Sabir Rüstəmxanlı - Dağlar ad günümə hədiyyə kimi, Ruhumu yenidən cavanlaşdırar.

Bu gün Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. “Ədəbiyyat qəzeti” bu münasibətlə görkəmli şairimizi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayır.

 

Bitməz yolçuluq

Qulağımda xalqımın tarixdən gələn səsi,

Mən də bir söz söylədim tarixin qulağına.

Ruhumda qandan gələn ilkin yol xəritəsi,

Çıxdım tələbə vaxtı Türküstan sorağına...

 

Öncə Başqurd torpağı, qaralığı göz alan,

Türk yurdları adına danışan tələbələr.

Onda ufalı dostlar məni Aqidel kimi

Sardılar bir sevgiylə səfər bitənə qədər.

 

Ağcaqayın şam kimi qalxır qara torpaqdan,

Ağaclar işıq seli, ilhamımın baharı...

İlk görüş, ilk heyranlıq, biz də bu çaya bənzər,

Uzun qış yuxusundan oyanır duyğularım...

 

Baxırıq yorulmadan - parçalanır qəfəsi,

Sinəsi açılınca açılır çayın səsi,

Ürək həm azadlığın, həm baharın təşnəsi,

Mən də Başqırdıstanda bu eşqi duyub keçdim.

 

Sonra dərdli Kirimim... El sürgün, adı qalır,

Torpağın hər qatında dərdinin odu qalır,

Xaraba yurdlarında bitməz fəryadı qalır,

Göytəpə yollarından qurdtək ulayıb keçdim.

 

Bağçasaray ağlayır, gözünü siləni yox,

Sudağ qalası susur, sirrini biləni yox,

Qəhrəmanlar yer altda, üstünə gələni yox,

Zaman rüzgarı oldum, daşı yalayıb keçdim.

 

Litvada soraqladım ayrı düşən elləri,

Vilnüsün ortasında dip-diridir dilləri,

Gah ağlayır, gah gülür karaim gözəlləri

Yanğımı gözündəki yaşla sulayıb keçdim.

 

Kazanda söhbət açdıq tatarın qüdrətindən,

Dünyaya sığışmayan adından, şöhrətindən,

Kazan ilə Bakının sonsuz məhəbbətindən

Qazandığım dostları bir ordu sayıb keçdim...

 

Tanrıya vurğunluqla qılınc qurşayan ərlər,

Axdı qitələr boyu, zəfər dalıca zəfər!

Yenə Kama üstündə ucalır minarələr

Mən də qədim Bolqara duamı yayıb keçdim.

 

Çuvaş xatirələri ürəyimi göynədir,

Xoşbəxtlik qanadında yer kiçik dairədir.

Tale sanki ilk dəfə sevilməyi öyrədir.

Bir şairə qəlbini çapıb, talayıb keçdim.

 

Qafqazda neçə yurdun məclisində qol açdım.

Orxona, Tunyuquqa mən birinci yol açdım.

Kıprısda zəmilərin sarısına bulaşdım

Kərkükdə bir əbədi ocaq qalayıb keçdim...

 

Xivədə danışdılar, sandım ki, Təbrizdəyəm,

Səmərqənddə Oğuzdan miras qalan izdəyəm.

Buxara rəng tufanı, sonsuz bir dənizdəyəm,

Bizə dil uzadanı mən də qarğayıb keçdim.

 

Bu özünə dönüşdü, nə Meteyə, nə Huna,

Elə mənim əlimlə toxunubdur bu hana,

Hər uca aşırımda əyildim dağ ruhuna,

Müqəddəs ağaclara parça bağlayıb keçdim.

 

Orxonda daşa döndüm, okeana axmadım,

Çin səddinin üstündə Çinə sarı baxmadım,

Monqolla at səyirtdim, bozkırlara sığmadım,

Qoşulub Bəy çayına mən də çağlayıb keçdim.

 

Tarımda qurduğumu qum qapadı, qan örtdü,

Tufanlarla gəlmişdim, məni də tufan örtdü,

Kaşqardan gələn karvan taleyimdən yan ötdü

Təklə-Məkan yolundan gizli ağlayıb keçdim.

