Darıxıram, yanımdan çıxıb gedəndən bəri... - Təvəkgül Boysunar - ŞEİRLƏR

 

Novruz gəlsə, neyləyərsən,

Sərhəddə tənha məzarlıq?

Heç kəs gəlməyəcək ziyarətinə,

Gəlsələr də arabir,

Bizlər gələcəyik səngər qazmağa,

Güllələr gələcək baş daşlarına,

Mərmilər gələcək tarix yazmağa.

Qucaqla qəbirləri, tənha məzarlıq,

Yenə tək qal bu bayramda.

Axı neyləyirsən ziyarətçini?

Novruzlar gələcək hələ nə qədər,

Bayramlar olacaq dünya durduqca,

Buğdalar səməni yetirəcəklər,

Əsgərlər külüngü sənə vurduqca.

Unut səmənini, unut Novruzu,

Qucaqla qəbrini sərhəd ağzında,

Güllələr gəlməsin təki başına

Dünyanın yasəmən iyli yazında.

 

Qurandan fraqmentlər

(parçalar)

1

"Məryəm, sənin anan fahişə deyildi,

Atan namərd adam deyildi sənin,"

Məryəm, bu yollardan daha keçmə sən,

Üstünə nə qədər budaqlar əysən,

Daha xurmalar da yağmaz saçına,

Daha çörəklər də gəlməz qapına.

 

Məryəm, bu yollara yağan yağışdan,

Özünə bir payız pay götürüb get..

Bu dağlar üstünə qar örtən qışdan

Şaxtalı-küləkli yay götürüb get...

 

...Ey Harun bacısı, ey İmran qızı,

Namusunu qala kimi qoruyan qadın,

Od üstündə, daş altında yürüyən qadın,

Yaşmağını ömrü üstə bürüyən qadın!

2

Qapını döyürlər, Lut,

Durub açasanmı, ya neyləyəsən?

Qırırlar qapını, Lut.

Külək deyil, qar deyil, ya qış deyil,

Adamlardı sındırırlar qapını.

 

Necə qoruyasan o qonaqları,

Harda gizlədəsən evini, otaqları?

 

Yüksəlir göylərə Sodomun səsi,

Hamısı qapında; evinə hürür,

Kardı qulaqları, kordu gözləri,

Sən niyə qorxursan? Allah ki görür...

***

Payız gəldi kədərli və yağışlı,

Saçın yoldu ağacların küləklər,

Yerlərə üz tutdu nakam yarpaqlar,

Kədərə kökləndi xəstə ürəklər.

 

...Qar yağar çöllərə, sən üşüməzsən.

     Günəş çıxar qar üstünə,

          Qar yağar qar üstünə,

               Bahar gələr qar üstünə,

                    Gül açar qar üstünə.

***

Söndürülmüş nömrələrə mesajlar yazdım,

Bir cavab gəlmədi səhərə qədər.

Yazdım günlərimi, gecələrimi,

Fevral sonundakı yaz istilərin.

Yolun azıb gəlmiş yad maşınları

Geri qaytarmağı əlimdə silah.

Yazdım səngərlərə düşmüş yarpağın

Küləklər içində çırpınmağını.

 

Söndürülmüş nömrələrə mesajlar yazdım

Bir cavab gəlmədi səhərə qədər.

***

...Amma payız gələndə xəzanlı küləklərlə,

Arabir yağışlar da yad edəndə yerləri,

Duydum ki, səndən ötrü darıxıram eləcə,

Darıxıram, yanımdan çıxıb gedəndən bəri.

 

Küləklər qar bürünüb əsəndə üstümüzə,

Ağaclar gələn yaza ümidin itirəndə,

Gecələr gah yatanda, gah yata bilməyəndə,

Ürəyim sənin üçün yansa da, vaxtlı-vaxtsız,

Əllərim əllərinə heç çata bilməyəndə,

Səni istədim, səni.

Əl yelləyir uşaqlar yürüyən əsgərlərə.

Quşlar uçur xoşbəxt kəndin üstündən,

Baharlı apreldə bir axşam düşür,

Dünya qocalana oxşamır heç cür,

Çiçəklər solana oxşamır heç cür.

Əl edin, uşaqlar, əl edin bizə,

Bir az işıq düşsün ürəyimizə.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!