Məni son xatırlayan adam, Məni gözəl xatırla... - Habil RzaNurun şeirləri

Hər kəs öz qucağı boydadır.

Hər kəs öz uşaqlığından balaca.

Hər kəs elə bilir ki, hər şey belə qalacaq...

Adına yaşamaq deyib, ölümü aldadırlar

Məni son xatırlayan adam.

Məni gözəl xatırla,

Eşidirsən, ay adam?!

Mən Tanrının böyüklüyünü qızımın  kiçikliyində gördüm.

Peşmançılıqla düşmənçilik arasında ilişib qalan o fağır şair mənəm.

Nə adam kimi peşman, nə də adam kimi düşman ola bildim.

Adına ölüm deyib, yuxunu aldadırlar.

Məni son xatırlayan adam,

Məni gözəl xatırla...

 

***

İflic adamın göz yaşları qədər çarəsizəm,

Nə əllər kömək edir,

Nə də çiyinlər...

Payız axşamüstüsü,

Yorğun ağacların qorxulu yuxusu kimiyəm.

"Ölmək, yaşayanlara qalib gəlməkdir", - deyir içimdəki qoca.

Sultan Süleymanın Mustafa peşmançılığı var ruhumda.

Hərdən insanları o qədər çox sevirəm ki, insan olduqlarını unuduram.

Hərdən də...

Gözəl sevməsən, sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur, - deyirəm!

Tək qalmaq istəyirəm...

Yolunu azan poçtalyon göyərçin narahatlığı...

Bu gün ovum qanlıdır: ovçu rahatlığı...

Mən nə olmaq istəyirəm?

Tək qalmaq istəyirəm...

 

***

Tapınasan aynalara,

Özündən bir yol keçəsən.

"Necəsən?" deyən olmaya...

Əriyəsən damla-damla, gözündən bir yol keçəsən.

Alnına gözün sataşar.

Alnının tən ortasında,

Tanrı yazı masasında, dərdləri unudub gedib.

Misra-misra hönkürərsən,

Sətir-sətir dərd çəkərsən.

Yavaş-yavaş bu dünyayla öz aranda

Qırış-qırış sədd çəkərsən.

Dən-dən olar qaşın, başın.

Xatirələr çiçəkləyər.

Gözlərinin qarşısında uşaqlığın iməkləyər.

Özün boyda dağ olarsan, çəkməyə ahın tapılmaz.

Bir qohum, yaxın tapılmaz.

Qucaq-qucaq soyuyarsan,

Ocaq-ocaq soyuyarsan.

Paslanar bütün cəftələr, bağlanar bütün qapılar.

Bir də baxıb görərsən ki...

Nə bacın var, nə qardaşın.

Nə getməyə yol tapılar, nə də ki,

Bir yol yoldaşın....

 

***

Noyabr günəşinə aldanıb çiçəkləyən gilas ağacı kimisən.

Adam qıya da bilmir.

Bir də, bəlkə bu yaz dərərlər, - deyə heç vaxt dərilməyən çiçəklər var.

Hansısa dağın hansısa qayasının dibində solanadək gözləyən.

Bir də, şairlər var...

"Heç vaxt bağışlamaram" deyib, şeirlərdə bağışlayan.

Qarğışları varaqların üzünü qara qoyan şairlər.

Bir də sən varsan...

Küləklərin rəsmini çəkən saçlarına and olsun.

Ana duası ilə güləşən düşmən mərmisi kimi əlacsızam.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!