 

Altay yenə hədəfdə, Uyğur ər savaşında,

Hər daşda bir dastan var yurdun hər savaşından,

Quş olub qanadlandım Üç Sumerin başından

Tanrı dağda səsimdən haray saxlayıb keçdim.

 

Pazırığı zamanın naxışı çürütməmiş,

Düşmənin şər toxumu cücərsə də bitməmiş,

Gördüm qaya döşündə yazılarım itməmiş,

Türk güclüdür, ya zaman?

                        Burda yoxlayıb keçdim!

 

Nə sarsılmaz iradə, nə ulu millət imiş,

Tarixi qabaqlayan nə sirli sürət imiş,

Bəlkə babalarımın atları raket imiş,

Günəşi bayraq edib, Ayı oxlayıb keçdim!

 

Marallıqda tər töküb, Altun göldə buzladım,

Qopuz yanıb-yaxıldı, dağları qopuzladım,

Qır atlara yetməyə uçaqları sazladım,

Ordumu bayraqladım, yurdu yuğlayıb keçdim!

 

 

Sözün harayı

Yenə də sel altda qaldı bir ölkə,

Uçqundur, yanğındır yolları kəsən.

Şair, meşələrlə, dağlarla birgə

Sözün taleyini düşünməlisən.

 

Söz də savaş açıb haqqı qoruyar,

Bir bax, köksündəki qızıl qandımı?

Yerin hər qatından xəbərimiz var,

Sözün sirləri də işıqlandımı?

 

Onun da taleyi Allahdan gələn,

Bəzən sarsılsa da, basılmadı, bil!

Yüz qansız adına tərif söyləyən

Sözün öz tərifi yetərli deyil...

 

Nə dağ səninkidir, nə yalqız ada,

Göylər də buraxmaz ənginliyinə.

Qalan söz olacaq sənə dünyada,

Sözündür sonuncu səngərin yenə.

 

Canlıdır, sındırma, qoy mərd yaşasın,

Ağzından çıxdımı elin malıdır.

Hər Kəlmə - dilimin Çanaqqalası-

Biz şəhid olsaq da, qorunmalıdır.

 

Hər şair dünyada bir söz həkimi,

Can verdiyi sözdən özü güc alar.

O bilir yurdunun düşməni kimi

Ana dilinin də satqınları var.

 

Ucaltdın ömrünü söz qanadında,

Səni qaldırandı, endirəndi söz.

Doğma bildiklərin salmasa yada

Səni şirin-şirin dindirəndi söz...

 

Açdı sirlərini sənə sonadək,

Kimsə yıxa bilməz söz böyüdəni.

Evində işıqdır, köksündə ürək,

Sən onu qoru ki, qorusun səni!..

 

 

Yol        

Gecə qaranlığında

            işıqdan-işığa yol gedir insan.

Tarix qaranlığında

            dahidən-dahiyə...

Ömür qaranlığında

            bəndədən İlahiyə!

Hansı mənzilə varsan

            ən kəsə yoldu düzlük.

Bir ucu ölümdürsə,

            bir ucu ölümsüzlük...

 

Yaxşıyam 

Halımı sorursan, halım qarışıq,

Arada sözümə baxmır ürəyim.

Övladından incik bir ata kimi

İçimi səssizcə oyur gileyim.

 

Mən də bir şəhərəm işığı sönmüş,

Liftlər adam dolu, qat arasında.

Metro tunelində donmuş qatarlar

Cərrahın bıçağı qəlb yarasında.

 

Kağız ortalıqda ağ sinən kimi,

Yazmağı unudub qələm dodaqlar.

Şəlalə asılıb qaya döşündən

Bulağın suları geriyə çağlar.

 

Donmuş butalarda qıyılmış gözlər,

Bulud çətirini yığan tapılmır.

Səpilən toxumlar torpağa düşmür,

Havada milyon əl-sıxan tapılmır.

 

Qaranlıq gecəyəm - ulduzsuz qalan

Durna qatarları azmış havada.

