"Yuxuların qapısını bağla, O qadın çıxa bilməsin yuxularımdan..." - Şeir - Ümid NƏCCARİ

 

Gecə gecdir, şair,

səhərlər çox erkən.

Getmək deyərkən

qapıları sorğulamağa gəlməz!

Bu divarları köçürə bilməzsən,

özünü keçirə bilməzsən

                        darvazanın darısqallığından.

Düşüncə üçün bir isti yataq sal,

Gecə gecdir, şair!

Gecəyə gücüm çatmır…

 

Hər insan sərinləmək üçün ciblərində 

                        bir azca ağac kölgəsi,

bir azca da qadın barmaqlarını gəzdirir.

Gözləməyin vaxtı deyil,

qadın yağışı yağmayınca küçələrə

Bu saatda kişilər evə dönməzlər…

Yuxuların qapısını bağla,

O qadın çıxa bilməsin yuxularımdan.

 

Şeirim şüar olmadan

Gözlərini götür qarşımdan!

Yazığın gəlsin tabut adamlara,

yazıqdır məzarlardaki qara daşlar.

Arxamca bir piyalə əllərini səp,

darıxacam səndən sonra…

Götür get bu Bakıdan gözlərini!

 

İçərişəhər içimi yeyir gündən-günə,

Dışarı şəhərdə kimsəm yox

                        qağayılardan başqa.

Anam, Təbrizi sənə tapşırmışam!

Səni isə...

Bağışla, Allah tətildədir gecələr...

………….

Əlvida sözündən bir küçə yuxarı,

getmək sözündən bir pillə aşağı

Ölməkdən öncə öp

 ki, günümüz qırmızı olsun!

 

Mən həyatın senzurasıyam.

Hər gün bir söz azalır köksümdə,

Hər gün bir ağac azalır saçlarımda.

Otağıma

qışlar gəlmədən

üşüyər quşların səsi.

Qırışar alnımda bir uşaq taleyi.

Bizim fəsillər bahara şər atır,

baharı işdən qovur.

Bizim fəsillər şairi yorur,

Mənə bir fincan gözlərini süz, qadın!

Qaranlığım çoxalmasın deyə

Mənə bir çaynik səsini dəmlə.

Danışmaq istərəm əllərimi,

Gecələri yatmamağım

Qanadlarımın yoxluğundandır.

Papağınızı qaldırın,

Çadralarınızı soyunun

Rəngli paltarlarınızı utanmadan yandırın!

Bəlkə bir uşağın əlləri isindi…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!