamçı toxunmuşdu dana gönündən...

Qamçının havada vıyıltıları

Adamın zəhrini yarırdı gendən.

 

Hərdən yağ çəkərdi o gön qamçıya

Sevməzdi qamçıya kimsə toxuna.

Atdan enən zaman atam qamçını

Taxardı həmışə sağ sapoquna...

 

Usta edən zaman ürgəni., dayı

Atlar şahə qalxar...şıllaqlayardı...

...Dartardı kəndiri at boğulunca

Sonra da bu xamı şallaqlayardı...

 

Hərdən kürəyimə həmin qamçıdan

Enən göy zolaq da xatalı idi...

Qamçı göndən idi...

Dana gönündən...

Qamçının adı da tatarı idi...

 

Bir gün Qərib müəllim tarix dərsində

Dedi monqol tatar hamısı türkdü

Biz də onlardanıq... böyük kökdənik

Adımız gələndə dünyalar hürkür...

 

Bütöv xəritəni iki əliylə

 

Göstərib dedi ki, gör hardan hara...

Atların belində əldə tatarı

Biz hökm eyləmişik bu dünyalara...

 

Dövlətlər qurmuşuq, ellər almışıq...

Qalalar tikmişik., yollar salmışıq...

Tarix öz küncünə tullayıb bizi...

Gör nə günə qalmışıq..

 

...Sanki gözlərindən odlar saçıldı..

Qığılcım sıçradı odlu dəmirdən...

Birdən qəhərləndi bu arıq kişi..

Sanki boğulmuş at yüyən gəmirdi...

 

Gərək yol verməyəydik

Kimsə qürurumuza, şənimizə toxuna...

Gör kimlər tapdaq oldu

Gör kimin sapoquna...

 

Hər gecə yerimdə qaçırdı yuxum

...Sovet... 60-ın tən ortaları...

Atlılar çapırdı xəritə boyu..

Hamının əlində həmin tatarı...

 

Sifətimə toxunur o atların nəfəsi...

Kürəyimdə qamçının yeri də doğmalaşır...

...Hərdən gedib gizlicə götürürdüm qamçını..

Sanırdım ki bu qamçı çox şey bilir... danışmır...

 

...Tarix üzün döndərdi bizim də babalardan..

Büküldü yavaş-yavaş o atların dizləri...

Endik böyük səhnədən... əbədi qaldı lakin,

Tarixin kürəyində tatarının izləri...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!