Ana qaranquşlar yemdən asılı

Ətcə balaları əsir yuvada.

 

Mən də beləcəyəm, sən də beləcə,

Sevgimiz çaşıbdır yol ortasında.

Səhərəm ölümə meydan oxuyan

Ya qaranlıq axşam ümid yasında.

 

Necəsən, soruşma, hardasan soruş,

Səndən uzaqlarda hər şey qəm demək.

Di gəl ki, yazmaqdan yorulmamışam,

Darıxa bilirəm! Yaxşıyam demək...

 

 

Ölümsüzlük çağırır

Ürəyim səksəkədə, xəzandı duyğularım

Ayaqların titrəyir keçdiyim yollar üçün.

Bir soyuq tələsdirir yayın qızmar qumuna

Bir yanğı da dırmanır zirvələrə qar üçün.

 

İki mahnı səslənir bir dodaqda gün boyu,

Biri sevinc hayqırır, birinin hər xalı qəm,

Bir gün "Darıxdım!" deyən dünyanın doğma səsi

Başqa gün etinasız deyir ki, "İncimişəm!"

 

Bir sözü sevgi saçır, bir sözü sevgisizlik

Ayımdı, hilalımdı, gah nazilir, gah dolur.

Ömrümün yarısını gömdü qaranlıqlara

Yarısı da ehtiras atəşində yoğrulur.

 

"Hə" ilə "Yox" arası uzundu bir ömürdən

Dünyanın hər olayı iki söz arasında!

Həm ilahi bir sevgi, həm şeytan soyuqluğu,

Cənnət ilə cəhənnəm qaşla göz arasında.

 

Ürəyimin yanında ağ evlər qələt elər,

Qapıları üz-üzə taybataydır, girsənə!

Bir sonsuz sevgim vardı, Allahın bölgüsündən

Onu da həsr elədim bütövlüklə bir sənə!

 

Məhəbbət gülzarında yalanlar çiçək-çiçək,

Ancaq səhra da olsa, məni düzlük çağırır.

Əbədiyyət verdisə sözüm bu sevgimizə

Ölümün o üzündən ölümsüzlük çağırır!

 

 

Möcüzə ümidi

Yenə də aramsız qovur gün günü,     

Yazın bitməsini istəmirəm heç.

Bu gülün, çiçəyin, otun üstünü

Qarın örtməsini istəmirəm heç!..

 

Yol da nəğmə kimi ürəyə bağlı,

Hər xalı yüz istək oyadacaqdır.

Mənə elə gəlir bu yaz bitincə

Ürək nəğməsi də dayanacaqdır.

 

Bu yazın sevdası azalmasın heç,

Saralan yarpaqlar sarılıq imiş.

Hansı meyvəsini seçirsənsə seç,

Payızın bəhrəsi ayrılıq imiş.

 

Görəsən nə üçün tələsir bu yaz?

Boş qalan yuvalar qorxudur məni.

Uca zirvələrə kəfən toxuyan

Ağ duman, ilkin qar qorxudur məni!

 

Qoy elə çiçəklər qalsın beləcə,

Arılar xoşbəxtdir öz zəhmətiylə.

Torpağı göyərtsin yaz yağışları

Təmənna ummayan mərhəmətiylə.

 

O vaxta möcüzə baş verdi bəlkə

Ayrılıq taxtını devirə bilər.

Bütün fəsilləri öz varlığıyla

Bu gözəl bahara çevirə bilər...

 

Minnətdarlıq

Sənə minnətdaram, Tanrım, ürəkdən,

Bir gül istəyirdim, gülüstan verdin.

Ruhum sıxılırdı dar qəfəslərdə,

Sən qanad açmağa bir cahan verdin.

Zülmət pərdəsini sərəndə axşam

 

Sabahın eşqiylə qızıl dan verdin.

Min nadan əlindən alıb qopardan

Min qanmaz yerinə bir duyan verdin.

Qanımı donduran şər dünyasında

Yorğun ürəyimə təzə qan verdin...

 

 

Ölümə yaxınlaşmaq

Bir az daha uzağa, bir az daha təkliyə,

Bir az daha ölümə yaxınlaşmaq gərəkdir.

Bir ömür yol gəlmişəm zirvəyə yetişməyə

Son nəfəslə olsa da, onu aşmaq gərəkdir.

 

Axırıncı nəğməmin ilk nəğmədən fərqi yox,

Bir sirrim açıldısa, min sirrim bağlı qaldı.

Məni söz qısqancları uçuruma çəkəndə

Sözüm özümdən qabaq zirvələrə ucaldı.

 

Tanınmağa çalışdım - unudulmaq istərəm,

Çəkilim bu səhnədən kimsəyə dərd olmadan.

Boş əl ilə gəlmişdim, vidalaşım boş əllə,

Çatdığım ocaqlardan bir çınqı da almadan.

 

Çox tələsmə ürəyim, enməliyəm bir azdan.

Yorğun qartallar kimi qanadım yığılacaq.

Saralmış yarpaqların nə işi budaqlarda?

Yaz gəlincə yerində yenisi doğulacaq...

 

Ruhum görünməz şardı - yüz iplə yerə bağlı,

Qopub getməz bədəndən qopsa da dəli külək.

Ancaq xain əlləri qayçılasa ipləri

Qəfəsdən çıxmış kimi göylərə yüksələcək.

 

Bir az daha köklərə, ata-ana eşqinə,

Bir az daha Tanrıya yaxınlaşmaq gərəkdir.

Mən onun varlığına bir ömür şükür dedim,

İndi də şərəfinə nəğmə qoşmaq gərəkdir...

 

 

İstanbul minarələri

Ucları itilənmiş ağappaq karandaşlar

Mavi göy vərəqində yazacaq tövbəmizi.

Sözünüz keçərsizdir! - gəlsə dərgahın hökmü

Dar ağacı yerinə bir gün asacaq bizi!

 

Milyon ruh asılacaq bir ipindən əcəlin,

Şəhərin başı üstə günahı bilinmədən.

Qalacaq sonsuzadək göyə yazılan yazı,

Bir vergülü tərpənib, bir sözü silinmədən.

 

Duman şəhəri örtsə, örtülməz minarələr,

Qaranlığı yüz yerdən deşər bu nəhəng şamlar.

İnsanlar anlayar ki, solğundur, mənasızdır

Bu şamlarla yarışa sevinən ehtişamlar...

 

Milyon əl rəhm deyib açılsa hər gün göyə,

Ney olub sızıldayar, qəm axar hər gözündən.

Özünü bu dünyanın sahibi sananların

Sərvət qalası çökər bir əzan nəfəsindən!

 

Səslənir səhər-axşam şəhərin başı üstə

İnsan bu səsə qalxar, dikələr alnında tər...

Allahın qəzəbiylə bir gün göy yerə ensə,

Dirək olar, şəhəri qoruyar minarələr!

 

Əlövsətə

Getdiniz, sozaldı kənd işıqları,

Həniri azaldı ocağımızın.

Qurudu ağacda payızın barı,

Gülü yarpaq oldu gecikən yazın.

 

Ayrılıq asanmı öz ocağından?

Torpaq yoğrulubdur alın tərimlə.

Hər məzar torpaqda əbədi ünvan,

Qalalar yaşıddır nəğmələrimlə.

 

Burda bir qədimlik qoxuyur zaman,

Bəlkə ilk ocağın közündən qədim.

Bəlkə eraların başlanğıcından,

Bəlkə tarixlərin sözündən qədim.

Min illər ağacam, yarpağam burda.

Min illər daşınmaz torpağam burda!

 

Dağın səxavəti bumbuz çeşmələr,

Biz də süzülmüşük bu qayalardan.

Min ulduz ötürdük, gözündə kədər,

Min günəş gözlədik söküləndə dan...

 

Çağladı eşqimiz dağ çaylarında,

Çaxan ildırımlar harayımızdı.

Nəyimiz çatışmır, düşmədi yada,

Balaca komamız sarayımızdı...

 

Ana gözlərində kədər ölümsüz,

Məzar daşından da arayacaqdır.

Yoldan altı cığır ayrıldı səssiz,

Bağda altı ağac quruyacaqdır...

 

 

Pinqvin əxlaqı

Elə ki dözülməz şaxta başlayır,

Qasırğa sovurur qışın qarını.

Pinqvin sürüsü baş-başa verib

Araya alırlar balalarını.

 

Körpələr çevrənin tam ortasında,

Onları qoruyur bir az böyüklər

Sürü halqa-halqa, qat-qat düzülür,

Əsgərtək, kiçikdən-böyüyə qədər.

 

Hansı halqadadır ən dözümlülər,

Bəlkə doqquzuncu, bəlkə onuncu?

Özü də bir zaman belə qorunmuş -

Bir vaxt birinciydi, indi sonuncu...

 

Tufanın yolunu kəsir son halqa.

Bəlkə də onları şaxta vuracaq.

Qurban gedəndə də böyüklər gedir,

Xırda pinqvinlər yaşayır ancaq!..

 

Ad günüm

Bəlkə, min il yaşlı, on min il yaşlı

Sirli bir mahnının ardınca bu gün

Dağlara gəlmişəm yalqız, kimsəsiz

Öz doğum günümü qutlamaq üçün!

  

Ürək oxuyanın işləri müşkül,

Gözlərdə göz alan dərinlik qalmır.

Onsuz da seyrəlir dost məclisləri,

Sözlərdə əvvəlki şirinlik qalmır.

 

Yalqız zirvələrlə verim baş-başa,

Məni onlar atdı burdan həyata.

Görüm ucaların halı necədi,

Dözə bilirlərmi bu gedişata!..

 

Adımı köksünə həkk eləmişdim,

Bilmirəm ağrısı dərindədirmi?

Salam, çinar qardaş, nəğməm darıxır,

Sənin mahnıların yerindədirmi?

 

Əgər yerindəsə, bir ağız oxu,

Ya da sağlıq söylə köklər eşqinə.

Sən də badəyə dön, ay əlçim bulud,

Qaldırım başıma göylər eşqinə!

 

O göl qədəhini qaldır, qoca dağ,

Nuş elə, lap nəfəs kəsəsi olsun.

Mən ömrüm uzunu səni öymüşəm,

Sən də bir ağız de, əvəzi olsun!

 

Bu meşə, bu çəmən, bu budaq, bu yol,

Köhnə dostlarımdı - məclisimdə cəm.

Şəhərin səhəri ayıltdı məni,

Şəkər bulaqlardan keflənəcəyəm!

 

Elə sehr var ki, bu ucalıqda

Ürəyi dəyişər, vaxtı çaşdırar.

Dağlar ad günümə hədiyyə kimi

Ruhumu yenidən cavanlaşdırar.

 

Bir azdan

Dağ başını ağ dumanlar bürüdü,

Ağ qarı da əlçimlənər bir azdan.

Yaylalardan xatirələr yürüdü,

Neçə gözə qəm çilənər bir azdan.

 

Mini keçib, min biri də keçəsi,

Sonu bəlli, gələn bir gün köçəsi,

Bu bulaqdan bir də kimlər içəsi,

Gözlərdə yaş gilələnər bir azdan.

 

Soyuq düşdü, ağla örtdü qaranı,

Vaxtı çatdı, illər kəsdi aranı,

Bir söz ilə sağaltsa da yaranı

Bir söz üstə könlün mələr bir azdan.

 

İllər kimi uzun sürər ayların,

Oxun sınar, kiriş atar yaylarım,

Buz altında səsi batar çayların

Cığır itər, yol çimlənər bir azdan.

 

Bir də gördün ayrılmısan sıradan,

Bir də gördün min il keçib aradan.

Üz-üzəyik bir mən, bir də Yaradan,

Mən susaram, ruhum dinər bir azdan...

 

Yaşamaq üstə

Ayrıcı hardan keçir işıq ilə zülmətin,

Ağ qaradan doğulur, qara enir ağ üstə.

Ocaq külün altında qoruyur nəfəsini,

Kül ölüm kəfənini biçsə də ocaq üstə...

 

Ceviz qarğa ağzından düşəndə ağac olur,

Ayaqdan qalxan çiçək başımızda tac olur,

Kökündən qopmayana gövdəsi əlac olur,

Neçə pöhrə çalışır boy atıb qalxmaq üstə.

 

Toxumu qabıq saxlar torpaqla savaşında,

Sonra cücərib qalxar köhnə qabıq başında,

Qar torpağın yorğanı, qayğısı var qışın da

Tağ meyvədən göyərir, meyvə bitir tağ üstə.

 

Biçin əkindən doğur, əkin başlar biçindən,

Heç varlığın kölgəsi, varlıq yatır heçində,

Günəş atoma bənzər, atom Günəş gücündə

İnsan da dağa dönür, dağ qoyanda dağ üstə...

 

Kədər sevinc cildində, sevinc bəslər ahını,

Qılınc qınını kəsməz, qın saxlar silahını,

Allahın yaşatdığı yaşadar Allahını

Ölmək üçün dirilir, ölür yaşamaq üstə...

 

Məni axtarmayın

Məni axtarmayın beş-on günlüyə,

Gedib kənd-kəsəyi dolaşıb gəlim.

Açılsın yolların yaddaş yumağı

Çöllərin şehinə bulaşıb gəlim.

 

Bəlkə bundan belə məqam düşməyə,

Bəlkə taleyimiz heç görüşməyə,

Yenə Savalanla söhbətləşməyə

Yoxuşlar dırmanım, yal aşıb gəlim.

 

Adlayıb yağışdan, keçim dumandan,

Ruhum soraq tutsun neçə zamandan,

Min ilin atəşi yananda qanda

Acı taleyimlə dalaşıb gəlim.

 

Yenə kəhər atım yollarda qoşa,

Yenə yoxuş yoram, qaya dırmaşam,

Köhnə yurd yerində verib baş-başa

Yüz-yüz xatirəylə ağlaşıb gəlim.

 

Həyat verən köçüb, dayanıb həyat,

Bağlı saxlanmaqdan soluxubdu at,

Baxımsız cəngəllik olub bağ-bağat,

Atamın yerinə çalışıb gəlim.

 

Görüm Şah babamız gənclik çağında

Darıxıb, ayrılıb şah otağından.

O olsun şir-pələng axtarmağında

Mən də Boz Qurdumla ulaşıb gəlim.

 

Qalar

Bir gün torpaq qaçsa ayağım altdan

Dağlarda bir qaya qardaşım qalar.

Adamlar mövsümlə gəlib gedəcək,

Göyərər ot kimi yaddaşım qalar.

 

Mərdləri namərdə calasa zaman

Düşmən meydan açsa iştahında qan,

Olumla, ölümlə gəlsə imtahan

Ya məzarım qalar, ya başım qalar.

 

Keçmişəm min ilin söz sınağından,

Şükür pay almadım el qınağından,

Ürəyim qopanda öz budağından

Mən getsəm, Şirvanlı Adaşım qalar...

 

Bu zaman bizimlə bitəsi deyil,

Bu yollar mənzilə yetəsi deyil

Düşmənlər yox olub itəsi deyil

Bəd niyyət qaldıqca savaşım qalar...

 

Gedir ağlayan da, gedir gülən də.

Kim cavab alacaq sirri biləndən?

Məzarlar başında daşlar öləndə

Yurdun sarayında bir daşım qalar...

 

Son yolum

Göz açıb-yumunca ötüb keçdi yaz,

İldırım həyatı bir anlığadır.

Sevilmək, atılmaq bahar rüzgarı,

Onun da qınağı cavanlığadır.

 

Bir əli böyüdür, bir əli kəsir,

Ruhu azadsa da, iştahı - əsir,

İnsan keçmişini torpaqda gəzir,

Bilmir sabahı da viranlıqdadır.

 

Yaşamaq nağılı - tale oyunu,

İlki doğuldusa gələcək sonu,

Mən işıq söylədim ömrüm uzunu

Yenə də qazancım qaranlığadır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!